AZ

Azərbaycan millisinin baş məşqçisi: Gələcəkdə qələbə qazanmaq şanslarımız daha çox olacaq

İntensiv məşqlər sayəsində gələcəkdə qələbə qazanmaq şanslarımız daha çox olacaq.

Bunu “Report”a açıqlamasında qılıncoynatma üzrə Azərbaycan milli komandasının baş məşqçisi Çingiz Mustafayev deyib.

Mütəxəssis yeniyetmə və gənc qılıncoynadanlar arasında Səudiyyə Ərəbistanında keçirilən dünya birinciliyində iştirak edən yığmamızın çıxışı barədə danışıb: “Əsas medal ümidlərimizdən biri qılıncoynatmanın sablya növündə mübarizə aparan Zərifə Hüseynova idi. Bildiyiniz kimi, Zərifə ardıcıl 2 il yeniyetmələrin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacarmışdı. Lakin təəssüf ki, o, turnir ərəfəsində xəstələndiyi üçün yarışa qədər formasını tam bərpa edə bilmədi. Bu isə onun çıxışında özünü büruzə verdi. Qrup mərhələsini uğurla adlayan idmançımızın pley-offda da rəqibi güclü idi. ABŞ millisinin bu növdə ikinci ən güclü sablyaçısı, olimpiadaya yollanacaq Nazlımova ilə görüş Zərifə üçün çətin keçdi. Güclü rəqiblə qarşılaşmanın yaratdığı psixoloji təzyiqdən qurtula bilmədi. Buna baxmayaraq, sona kimi mübarizə apardı. Bu həm də onun gənclər arasında ilk sınağı idi”.

Ç.Mustafayev əksər milli üzvlərinin dünya birinciliyində ilk dəfə iştirak etdiyini söyləyib: “Bəzi idmançıların hələ ki təcrübə toplamağa ehtiyacları var. Gənc oğlan sablyaçılarımız komanda yarışında Almaniya yığmasına cəmi 2 xallıq fərqlə (43:45) uduzdu. Bunu ona görə nümunə çəkirəm ki, məğlub olsaq da, hər döyüşdə sona kimi mübarizə apardıq. Lakin bunun üçün bir qədər zamana ehtiyacımız var. Mən onlara inanıram. Şpaqaçılarımız da böyük ümidlər verir, inkişaf edirlər. Biz doğru yoldayıq. Növbəti böyük yarışa komanda olaraq fiziki və psixoloji cəhətdən daha yaxşı formada qatılacağıq”.

Qeyd edək ki, dünya çempionatında çıxış edən 16 idmançımız yarışı medalsız başa vurub.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla