AZ

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

"Azərbaycan çempionatı bu il iştirak etdiyimiz ilk yarış oldu. Yaxşı çıxış etdik. Çətinliyimiz olsa da, öhdəsindən gəldik. Beynəlxalq turnirlərə kimi daxili çempionatlarda qüvvəmizi sınayıb özümüzü daha da təkmilləşdirəcəyik".

AZƏRTAC xəbər verir ki, bu sözləri akrobatika gimnastikası üzrə qarışıq cütlük proqramında çıxış edən milli komandanın üzvü Ağasif Rəhimov 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatının mükafatlandırma mərasimindən sonra deyib.

O, akrobatika idman növünün çətinliklərindən bəhs edib: "Bu növdə elementlər olduqca mürəkkəbdir. Nəinki Azərbaycanda, dünyanın bütün ölkələrində akrobatika ən çətin gimnastika növlərindən biri hesab olunur. Hərəkətlərimiz həddindən artıq çoxdur. Bütün bunlara baxmayaraq, iştirak etdiyimiz mötəbər turnirlərin bir çoxundan qalib kimi ayrılırıq".

26 yaşlı idmançı bildirib ki, qarşıda onları, müvafiq olaraq, Bolqarıstan, Portuqaliya və Polşada keçiriləcək Dünya Kuboku yarışları gözləyir: “Hazırlıq istədiyimiz kimi gedir. Düzdür, çətinlik çoxdur. Çünki dünyanın bir çox ölkəsindən ən güclü gimnastlar Dünya Kubokunda qüvvəsini sınayacaq. Çalışmalıyıq ki, ötən il olduğu kimi, bu dəfə də qızıl medal qazanaq. Rəqiblərimiz bizdən çəkinirlər. Çünki gücümüzdən xəbərdardırlar. Ötənilki çıxışımızı təkrarlamaq niyyətindəyik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq".

A.Rəhimov Dünya Kubokundan sonra sentyabrda Portuqaliyada təşkil olunacaq dünya çempionatına qatılacaqlarını vurğulayıb: “Ötənilki Dünya Kuboku yarışlarından sonra proqramımızı daha da çətinləşdirmişik. Məqsədimiz yeni rekorda imza atmaqdır. Ciddi hazırlaşırıq ki, rahatlıqla qələbə qazanaq və heç kim bizlə rəqabət apara bilməsin. Burada da birinci yer uğrunda mübarizə aparacağıq".

 

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla