AZ

Azərbaycan-Rusiya münasibətləri bu gün dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq dinamik inkişaf edir

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Ulu Öndər Heydər Əliyev siyasətini uğurlu şəkildə davam etdirməsi ilə Azərbaycan-Rusiya münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə ölkə Prezidenti İlham Əliyev Rusiyaya rəsmi və işgüzar səfərlərə yola düşüb, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin bir neçə dəfə Azərbaycana yüksək səviyyəli səfərləri reallaşıb. Bu gün də dövlətlərimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və həmişə maraqlar balansı axtarılır.

Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. 

Belə səfərlərdən biri də aprelin 22-də Moskva şəhərində Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tədbir oldu. Baykal-Amur magistralının 50 illiyinə həsr olunmuş tarixi yığıncaq bəzi məqamlara da aydınlıq gətirdi. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev dəmir yolu sahəsinin veteranları, işçiləri ilə keçirilən maraqlı görüşdə çıxışında Rusiya rəhbərliyinin böyük tarixi şəxsiyyət Heydər Əliyevə ehtiramına görə minnətdarlığını bildirdi, tarixin müxtəlif məqamlarının ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırdığını, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verdiyini, fəaliyyətin 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında davam etdiyini dedi.  Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin görüşdə iştirakından məmnunluğunu bildirib və qeyd edib ki, Heydər  Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan Prezidenti İlham Əliyev isə vurğulayıb: “Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib”.

Heç şübhəsiz, iqtisadiyyatının davamlı inkişafı və rəqabət qabiliyyətini artırılması, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyini güclənməsi və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək. Ölkəmizin iqtisadiyyatına yeni investisiyalar qoyulur və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını hər keçən gün daha da genişləndirir. Dövlətimiz tərəfindən nəqliyyat sektorunun inkişafı ilə bağlı konkret proqramlar reallaşdırılır. Hal-hazırda Azərbaycan xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıq əlaqələri qurur.

Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla