AZ

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Xeyrımlı

Qazax, 26 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşündə əldə olunan razılaşma çərçivəsində Qazaxın qaytarılacaq 4 kəndindən biri də Xeyrımlıdır. Bu kənd 1992-ci il martın 8-də ermənilər tərəfindən işğal olunub, insanlar yurdlarından didərgin düşüblər.

AZƏRTAC xəbər verir ki, Xeyrımlı sakinləri kəndlərinin qaytarılacağı xəbərini böyük sevinclə qarşılayıblar.

Xeyrımlı dağlıq ərazidə yerləşir. Əhalisi əkinçilik, heyvandarlıq və tütünçülüklə məşğul olub. İşğala qədər kənddə məktəb, uşaq bağçası, klub, həkim məntəqəsi və mağaza vardı. Sakinlərin evləri ilə bərabər, bu sosial infrastruktur obyektlərinin hamısı düşmən tərəfindən talan edilib, yandırılıb, dağıdılıb. Həmin dövrdə sakinlərdən 10 nəfər yaralanıb, 2 nəfər şəhid olub.

Kənd sakinləri məcburi köçkün düşən gündən rayonun müxtəlif yerlərində məskunlaşmalı olublar. Əksəriyyəti isə o vaxt məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayırlar. Sakinlər bildirirlər ki, 32 ildir kəndlərindən kənarda yaşamaq məcburiyyətində qalıblar. İndi isə sevinclidirlər, Xeyrımlıya qayıdacaqları, orada təsərrüfatlarını quracaqları barədə planlar qururlar.

“Biz işğala qədər tütünçülüklə məşğul idik. Həmçinin üzüm bağlarımız vardı, heyvandarlıqla da məşğul olurduq. Yaxşı qoyun-quzumuz var idi. Ermənilər kəndimizə hücum edəndə canımızı güclə qurtardıq. İndi şükürlər olsun ki, kəndimiz qaytarılır, çox sevinirik. Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik ki, bir güllə belə atılmadan doğma yurdumuza qovuşacağıq”, - deyə Xeyrımlı sakini İlham Abbasov bildirib.

Digər kənd sakini Rəfael Rzayev də evlərinə qayıdacaqları günü gözləyir: “Kəndimizin qaytarılacağını eşidəndə o qədər sevindik ki... Mənim uşaqlarım burada doğulub, heç o kəndi görməyiblər. Amma onlar da çox sevinirlər. Tezliklə kəndimizə getmək istəyirlər. Bu qələbə Prezidentimizin sayəsində oldu”.

Xeyrımlıdan çıxanda 4 yaşı olan Tərxan isə kəndi xatırlamır. Lakin valideynləri həmişə evdə kəndləri haqqında danışıblar. İndiyədək kəndlərini təsəvvüründə canlandıran Tərxan qurduğu xəyalların tezliklə gerçək olacağı günü səbirsizliklə gözləyir. “İllərdir yuxularımda görürdüm, kənd yadımda olmasa da xəyyallarımda canlandırırdım. Çox şükür, razılıq əldə olunub ki, kəndimiz tezliklə qaytarılsın. İndi 36 yaşım var, o kəndə böyük sevinclə qayıdacağam”, – deyə Tərxan Yusibov əlavə edib.

Xeyrımlı sakinləri yenidən kəndə qayıdıb orada özlərinə xoş güzəran quracaqlarına inanırlar. Eləcə də digər 3 kəndin sakinləri də bu gün ata yurdlarının qaytarılması sevincini yaşayırlar.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla