AZ

TFF seçkinin tarixini dəyişməkdən imtina etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Futbol Federasiyasında bu yay növbədənkənar prezident seçkisi baş tutacaq.

“Football-plus.az” xəbər verir ki, amma seçkinin tarixi ilə bağlı ciddi fikir ayrılığı var. Federasiya seçkinin iyulun 18-də baş tutacağını açıqlayıb. Klublar Birliyi (KB) və klub rəsmiləri bu tarixlə razılaşmaq istəmir. Onların fikrincə, başqan Mehmet Büyükekşi vəzifəsində qalmaq üçün qəsdən seçkini həmin tarixə salıb. Çünki həmin vaxta qədər artıq Avropa çempionatı başa çatacaq. Türkiyə yığması o turnirdə uğurlu çıxış etsə, Büyüyekşinin yenidən namizədliyini irəli sürərək daha bir dönəm üçün vəzifədə qalmaq şansları artacaq. Klublar seçkinin qitə turnirindən öncə baş tutmasını tələb edir. Hətta buna görə aprelin 19-da KB tərəfindən TFF-yə yönəlmiş 6 maddəlik geniş bir bəyanat yayıldı.

Bu arada bazar ertəsi KB tərəfindən qurulan 3 nəfərlik xüsusi heyət TFF-nin Rivadakı iqamətgahına yollanaraq Büyükekşi ilə görüşdü. Həmin xüsusi heyətə “Qalatasaray” başqanı Dursun Özbək başçılıq etdi. Çünki klublar tərəfindən seçkinin tarixinin dəyişdirilməsi üçün imza toplanarkən məhz Özbək yaranmış problemi danışıqlar yolu ilə həll etməyin tərəfdarı idi. Özbəkdən başqa heyətə “Kasımpaşa” prezidenti Fatih Saraçla “Samsunspor” prezidenti Yüksəl Yıldırım daxil edildi. Amma toplantı sözün əsl mənasında fiasko ilə nəticələndi! Çox gərgin məcrada keçən toplantının ilk dəqiqələrində KB-ni təmsil edən heyət Büyükekşiyə növbəti dəfə seçkinin irəli bir tarixə keçirilməsinin vacibliyini və səbəblərini anlatmağa çalışdı. Heyət 18 iyul tarixininin KB tərəfindən qəbul edilmədiyini bildirdi və müzakirə yolu ilə bu problemin həll olunmasını istədi. Bu açıqlamalardan sonra söz Büyükekşiyə verildi. TFF başqanı əvvəlcə indiyə qədər bu vəzifədə gördüyü işlərdən danışdı. Sonra iyulun 18-ni AÇ-dən sonrakı ən yaxın tarix olduğuna görə seçdiklərini bildirdi. Ən əsası Büyükekşi KB-nin aprelin 19-dakı bəyanatından sonra federasiyanın idarə heyəti tərəfindən təcili toplantı keçirildiyini və seçkinin tarixini müzakirəyə birdəfəlik bağladıqlarını əlavə etdi. Büyüyekşi bu sözlərin ardından ayağa qalxaraq qapıya tərəf yönəldi və 20 dəqiqə tamam olmamış toplantını tərk etdi! Klub prezidentlərindən birinin “həmin bəyanat olmasaydı, seçkinin tarixini irəli çəkəcəkdizmi” sualına “bəli” cavabını verən Büyüyekşi “nə qədər irəli çəkəcəkdiz” sualıni isə cavabsız qoydu. Bu azmış kimi, “seçkilərdə namizəd olacaqsızmı” sualına isə “bu, indinin mövzusu deyil” cavabını verməklə kifayətləndi. Federasiya prezidenti bu addımı ilə klublara bir növ “seçki tarixini dəyişən deyiləm, gedin, nə istəyirsiz, edin” mesajını vermiş oldu. Onun toplantını erkən tərk etməsi “Kasımpaşa” və “Samsunspor” prezidentləri tərəfindən hörmətsizlik kimi qiymətləndirildi. Onlar TFF-nin binasını jurnalistlərə açıqlamalar vermədən tərk etdilər. Dursun Özbək isə maşınına əyləşmədən öncə həmkarlarımızın qarşısına çıaxaraq bunları dedi:
“Biz istədik ki, imza toplamaqdansa, KB adından bir heyət quraraq federasiya ilə görüşək. Çünki imza toplama prosesi klublar arasında bölünməyə səbəb olur. Bunun nə Birliyə, nə də Türkiyə futboluna faydası olacaq. 3 nəfərlik bir heyət quraraq TFF ilə görüşdük. Amma görüş istəmədiyimiz məcrada keçdi. Federasiya bizə KB-nin yaydığı bəyanatın yanlış olduğunu bildirməyə çalışdı. Əslində həmin bəyanatdan yalnız 3 superliqa klubunun xəbəri var idi. Digərlərinin icazəsi alınmamışdı. Mən də razıyam ki, həmin bəyanat yersiz idi. Məhz onun üzündən danışıqlar bəhrə vermədi. TFF-nin seçkinin tarixini dəyişmək niyyətinin olmadığını gördük. Biz “Qalatasaray” olaraq, seçkinin tarixinin dəyişməsi üçün imza verməyi düşünmürük! Guya imza versək, nə dəyişəcək? İmza toplansa belə, uzağı seçki həmin tarixdən bir həftə əvvələ çəkiləcək. Halbuki KB-nin bəyanatı olmasaydı, biz TFF ilə anlaşıb seçkini iyunun əvvəllərinə sala bilərdik. Nəticə etibarilə imza toplansa da, toplanmasa da, heç nə dəyişməyəcək. Başqa sözlə desək, TFF ilə keçirdiyimiz toplantı məqsədinə çatmadı. İyulun 18-nə qədər təxminən 3 ay vaxt var. Ümid edirəm ki, yeni və ciddi namizədlər ortaya çıxacaq. Nə qədər çox namizəd olsa, bir o qədər yaxşıdı. KB olaraq öz aramızda toplanıb seçkiyə qədər nələr edə biləcəyimizə qərar verəcəyik”.
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla