AZ

Dostluq, qardaşlıq və birliyimizin daha bir rəmzi 

Bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında qardaşlıq münasibətlərinin tarixində daha bir əlamətdar səhifə yazıldı. Söhbət Bakıda qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılmasından gedir. “Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq”, - deyə Prezident İlham Əliyev abidənin açılış mərasimində bildirib. 

Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”

Azərbaycan və qırğız xalqları arasında tarixi bağlar mövcuddur. İki xalqın həyat tərzi, məişəti, milli-mənəvi dəyərləri arasında böyük oxşarlıq var. Azərbaycan və Qırğızıstan düz 70 il keçmiş ittifaqın tərkibində bir yerdə olublar. O dövrdə sərt ideoloji-siyasi qadağalar olmasına baxmayaraq, eyni ruhlu mədəniyyət, humanitar sahə Azərbaycanla Qazaxıstanı bir-birinə bağlayırdı. “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa kəlam Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. O, 1995-ci ildə Azərbaycan Prezidenti kimi ilk dəfə dost Qırğızıstana səfər edib və “Manas” dastanının 1000 illik yubiley tədbirlərinə qatılıb. Bütün şüurlu həyatı boyunca Türk xalqlarının birliyinə çalışan Heydər  Əliyev həmin vaxt bu qısa kəlamı ifadə edərək Azərbaycan və qırğız xalqları arasında humanitar-mənəvi bağların sarsılmaz olduğuna diqqət çəkib. Heydər Əliyev bu sözlərlə Qırğızıstan və Azərbaycanın həqiqətən qardaş ölkələr olduğunu nəzərdə tuturdu. 

Humanitar-mədəni əlaqələrin dərinləşməsi hazırda da müxtəlif tədbirlərlə davam etdirilir. Bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir. Əlamətdar haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində dünya şöhrətli yazıçı Çingiz Aytmatovun abidəsi açılıb. 

Bundan əvvəl isə Qırğızıstan Prezidenti postmüharibə mərhələsində bərpa olunan Ağdam rayonunda orta məktəbin tikintisi ilə bağlı təşəbbüs irəli sürüb. Həmin məktəb Qırğızıstanın vəsaiti ilə inşa olunacaq. Bu da qardaş dəstəyidir və xalqlarımızın, dövlətlərimizin, liderlərin bir-birinə səmimi münasibətlərini ifadə edir.

Azərbaycanın böyük dostu

Çingiz Aytmatov dərin istedada, geniş yaradıcılıq təxəyyülünə malik yazıçıdır. O, özündən sonra zəngin irs qoyub. Ç.Aytmatovun qələmindən çıxan “Cəmilə”, “Ağ gəmi” kimi əsərlər həm bədii gözəlliyi, həm də məzmunu və fəlsəfi dərinliyi ilə oxucuya hakim kəsilir. Bu əsərlərin təəssüratlarını uzun müddət unuda bilmirsən, onların personajlarının hiss və həyacanlarını yaşayırsan. Çingiz Aytmatovun milli və bəşəri olmasının sirri də elə bundadır.

Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması bir tərəfdən ölkəmizin, xalqımızın ona dərin ehtiramının təcəssümüdür. Digər tərəfdən, deyə bilərik ki, böyük yazıçı bu haqqı hələ sağlığında ikən qazanıb. O, xalqımızın böyük dostu idi və Azərbaycana dərin rəğbət bəsləyirdi. Çingiz Aytmatovla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev arasında səmimi münasibətlər formalaşmışdı. Qırğızıstan Prezidentinin abidənin açılışında bildirdiyi kimi, onların münasibətləri unikal və dayanıqlı idi. “Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur”, - deyə  Sadır Japarov vurğulayıb.

Bu gün də Azərbaycanda Çingiz Aytmatovun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirlər. Prezidenti İlham Əliyev də həmişə onun şəxsiyyətinə və yaradıcılığına rəğbətlə yanaşıb. Dövlətimizin başçısı 2008-ci il 25 fevral tarixində Çingiz Atmatovun “Dostluq” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb. Prezident İlham Əliyev böyük yazıçını Bakıda təltif etməsini xatırladaraq deyib: “Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır”.

Qeyd edək ki, dünya şöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb. 

M.ABDULLAYEV

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla