AZ

ABŞ-ın “insan haqları” oyunu...

Dövlət Departamentinin bu kimi hesabatları qeyri-ciddi xarakter daşıyır

Azərbaycanın sabit və davamlı inkişafı, dövlət maraqlarına söykənən daxili və xarici siyasət kursu yürütməsi, eləcə də demokratik prinsiplərə sadiqlik nümayiş etdirməsi ölkəmizi yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti qismində çıxış etməsini şərtləndirir. Bölgədə yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı davamlı olaraq həyata keçirilən islahatlar, qanunların yeni, müasir standartlar əsasında hazırlanması, o cümlədən, insan hüquqlarının, söz azadlığının qorunması yönündə atılan addımlar, azad, şəffaf və demokratik seçkilərin keçirilməsi inkişafımızın əsas təməl prinsiplərinə çevrilib. Vurğulanmalıdır ki, ölkəmizdə keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərə qatılan insanlar da yaradılan demokratik ab-havanın yüksək səviyyədə olduğunu etiraf edir, insan hüquq və azadlıqlarının qorunması yönündə Azərbaycanda mühüm işlərin görüldüyünü diqqətə çatdırırlar.

Təəssüf ki, bu faktlar bəzən bir sıra xarici dairələr tərəfindən təhrif olunur və ölkəmizə qarşı açıq ikili standartlar tətbiq edilir. Vurğulandığı kimi, Azərbaycanın yalnız milli mənafeni üstün tutduğu siyasət yürütməsindən narahat olan bu dairələr korporativ maraqlarının əsirinə çevrilir. ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqların dair hesabatı da bu istiqamətdə növbəti “misal” kimi özünü xarakterizə edir.

Təzyiq rıçaqı...

Bu kimi hesabatların bütövlükdə reallığı əks etdirməkdən daha çox, digər ölkələrə təzyiq aləti kimi istifadə olunması həqiqəti heç kimə sirr deyil. Bunun ən real göstəricisi illərlə dünyada işğalçı, təcavüzkar, terroru dəstəkləyən ölkələr kimi adı hallandırılan, əleyhinə qətnamələr qəbul edilən dövlətlərin həmin hesabatlarda müsbət tonda qeyd olunmasıdır. Nəhayət ayrı-ayrı ölkələrə münasibətdə isə bu hesabat “vasitəyə” çevrilirdi - maraqlı faktlardan biri isə, həmin hesabatlarda “yer alan” məsələlərin heç də rəsmi mənbələrdən və ya etibar edilən mənbələrdən alınmamasıdır. ABŞ-ın hər il dünya ölkələrində “insan haqlarına” dair hesabatınının artıq heç kəs tərəfindən ciddi qəbul edilməməsinin əsl səbəblərindən biri məhz budur - çünki onun hazırlanması zamanı 2-ci və 3-cü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir. Və ya həmin ölkələrdəki “beşinci kalon”un yalanları və ya aldıqları direktivlərə əsaslanan “fikirləri” həmin hesabatın “əsas məqamı”na çevrilir. Halbuki, əgər ABŞ həqiqətən də dünyada insan haqları sahəsinə “nəzarət” rolunu üzərinə götürürsə, tamam fərqli yanaşma sərgiləməlidir - sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiələrə deyil, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır. Özünə “maraqlı” olan ölkələrdəki kriminogen, repressiv, qeyri-hüquqi addımları görməzdən gələn ABŞ insan hüquq və azadlıqlarının təmin olunduğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığı dövlətləri bu “silahla” hədəfə alır.

ABŞ-dakı vəziyyət niyə dəyərləndirilmir?

Digər tərəfdən, ABŞ əgər özünə bütün dünyada insan hüquq və azadlıqlarını “təftiş etmək” kimi bir vəzifə “yaradıbsa”, ilk olaraq bu işə elə özündən də başlamalıdır. Nə üçün Dövlət Departamenti ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etmir? Həmin hesabat hazırlanarkən ABŞ-dakı rasizmin, islamfobiyanın, miqrantların hüquqlarının pozulmasının, həbsxanalarda dözülməz şəraitin və digər məsələlərin orada əks olunacağındanmı ehtiyat edir? ABŞ - da hələ də fərqli irqi ayrı-seçkiliyin hökm sürdüyü heç kimə sirr deyil - hər il bu səbəblə çox sayda insan həyatını itirir. Fərqli irqə, rəngə mənsub olduğu üçün insanlara qarşı davranışda tolerant davranılmaması haqda minlərlə sübut və misal var. Eyni mənzərə dini müstəvidə də hökm sürməkdədir - insanların dini inancına qarşı dözülməzlik nümayişi addımbaşı hiss olunur. Belə olan halda, niyə ABŞ özünün bu “məziyyətlərini” gizləyir? Axı, səmimi şəkildə insan hüquqlarının vəziyyətini “araşdıranlar” boylanıb öz sərhədlərinin daxilinə də baxmalıdırlar.

ABŞ-ın pozduğu insan hüquqları...

Əslində, bu gün BMT-nin, dünya dövlətlərinin bir araya gəlib ABŞ-da insan haqlarının vəziyyəti ilə bağlı hesabat hazırlama zərurəti var. Axı, dünyada baş verən insan hüquqlarının pozulması faktlarının bəzilərində elə birbaşa ABŞ-ın ya iştirakı, ya da “təmsilçiliyi” mövcuddur. Amerika özünün “məsuliyyət arealı”na daxil etdiyi bütün coğrafiyalarda insan hüquq və azadlıqlarının pozulması üçün sanki “münbit şərait” yaradıb - həmin regionlarda özbaşınalıq, hətta bəzən hakimiyyətsizlik, siyasi böhran kimi elementlər daha çox “diqqəti” cəlb edir. Eyni zamanda, özünü “dünya jandarmı” kimi təqdim edən ABŞ-ın Qəzza hadisələri barədə susması insan haqlarına zidd deyilmi - İraqda, Əfqanıstanda ABŞ ordusunun cinayətləri, törətdiyi qanunsuzluqlar böyük anlamda insan hüquq və azadlıqlarının kobud pozulması adlanmamalıdırmı?

Beləliklə, “öz gözündəki tiri” görməyən ABŞ-ın digər ölkələrə təzyiq etmək üçün əl atdığı bu kimi “insan hüququ” oyunları artıq açıq karta çevrilib. Dövlət Departamentinin bəyan etdiyi bu “hesabatların” qeyri-ciddi obrazı isə get-gedə rəsmi Vaşinqtonun özünün siyasi imicinə mənfi çalarlar qazandırmaqdadır...

QAİ etiraz bəyanatı yayıb

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair ölkə hesabatları ilə bağlı növbəti bəyanat yayıb. Bəyanatda ABŞ Konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsi adlandırılıb. Bildirilib ki, dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-ın bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur: “ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur”.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-istifadə etməsini, Azərbaycana və azərbaycanlılara qarşı yol verdiyi ayrı-seçkiliyi və qərəzi qınadığını bildirib. İcma ABŞ-ı bir daha Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırıb.

P.SADAYOĞLU

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla