AZ

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

Bakı, 26 aprel, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilir.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın ŞƏT-də sədrliyi çərçivəsində keçirilən görüşdə Hindistan, Çin, İran, Qırğızıstan, Pakistan, Rusiya və Özbəkistanın müdafiə nazirləri iştirak edirlər. Bununla yanaşı, ŞƏT-in baş katibi, təşkilatın Regional antiterror strukturunun İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə naziri də tədbirə dəvət olunublar.

Qeyd edək ki, ŞƏT Qazaxıstan Respublikası, Çin Xalq Respublikası, Qırğızıstan Respublikası tərəfindən imzalanmış hərbi sahədə etimadın yaradılması və sərhəd bölgəsində silahlı qüvvələrin qarşılıqlı ixtisarına dair sazişlər əsasında yaradılıb, 1996 və 1997-ci illərdə müvafiq olaraq Rusiya Federasiyası və Tacikistan Respublikası da ona qoşulub. Bu sazişlərin Asiya məkanı üçün görünməmiş xarakter daşıması ilə əlaqədar onların icrasına ən yüksək səviyyədə nəzarət etmək qərara alınıb. Beş ölkə liderlərinin müntəzəm görüşlərinin mexanizmi “Şanxay beşliyi” adlanırdı.

Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya və Tacikistanın dövlət başçılarının Düşənbə Bəyannaməsində Şanxay beşliyinin müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığın regional strukturuna çevrilməsinin zəruriliyi qeyd edilib. 2000-ci ildə Özbəkistan Respublikası da “beşliyə” daxil olub.

 

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla