AZ

Çörək yeyəndə, de, bismillah! -FELYETON

Deyir, qulaq gündə bir xəbər eşitməsə, kar olar. Maşallah, indi də ki, az qalır gündə on xəbər eşidəsən. Elə bu səbəbdən də qulağımızın kar olma ehtimalı sıfıra bərabərdir, bir yana, hələ üstəlik eşitdiyimiz bu xəbərlərdən öyrənməli olduğumuz çox məqamlar da var.

Məsələn, bu günlər müğənni xanımlardan birinin oxuduğu popurinin içərisində çoxsaylı mahnılardan biri də elə bir bənd şeirdən ibarətdir:

Çörək yeyəndə, de, bismillah,

Yedin, qurtardın, de, əlhəmdullah.

Gedib yatanda, deginən, ay Allah,

Sən olmayasan, biz də olmarıq.

Bəh, bəh, bəh... Hələ bu yaşa gəlmişəm, birinci dəfədir, belə gözəl tövsiyə ilə qarşılaşıram. Bu yaşa gəlmişəm, belə avazlı qafiyə ilə rastlaşmamışam. O qədər şairlərin şeirlərini oxumuşuq, əzbərləmişik, dinləmişik, belə təsirlisi olmayıb.

Görəsən, bu bir bəndi hansı şair yazıb, hansı bəstəkar bəstələyib? Adam düşünür ki, bəlkə də bunun gözəlliyi elə gizli olmasındadır. Necə ki, bəzi insanlar hazırda paltar geyinməyə deyil, soyunmağa çalışır, biz də dayanıb-durmadan onları tənqid edirik, hər şeyin gizliliyi gözəldir, deyirik, elə bu bəndin də kimə məxsus olmasının gizli qalması onun gözəlliyidir. Yəni, hələlik öyrənə bilməmişik. Yoxsa kimsə yazıb da bunu, göydən düşməyib ki...

Neçə illərdir, bu dünyada binəyik. Kim indiyədək bizə belə gözəl, dəyərli məsləhətlər verib? Siz məsləhətdəki hikmətə baxın: çörək yeyəndə, de, bismillah, yedin, qurtardın, de, əlhəmdullah. Vallah, bunu fikirləşib tapmağa idrak lazımdır. Həm də gərək Allahı sevən birisi olasan ki, bu qədər gözəl ifadələrlə tövsiyə edə biləsən.

Və yaxud da, gedib yatanda, deginən, ay Allah, sən olmayasan, biz də olmarıq. Bunu necə, kim düşünüb tapa bilərdi? Vallah, sizi bilmirəm, mən bu qədər zənginlik, ümumiyyətlə, şeiriyyətimizə, mədəni mühitimizə gətirilən yenilik qarşısında baş əymək istəyirəm. Lakin qorxuram ki, boynum sınar.

Bu bir-birindən mənalı sözlərlə, musiqi ilə zəngin popurinin sonunda isə, ifaçı qeyd edir ki, bax, belə mahnıları tez-tez oxumaq lazımdır ki, nankor qonşu oğurlamasın, özününküləşdirməsin. Artıq bu fikirləri də dinləyəndən sonra mən elə ucadan çığırıb “əhsən” dedim ki, öz səsim öz başıma düşdü, neçə gündür ki, başımın ağrısından ölürəm.

Halal olsun bizim televiziya kanallarına. Harada yenilik var, tapıb çıxarırlar ortaya. Kişinin uşaqları dayanmır da. Baxın, dinləyin, qiymət verin siz də. Və elə həmin gündən də anlayacaqsınız ki, həqiqətən də yemək yeyəndə “bismillah”, yeyib qurtarandan sonra “əlhəmdullah” demək lazımdır.

Gedib yatanda isə “ay Allah, sən olmayasan, biz də olmarıq” demək mütləqdir. Bugünədək bir müsəlman olaraq bu, hansınızın ağlına gəlib? Başınızı qatmısınız “Tik Tok”da, “Votsap”da, “İnstagram”da, görün, bir nələrdən xəbərsizsiniz.

Əhsən, halal olsun sənə, gözəl müğənni, bəlkə bizi sən dinə-imana gətirəsən, bəlkə bizim mahnıları erməni təzavüzündən sən qoruyasan. Minnətdarıq sənə!

Mətanət Məmmədova

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla