AZ

“Faktiki Maks indi tarix yazır”

Xəbər verdiyimiz kimi, “Formula-1” üzrə dünya çempionatının həftəsonu keçirilən Çin mərhələsi də “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.
“Football-plus.az” xəbər verir ki, bu komandanın rəhbəri Kristian Horner yarışın ardından jurnalistlərin bəzi suallarını cavablayıb.

- Maks bu həftəsonu da yarışın axarına tam nəzarət etdi. Razılaşırsızmı ki, komandada belə çaplı pilotun olması möhtəşəmdi. Xüsusən də o, əla fiziki formada və rəqibləri üçün əlçatmaz olanda...
- Bəli, Maks həftəsonu boyunca əla fiziki forma nümayiş etdirdi, ancaq komanda da möhtəşəm çalışır. Maks sprint mərhələsini qazandı, pilotlarımız təsnifat mərhələsinin sonucunda ilk pillələri tutdu, həlledici mərhələdə də 1-ci və 3-cü oldular. Düzdü, təhlükəsizlik avtomobili ilə bağlı bir qədər bəxtimiz gətirmədi, ancaq Serxio Peresdə bəzən belə olur. Maks isə sadəcə, başqa planetin adamıdı!

- “Red Bull”un pilotlarını bir-biri ilə müqayisə etmək istəmirəm, gəlin Ferstappeni çempionatın bütün başqa iştirakçılarıyla müqayisə edək. Belə görünür ki, o, dövrələri hər kəsdən sürətli qət etməyə qadirdi. Bunu necə bacarır?
- Ümumiyyətlə, onun üstünlüyü fərqli ola bilər, bu trassdan asılıdı, ancaq Maks maşını o qədər yaxşı hiss edir ki, istənilən şəraitdə əla nəticələr göstərə bilir. Bundan başqa, Maks öz gücünə tam əmindi. Təkərlə necə işləməli olduğunu, nə vaxt hücuma keçəcəyini, nə vaxt gücünü qoruyacağını yaxşı anlayır. Yarışın gediçində strateji cəhətdən düşünür, deyərdim ki, bacarıqları adi insanın bacarıqlarından bir qədər yüksəyə qalxır. Bu üzdən onunla çalışmaq adama məmnunluq bəxş edir. Faktiki Maks indi tarix yazır!

- Hər halda, Serxio Peres haqda soruşmaq istəyirəm. Mərhələnin əvvəlində “Ferrari” və Lando Norris ilə müqayisədə sürətli gedirdi, ancaq məsafənin sonunda bir qədər geri düşdü. Hərçənd belə görünürdü ki, Lekleri belə asanlıqla arxada qoydusa, “Maklaren”in pilotunu da eyni şəkildə arxada qoyub 2-ci yeri tutmalıydı. Ancaq hansısa səbəbdən Norrisin arxasında ləngidi...
- Yarış ərəfəsində biz yetərincə aqressiv iki pit-stop sxeminə arxalanıb məsafəni qət edəcəyimizə bel bağlayırdıq. Ancaq təhlükəsizlik avtomobili ən uğursuz məqamda trassda peyda oldu. Xüsusən də Serxio Peres üçün. Ardından yenidən boksa yollanmalı olduq – faktiki taktikamızı “Ferrari” ilə “Maklaren”in taktikasına yaxınlaşdırmaq üçün. Bu üzdən Peres Şarl Leklerlə Lando Norrisdən geri düşdü, Lekleri arxada qoymaq üçün xeyli vaxta ehtiyac duydu, maşınının təkərləri artıq yetərincə çox yeyilmişdi. Bundan sonra “Maklaren”ə çatmaq artıq çətin idi, bir halda ki, Norris də əla temp yaxalamışdı.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla