AZ

Strategiyanın doğruluğu

Son illər akademiyada gördüyü işlərlə adından söz etdirən “Sabah” klubu artıq nəticəsini görməyə başlayıb. Payaxt təmsilçisinin U-19 komandası mövsümün sonuna iki tur qalmış çempionluğu rəsmiləşdirib.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda aktivindəki 66 xalla sona iki tur qalmış hər kəsi üstələməyi bacarıb. Bununla bərabər “bayquşlar” keçirdiyi 26 oyunda cəmi 24 qol buraxıb və 102 dəfə rəqib qapılarına yol tapıb. “Sabah” topladığı xallarla yanaşı, bu göstərici ilə də hər kəsdən öndədir. Rəqəmlər çempionun digərlərindən aşkar üstün göründüyünü və nəticənin təsadüfü olmadığını sübut edir. 

Tarixində ilk dəfə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək komandanın bundan sonra məsuliyyəti daha da artacaq. Çünki beynəlxalq yarışlarda forma geyinmək oyunçuların inkişafı ilə yanaşı, Azərbaycan futbolunun təmsili/təbliğatıdır.

Gənclərin çempion olması yalnız nəticəyə yox, diqqətləri həm də klub akademiyasının faəliyyətinə yönəltməlidir. Belə ki, qızıl medallara yiyələnən komandanın 12-13 yaşlarından akademiyada olması, səbrlə bu uşaqların üzərində çalışılması, uşaq futbolunun inkişafı üçün çox vacib sayılan beynəlxalq turnirlərdə iştirak edilməsi və s.

Daha bir vacib məqam isə “Sabah”ın bütün aşağı yaş qruplarından ibarət komandalarının eyni məkanda – “ASK Arena”da məşq etməsidir. Bu, balacadan-böyüyə bütün futbolçulara oyun fəlsəfəsinin, komanda ruhunun aşılanması ilə bərabər, nəzarəti də gücləndirən amillərdəndir. 

İllərdir sadalan bu nüanslar Azərbaycan futbolunun ciddi axsayan tərəfləri idi. Hiss olunur ki, klub rəhbərliyi bütün mütəxəssislərin uzun müddətdir qabartdıqları problemləri göz ardı etmədən, düzgün sistemli nəticəyə köklənib. Özü də sadəcə əsas komandanın yox, klub ola bilmək yolunda böyümək, inkişaf etmək kimi ən vacib nəticəyə.

“Sabah bizik” şüarı ilə yola çıxan “Sabah”ın məqsədinə çatması əslində elə Azərbaycan futbolunun qələbəsi ola bilər. İllərdir boşa verilən, eyni səhvlərin təkrarlandığı sevimli sahəmizdə irəliyə doğru ümidli addımlar görmək sevindiricidir.

Həsən Quluzadə

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla