AZ

“Krilya Sovetov”a görə “Kəpəz”in haqqı yeyildi”

Rusiyanın “Sport-Ekspress” nəşri “Spartak”da çalışmış Valeri Jilyayevin ölümündən sonra vaxtilə özündən alınan müsahibəni bir neçə gün əvvəl yenidən dərc etdi.

Qəzetimizin 18 aprel sayında dərc olunan “Kəpəz” Mostovoyu necə ağladıb?” sərlövhəli yazıyla tanışsız. SSRİ çempionatının 1986 mövsümündə “Kəpəz”in 1-ci dəstəyə yüksəlmək uğrunda mübarizəsi yenidən gündəmə gəldi. Bilindiyi kimi, o vaxt 2-ci dəstədə 9-cu zonanın (burda Azərbaycan, Ermənistan, Gürcüstan və Türkmənistan komandaları yer almışdı) qalibi olan “Kəpəz” “Krasnaya Presnya” və “Krılya Sovetov” ilə ikidövrəli turnirə çıxdı. “Kəpəz” “Krasnaya Presnya”ya evdə qalib gəlsə də, səfərdə biabırçı hesabla uduzdu – 2:9. “Krılya Sovetov”la oyuna gəlincə, gəncəlilər evdə qolsuz “sülh”ə razılaşmış, səfərdə uduzmuşdu – 1:2. Belədə məhz “Krılya Sovetov” 1-ci liqaya yüksəlmişdi.
Yada salaq ki, “Kəpəz” - “Krasnaya Presnya” matçında yeganə qolun müəllifi Asif Əliyevdi. Görəsən, o, həmin tarixi oyunları necə xatırlayır? Jilyayevin hakimliklə bağlı iddialarıyla razılaşırmı? Düzdü, Asif bəyə müraciət etməkdə məqsəd məhz bu suallara cavab tapmaq idi. Lakin fürsət düşmüşkən, başqa mövzulara da toxunduq.
– Asif müəllim, çox güman, SSRİ çempionatının 1986 mövsümünü – keçid oyunlarını unutmamısız. Hər halda, həmin mövsüm “Kəpəz”in tarixində silinməz iz qoyub... 1-ci dəstəyə yüksəlmək şansı, 2:9 hesablı məğlubiyyət...
– Bəli, çox yaxşı xatırlayıram... Eh, o qədər belə hadisələr baş verib ki... O vaxt qələbəyə 2 xal verilirdi. Rəhmətlik Sergey Kramarenkonun rəhbərliyi altında meydana çıxırdıq. Həmin mövsüm böyük çətinliklərlə üzləşdik. “Krasnaya Presnya” ilə oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyun Gəncədə keçirildi və 1:0 hesabıyla qalib gəldik. Bundan sonra Moskvadan xəbər göndərildi ki, boş yerə əziyyət çəkməyin, 1-ci dəstəyə “Krilya Sovetov” yüksələcək. Həmin vaxt o komandanın təmsil etdiyi Kuybışev (indiki Samara) şəhərinin 400 illiyi idi. SSRİ dönəmi olduğu üçün əlimizdən bir şey gəlmədi, necə istədilərsə, elə də etdilər. Rusiyadakı oyunlara müdaxilə edə bilmədik. Artıq qərar verilmişdi. Bizimkilər həmin ölkəyə yollanıb matçların ədalətli idarə olunmasını tələb etdi. Hətta dedilər ki, nə qədər lazımdısa pul verək, amma haqqımıza girməyin... Orda elə meydançalarda çıxış etdik ki... Qazon yox, buzun üstündə qaçırdıq. Elə yerdə futbol oynamaq olar?! Həmin dövrdə Gəncənin raykom katibi Cümşüd müəllim də bizə dəstək çıxmışdı. Allah ona rəhmət etsin. Həmişə “Kəpəz”in uğur qazanması üçün kömək edirdi. Komandamızda yaxşı futbolçular var idi. Daha yaxşı nəticələr qazana biləcəyimizə inanırdıq. Təəssüf ki, icazə vermədilər. Sırf Kuybışevin yubileyi idi deyə, əziyyətimizin üstündən xətt çəkildi. Jilyayevin fikirlərinə gəlincə, həmin oyunlar üçün elə hakimləri təyin etdilər ki... İstəsək də, qələbə qazana bilməzdik. Ümumiyyətlə, həmin mövsüm “Krilya Sovetov”a görə “Kəpəz”in haqqı yeyildi.

– Bugünə qayıdaq. Həmin dövrün həyəcanı indi niyə yoxdu? Tribunalar boşdusa, meydanlarda da ciddi rəqabət müşahidə edilmir. Nə millimizin dərdinə çarə tapılır, nə də “Qarabağ”ın hegemonluğuna son qoyacaq rəqib...
– Həmin həyəcan, rəqabət mühiti artıq geridə qaldı. O vaxt komandalarda daha keyfiyyətli futbolçular çıxış edirdi. Azarkeşlər tribunaları doldururdu. Maraqlı derbilər müşahidə edirdik. İndi “Qarabağ” o qədər güclüdü ki, prinsipial rəqib anlayışı yox olmaq üzrədi. Bu problemlərin nə vaxt aradan qaldırılacağını bilmirəm. Düzü, üfüqdə işıq görünmür. Yığmamız çətinliklə heç-heçə edir, ya da minimalhesablı qələbə qazanır. Şəxsən mənim ümidim yoxdu.

– AFFA rəhbərliyində dəyişikliklər oldu axı. Bu üzdən ümidli olanlar var.
– Görək də... Hər birini təbrik edir, uğurlar arzulayıram. Bizim istəyimiz nədi? Futbolumuz inkişaf etsin, millimiz böyük uğurlar qazansın, çempionatımızda rəqabət olsun. Azarkeşlər tribunlara gəlməyə həvəsli olsun. Əvvəl futbolsevərlər oyun vaxtına qədər gün sayırdı.

– Sizi bəzən aşağı liqaların, bəzən də elitanın matçlarında görürük. Təhlilləriniz nə deyir? Problemlərin kökü nədə gizlənir?
– Düzdü, sağ olsunlar, əsasən, 1-ci, 2-ci liqaya, bəzən də premyer-liqaya təyinat alıram. Yalan deməyəcəm, ayaqlarım protezdi. Açıq ürək əməliyyatı keçirmişəm. Məni tanıyanlar bilir ki, illərimi “Neftçi”yə qurban vermişəm. Sözün əsl mənasında can qoymuşam. Bu gün o klubun durumu məni yandırır. Səməd Qurbanov, Elbrus Abbasov, Rəşid Özbəyov, Arif Orucov, Əli Rəhmanov, Tofiq Abbasov kimi futbolçularla birgə oynamışam. Həmin klub gör nə gündədi?! Belə “Neftçi” olar?! Əşi, belə çempionat olar?Əvvəl komandalar çempion olmaq üçün bir-birini “qırırdı”. İndi “Qarabağ” ikinci pillədəki komandadan neçə xal qabaqdadı... “Sumqayıt”, “Sabah”, “Zirə” kimi komandaların oyununu bəyənmirəm. Mənə elə gəlir ki, müvəqqəti yüksəlişdə olan klublardı.

– Asif müəllim, kuluarlarda premyer-liqada komanda sayının artacağıyla bağlı söz-söhbət gəzir. Ölkə futbolu buna hazırdımı?
– Artsın. Xüsusilə bölgələrdəki komandalar premyer-liqada olmalıdı. Bütün klublar Bakıya yığışıb. Bu nədi belə?! Belə şey olar?! Hətta komanda sayı 14 olsun. Qurban Qurbanov düz deyir. Eyni komandalar mövsüm ərzində dəfələrlə qarşılaşdığına görə çempionata maraq azdı. Görünür, nəinki futbolçuların, azarkeşlərin də belə durumdan zəhləsi gedir.

– Bəs “Qəbələ”nin premyer-liqanı tərk etməyəcəyiylə bağlı yayılan iddiaları necə dəyərləndirirsiz? Bu baş versə, ötən mövsüm 1-ci liqaya düşən “Şamaxı”ya, cari “futbol ili”ndə premyer-liqada qalmaq üçün əlindən gələni edən “Kəpəz”ə haqsızlıq olmazmı?
– İstəyərəm ki, “Qəbələ” aşağı düşməsin. Amma bu, ədalətli şəkildə olmalıdı. Mövsümün sonunda 1-ci liqada üçüncü pillədə qərarlaşacaq komandayla pley-off oynayacağını deyirlər. Doğru xəbərdisə, düzgün qərardı. Bu klubun keyfiyyətli insfrastrukturu, bazası var. Belə sərvətləri itirməməliyik.

– Sonuncu sualım avrokuboklar uğrunda mübarizə haqda olacaq. Rəqabətin yoxluğundan şikayətlənsək də, hazırda bu yerlərə 6 komanda iddialıdı. Sizcə, hansılar daha şanslıdı?
– Çox istəyərdim ki, bölgə təmsilçiləri bu sıralarda qərarlaşsın. Təəssüf ki, indi durum belə deyil. Onu deyə bilərəm ki, bu gedişlə “Neftçi” avrokuboklara yollana bilməyəcək. Belə bacarıqsız legionerlərlə işi çətindi. Başqa komandalar isə daha şanslı görünür. “Sumqayıt”, “Zirə”, “Sabah”... Yəqin ki, bu klublar olacaq.

KƏNAN BAHADIR

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla