AZ

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdiŞƏRH

Moskva

Bakı, 26 aprel, AZƏRTAC

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və eyni zamanda, Ermənistanın Azərbaycanın 4 kəndini qaytarması Prezident İlham Əliyevin uzun müddət bundan əvvəl elan etdiyi kimi bölgədə yeni şəraitin yaranmasından xəbər verir. Bütün bunların fonunda Ermənistanın xarici himayədarlarına bəslədiyi ümidlər boşa çıxdı və indiki halda onlar Azərbaycanla münasibətlərin normallaşdırılmasını özləri üçün vacib hesab edirlər. Belə bir şəraitdə Cənubi Qafqazda yeni münasibətlər sistemi formalaşmağa başlayır və bu sistemdə şübhəsiz ki, Rusiyanın xüsusi çəkisi var. Son illərdə baş verən proseslərdə Rusiya ilə Azərbaycanın mənafelərinin üst-üstə düşməsi bu iki ölkənin daha yaxından məsləhətləşmələr aparmasını labüd edirdi. Prezident İlham Əliyevin Rusiyaya səfərini məhz bu kontekstdən mühüm əhəmiyyətli səfər kimi qiymətləndirirəm. Rusiyada keçirilən görüşlər və aparılan müzakirələrin Cənubi Qafqaz regionu da daxil olmaqla qlobal məsələlərə həsr olunması Azərbaycanın nüfuzunun son illər daha da artdığını sübut edir. Azərbaycanın nüfuzunun artdığını artıq fransız müəlliflər analitik yazılarında da etiraf etməyə məcbur olublar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.

Bu gün Rusiyanın qarşısında duran problemlərin olduqca böyük olduğunu vurğulayan politoloq qeyd edib: “Rusiya Ukraynada gedən hərbi əməliyyatlarla əlaqədar dünya dövlətləri ilə ciddi qarşıdurma vəziyyətindədir. Hazırda dünya siyasi arenasında Rusiya mövcudluğunun ən ağır dövrünü yaşamaqdadır. Azərbaycan da müstəqilliyinin ilk illərində bu mərhələdən keçib. O zaman Azərbaycan yağı düşmən və onun himayədarları ilə üzbəüz qalmışdı. Qırx dörd günlük Vətən müharibəsində Türkiyədən başqa Azərbaycanın yanında heç kim yox idi. İndi Azərbaycanın Rusiya-Ukrayna qarşıdurmasında Rusiyanın tərəfini saxlaması barədə ortaya atılan iddialar böhtandan başqa bir şey deyil. Azərbaycan balanslı siyasət həyata keçirir.

Azərbaycanı Rusiyanın siyasətinə yardım etməkdə günahlandıranlar başa düşmürlər ki, ölkəmiz artıq Rusiyadan asılı dövlət deyil. Azərbaycan beynəlxalq münasibətlərdə öz sözünü deyən və dediyi sözün arxasında dayanmağı bacaran bir dövlətdir. Moskvadakı görüşlər də Azərbaycanın Rusiya ilə artıq tərəf müqabili, eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi. Qərb dövlətləri həqiqəti nə qədər tez başa düşsələr, bu, onların yürütdüyü siyasətin uğur qazanması üçün faydalı olacaq”.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla