AZ

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

Keçmiş

Bakı, 26 aprel, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Tədbirdə Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpaolunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, həmçinin komitənin fəaliyyətində səmərəliliyin təmin edilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli istifadəsi müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

İclasda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla