AZ

"Beşiktaş", "Qarabağ" və Qurban Qurbanov üçün də xeyirlisi nədir?

Son aylar Qurban Qurbanov ətrafında ən çox müzakirə edilən məsələ onun adının "Beşiktaş"la hallanmasıdır.

Bəli, "qara qartallar" böyük tarixi olan klubdur. Heyəti, büdcəsi, imkanları daha genişdir. 70 milyonluq ölkəni təmsil edir və.s.

Amma onu da dəqiq bilirik ki, Qurbanov üçün "Beşiktaş" yaxşı seçim deyil.

Türkiyə futbolunu az-çox izləyənlər yaxşı bilir ki, qardaş ölkədə futbolunda futboldan başqa hər şey var.

İnfrastruktur yerində, ulduz futbolçular biri gəlir, o biri gedir. Klubların büdcəsi yetəri qədər genişdir. Maaşlar yüksək, tribunlar azarkeşlə dolu, reklam şirkətləri növbəyə düzülüb.

Amma futbol üçün önəmli olan bir nömrəli məsələ sistemin olmasıdır.

Türkiyədə isə həmin sistem yoxdur. Futbola baxış bucağı, inkişaf üçün seçilən yol, təfəkkür yalnışdır.

Hər şeyi pulla həll edəcəklərini düşünürlər.

Axırda da heç nə əldə etmirlər.

Əbəs deyil ki, hələ də 24 il əvvəl Uefa Kubokunda qazanılan zəfərin xiffəti ilə yaşayırlar. Halbuki imkanlar ən azı 5-6 ildən bir o kuboku ölkəyə gətirməyə yetərlidir.

Qurban Qurbanov isə sistem adamıdır. Bugünkü "Qarabağ"dakı uğur səncirinin bir halqası 16 il əvvələ gedib çıxır. Təcrübəli mütəxəssis bu gün də həmin halqanı özü ilə daşıyır. Bu məqamda həm də bir sədaqət ruhu yatır. Dünənə sədaqət.

Qurbanov sabahı dünənlə yaşayaraq qurur. Zərrə-zərrə inkişafa gedir. Türkiyə klubları isə bu günlə yaşayan adamların himayəsindədir.

Və onun xarakterinə, iş prinsiplərinə yaxından-uzaqdan əlaqəsi olmaya bir klubdan çıxan söz-söhbəti hər fürsətdə gündəmdə saxlamaqla nə "Qarabağ"a yaxşılıq edirik, nə də Qurbanova.

Qurbanov olmaq istədiyi yerdədir. "Qarabağ" da istədiyi baş məşqçiyə sahibdir. İstanbul nəhənginin axtardığı adam isə dəqiq Qurban Qurbanov deyil. Yuxarıdakı yanaşmalar belə düşünməyə ciddi əsas verir.

Ona görə söhbətin üzərindən keçib, unudulmasına yol açsaq daha faydalı olar. Elə "Beşiktaş", "Qarabağ" və Qurbanov üçün də xeyirlisi budur.

XANOĞLAN İMANOV

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla