AZ

“Bundan sonra 1000 il də oynamağa hazıram”

Cəmi bir il öncə bu futbolçunu elə də çox adam tanımırdı.

Hətta vətəni İspaniyada da nadir hallarda kimsə ona yaxınlaşıb imza istəyirdi. Amma son aylarda hər şey dəyişib. “Bayer-04”də xarüqələr yaradan, kluba tarixinin ilk çempionluğunu qazandıran Xabi Alonso bu futbolçunun da həyatını və karyerasını dəyişdi. Söhbət Aleks Qrimaldodan gedir. Cəmi 171 sm boya malik olan və “Valensiya”, eləcə də “Barselona”nın akademiyasını keçən bu futbolçu populyarlığının zirvəsinə məhz bu mövsüm yüksəldi. Sol müdafiəçi olan 28 yaşlı futbolçu bu mövsüm leverkuzenlilərin heyətində 43 rəsmi oyunda 11 qol, 15 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyib! Bu üzdən o artıq İspaniya yığmasına da dəvət alır. Qrimaldo bugünlərdə “Esquire” jurnalın ispandilli versiyasına həyatı, karyerası və başqa məqamlar barədə geniş müsahibə verib.

- Futbola yarımmüdafiəçi kimi başlamışdız. Hansı məqamda müdafiəçiyə çevrildiz?
- “Valensiya”dan “Barselona”ya keçəndən sonra. Orda məni dərhal cinah müdafiəçisi kimi oynatdılar. Bu mövqe məni qorxutmurdu. Sadəcə, oynamaq istəyirdim. “Barsa” elə sistemlə oynayırdı ki, topa daimnəzarət edirdik. Yəni müdafiəçi olsam da, tez-tez topa təmas edirdim. Ona görə də problem yaranmırdı.

- “Valensiya”dan “Barselona”ya yollananda cəmi 12 yaşınız var idi. Bu yaşda uşaq üçün bu, çox ciddi bir dəyişiklikdi. Bunun öhdəsindən necə gəldiz? Valideynlərinizin reaksiyası necə oldu?

- Düzünü desəm, çox çətin oldu. Hərçənd valideynlərim ilk dəfə mənə belə fürsət gəldiyini dedikdə dərhal razı oldum. Çünki bu cür böyük klubda oynamaq şansım yaranmışdı. Amma 12 yaşa qədər yalnız valideynləri ilə yaşamış bir uşaq üçün yeni mühitə düşmək, öz həmyaşıdları ilə birlikdə yaşamağa başlamaq çətinlik yaradırdı. Hətta indiyə qədər də ailəmizdə həmin dönəm barədə söhbət düşəndə valideynlərim mənə görə təəssüflənir. Baxmayaraq ki, artıq futbolda kifayət qədər uğur qazanmışam.

- “La Masiya”da işlər necə qurulmuşdu? Başqa uşaqlarla eyni otaqda qalırdız?
- Mənim dövrümdə “La Masiya” hələ yenilənməmişdi. “Nou Kamp”ın düz qarşısındakı köhnə bazada qalırdıq. İlk iki ildə 8 nəfər bir otaqda yaşadıq. Hamımız, demək olar, eyni yaşda idik. Yeniyetməlik dövrünə çatandan sonra orda başqa bazaya keçirsən. Mənim qaldığım otaqda çoxlu kamerunlu var idi. Onlar başqa dildə danışa bilmirdilər. Ona görə də aramızda ünsiyyət yox səviyyəsində idi. Amma insan olaraq çox yaxşı idilər. Bu da işimi asanlaşdırırdı. Onlardan bəziləri ilə indiyə qədər də ünsiyyətim var.

- 2011/12-də “Barselona B”də debüt etdiz. Növbəti mövsüm daha çox oynamağa başladız. Amma 2013-ün fevralında cəmi 17 yaşında dizinizdən ciddi zədə aldız. Tək-tənha bunun öhdəsindən necə gəldiz?
- Əvvəlcə bu mənim üçün şok oldu. Çox ciddi psixoloji zərbə aldım. Çünki “Barselona B”nin tarixində ən gənc yaşda debüt edən futbolçu idim. Bəzən əsas komanda ilə də də məşq edirdim. İspaniyanın aşağı yaş qruplarından ibarət yığmalarına da daim dəvət alırdım. Amma bir andaca bunların hamısı məhv oldu. Faktiki bir ilimi itirdim. İlk dəfə məhz həmin vaxt futbolun sərt üzünü gördüm. Yəni ya yaxşısan və hamı səni tərifləyir, ya da heç kimə lazım olmursan və gözdən itirsən. Hər nə qədər böyük bir şok yaşasam da, bu hadisənin müsbət tərəfləri də oldu. Bu zədə mənə özümə dəyər verməyi, üzərimdə durmadan çalışmağı öyrətdi və ən əsası psixoloji cəhətdən məni daha güclü etdi. Bugünkü futbolçuya çevrilməyimdə həmin zədənin böyük rolu oldu.

- 20 yaşınız olanda gözlənilmədən “Benfika”ya yollandız. Fanatlar indiyə qədər də belə futbolçunun necə əldən çıxdığını anlamır. Nə üçün “Barsa”da qalmadız?
- Bu addımı atmağa məcbur idim. Reallıq belə idi ki, “Barsa” mənim xidmətimə ehtiyac duymurdu. Müqaviləmin bitməsinə cəmi 6 ay qalmışdı. Əsas komandaya keçsəydim, müqaviləm avtomatik yenilənəcəkdi. “Barsa B”də 4-5 il keçirdikdən sonra artıq irəli boylanmağın zamanı idi. Onları günahlandırmaq istəmirəm. Gözəl başa düşürəm ki, həmin vaxt sol cinahda Xordi Alba var idi və heyətə düşmək mümkünsüz idi. Ona görə də ayrılmalı oldum.

- Nə üçün məhz “Benfika”nı seçdiz?
- La Liqa klublarından təkliflər var idi. Amma “Benfika”nın bəzi üstünlükləri var idi. Birincisi, komanda Çempionlar Liqasında oynayırdı. Bundan başqa, orda bir çox futbolçu səviyyəsini artıraraq daha böyük klublara yollanırdı. Dəfələrlə bunun şahidi olmuşdum. Ona görə də inkişafım üçün bunun ən doğru addım olacağını düşündüm. Peşman olmadım. Orda hər şey mənim üçün yaxşı keçdi.

- Orda 7,5 il ərzində 303 oyun keçirdiz. Klub tarixində ən çox oyun keçirənlər arasında hansı pillədə olduğunuzu bilirsiz?
- Xeyr, dəqiq məlumatım yoxdu.

- 7-ci pillədəsiz. Daha bir il qalsaydız, hətta ilk “3-lüy”ə də daxil olardız...
- Hələ gəncəm. Kim bilir, bəlkə nə vaxtsa yenidən ora qayıtdım (gülür).

- Portuqaliya İspaniyaya qonşu ölkədi. Üstəlik “Benfika”da həmişə cənubi amerikalıların sayı çox olub. Yəqin ki, uyğunlaşma ilə bağlı problem yaşamadız.
- Xeyr, heç bir problem yaşamadım. Yeganə çətinlik onda oldu ki, mən mövsümün ortasında gəldim. Komanda artıq formalaşmışdı. Üstəlik ora “Barselona B”dən, yəni aşağı liqadan gəlmişdim. Amma ailəmin və komanda yoldaşlarımın sayəsində çox tez uyğunlaşdım. İlk aylarda az oynasam da, sonradan həre şey yoluna düşdü.

- “Benfika”nın ulduzlarından biri ola-ola, İspaniyaya gələrkən sizi az adam tanıyırdı. Hansı hissləri keçirirdiz?
- Qəribə hisslər keçirirdim (gülür). Çünki öz vətənimdə özümü yad insan kimi hiss edirdim. İspaniyada insanlar əsasən Liqa-1-də oynayanları tanıyır və onlara maraq göstərirlər. Ona görə də bu zonadan çıxdınsa, bir qədər “radardan itirsən”.

- Portuqalca yaxşı danışırsız. Bəs alman dilini öyrənmisiz?
- Xeyr, alman dilini hələ heç öyrənməyə başlamamışam (gülür). Hələ ki dostumla birlikdə ingilis dili kurslarına gedirəm.

- Necə oldu ki, ötən yay Lissabonu tərk etmək qərarına gəldiz? “Benfika”nın ulduzlarından biri idiz...
- 2022/23 mənim üçün mükəmməl alındı. Etiraf edim ki, müqaviləni yeniləməyin əleyhinə deyildim. Elə “Benfika” da qalmağımı istəyirdi. Amma maddi cəhətdən anlaşa bilmədik. Onlar əvvəlki maaş çərçivəsindən çıxmaq istəmədilər. Mən isə düşünürdüm ki, daha çox qazanmağa layiqəm. Danışıqlar zamanı bu problemin həllinin mümkün görünmədiyini hiss etdim və başqa təklifləri nəzərdən keçirməyə başladım. La Liqa, premyer-liqa, Liqa-1 və bundesliqadan çox təklif var idi.

- Bəs nə vaxt “Bayer-04”ə keçməyə qərar verdiz?
- Xabi Alonso ilk dəfə mənə zəng vurandan sonra. Məhz həmin an beynimdə özüm üçün qərar verdim. Alonso mənə 2-3 dəfə zəng vurdu. Söhbətimiz maraqlı alınırdı. Bir futbolçu üçün yeni kluba keçərkən məşqçinin ona inandığını bilmək çox vacibdi. Bu, futbolçunun özünəinamını artırır. Onların layihəsini bəyəndim və dərhal razılığa gəldik.

- Bu mövsüm, sadəcə, inanılmaz alındı. “Bayer-04” bütün Avropanın gündəmindədi. Komandanın sirri nədədi?
- İki mühüm amil var. Birincisi, heyət güclü və genişdi. Komanda ötən yay həqiqətən də transfer bazarında mühüm işlər gördü və yeni gələnlər səviyyəni bir xeyli artırdı. Rotasiya etdikdə bu səviyyə heç də aşağı düşmür. İkinci vacib məqam Xabi Alonsonun bacarığı və keyfiyyətləridi. O, paltardəyişmə otağına çox gözəl nəzarət edir və futbolçudan maksimum performans almağı bacarır. Bir komandada yüksək səviyyəli 15-16 futbolçu varsa, istər-istəməz hər dəfə onlardan kimsə ehtiyata qalacaq. Ehtiyata qalanlar bunu problemə çevirmirsə və öz şanslarını gözləyirlərsə, deməli, burda çox gözəl bir məşqçi işi var!

- Karyeranızın zirvə nöqtəsində olduğunuzu deyə bilərikmi?
- Bəli, bu fikirlə razıyam. Son 3-4 ildə əsl peşəkar həyat sürürəm. Bütün detallara fikir verirəm. 28 yaşım olsa da, bundan sonra az qala 1000 il də oynamağa hazıram. Özümü məhz bu cür hiss edirəm. Fikir verirsizsə, zədə ilə bağlı problem yaşamıram. Hər an oynamağa hazıram. Bu cür inkişafımda həm Alonsonun, həm də klubun böyük rolu var.

- Əvvəlki illərdə də adınız bir neçə dəfə yığmaya çağırılmağa namizədlər arasındaydı. Amma debüt oyununa yalnız ötən ilin noyabrında çıxdız. Mətbuatın diqqət mərkəzində olmağınızın, eləcə də Alonsonun başçılığı altında oynamağınızın yığmaya dəvət almaqda rolu oldumu?
- Bəlkə də mən Portuqaliya çempionatında xarüqələr yaradanda ispaniyalı funksionerlər həmin turnirdə səviyyənin və rəqabətin güclü olmadığını düşünürdülər. Əminəm ki, yığmanın seleksiyaçıları bütün turnilərdə oynayan ispaniyalı futbolçuları izləyirlər. Sadəcə, qərar vermək anı gəlib çatanda “böyük beşlik”də oynayanlara Portuqaliyada oynayanlardan daha çox üstünlük verilir. Bəli, klubumu dəyişməyim, bu cür məşqçinin əlinin altında oynamağım bəlkə də yığmaya dəvət almağıma yardım etdi.

- Alonsonun “Real”ın başına keçəcəyi ilə bağlı çox söz-söhbət gəzir. Bu baş versə və o sizi Madridə çağırsa, razılaşarsız?
- Belə bir şey olsa, qərarı həmin an verəcəm. İndi bu haqda danışmaq düzgün deyil. Aydın məsələdi ki, Alonso ilə xüsusi münasibətlərimiz var. Onun başçılığı altında səviyyəmi artırdım. Hələ bir qədər də onunla birlikdə böyümək istəyirəm. Fərqi yoxdu, “Bayer-04” olsun və ya başqa klub olsun, mən Alonso ilə yola davam etməyin tərəfdarıyam.

- Lissabon kimi böyük şəhəri əhalisinin sayı heç 200 minə də çatmayan Leverkuzenə dəyişmək, yəqin ki, sizin üçün asan olmadı. Orda həyatınız necə keçir?
- Biz heç birimiz Leverkuzendə yaşamırıq (gülür).

- Ciddi deyirsiz?
- Bəli. Mən Leverkuzendən 35 km aralıda yerləşən Düsseldorfda yaşayıram.

- Bəs komanda yoldaşlarınız?
- Yarısı Düsseldorfda, yarısı da Kölndə yaşayır.

- Bəs Düsseldorfda həyat necədi?
- Çox yaxşı və inanılmaz şəhərdi. Yeganə pis tərəfi havasıdı... Çünki günəş işığını, demək olar, görmürük. Buranın iqlimi İspaniya və Lissabondan çox fərqlənir.

- Təxminən bir il öncə ata olduz. Həyatınız necə dəyişdi?
- Hər şey qaydasındadı. Həyatımın bu yeni mərhələsindən çox razıyam. Qızımı sevirəm və onunla keçirdiyim hər andan zövq alıram. Hərçənd ata olmağın çətin tərəfləri də var...

- Çox güman, yayda “Bayer-04”ün heyətinin yarısından çoxuna başqa klublardan təkliflər gələcək. Siz də bundan yan ötməyəcəksiz. Sizi Leverkuzendən ayıra biləcək bir klub var?
- Bu haqda indidən düşünməyin mənası yoxdu. İndi, sadəcə, mümkün qədər çox titullar qazanmaq və yayda AÇ-yə yollanmaq istəyirəm. Burda çox xoşbəxtəm və məni hər şey qane edir. Amma bütün suallara AÇ-dən sonra cavab tapılacaq. Rəhbərliklə və menecerimlə birlikdə oturub bir qərar verəcəyik.

- AÇ-də İngiltərə, Fransa, Almaniyanın simasında bir sıra güclü komandalar yer alacaq. İspaniyanın çempionluq şansları nə qədərdi?
- İspaniyanın üstünlüyü öz oyun tərzinin olmasındadı. Futbolçular meydanda nə etməli olduqlarını, hansı tərzdə oynamalı olduqlarını bilirlər. Ab-hava da çox yaxşıdı. Mən cəmi iki dəfə yığmanın düşərgəsində olsam da, ilk gündən orda özümü çox rahat hiss etməyə başladım. Sanki bütün həyatım boyunca yığmada oynamışam. Orda əsl peşəkarlar çalışır. Bütün bunlar bizim üstünlüyümüzdü.

- Minimum hədəf nədi?
- Bir söz demək çətindi. Belə qısamüddətli turnirlərdə çox şeyi xırda detallar həll edir. Çətin qrupa düşmüşük. Amma İspaniya mümkün qədər irəliləməlidi. Minimum hədəf qoymaq düzgün deyil. Turnir başlayandan sonra oyundan-oyuna irəliləmək lazımdı. İnanıram ki, biz AÇ-ni qazana bilərik.

- Amma digər komandalardan fərqli bizim dünya ulduzumuz yoxdu.
- Nə olsun?! Əvəzində bizim üstünlüyümüz komanda şəklində güclü olmağımızdadı. Bunun da öz müsbət tərəfləri var. Məsələn, bütün yük bir futbolçunun üzərinə düşmür. Komanda bir oyunçudan asılı olmur. Yaxşı oyunçularımız var. Bir gün biri, başqa gün isə digəri qəhrəmana çevrilə bilər.

- Böyük “Formula 1” pərəstişkarı olduğunuzu bilirik. Sizcə, bu yay İspaniyanın Avropa çempionu olması daha realdı, yoxsa Fernando Alonsonun karyerasında 33-cü qələbəsini qazanması (42 yaşlı Alonso son qələbəsini 2013-də İspaniya mərhələsində qazanıb – red.)?
- (gülür) İspaniyanın AÇ-ni qazanması daha real görünür. Çünki hazırda “Aston Martin” “Formula-1”də favoritlər arasında deyil.

- Sonuncu sual. Deyə bilərsizmi, “Barselona B”də debüt etdiyiniz dönəmdə heyətdə olanlardan kimlər sonradan əsas komandada oynadı? Neçə futbolçu?
- Gözləyin, bir qədər düşünüm... Biri dəqiq Delofeudu. Digəri Serxi Robertodu. O artıq həmin ana qədər əsas komandada debüt etmişdi. Digərləri Tello və Masipdi.

- Bir futbolçunu unutduz.
- Müdaifəçidi?

- Yarımmüdafiəçi.
- Bəli, yadıma düşdü! Rafinya (gülür).

- 30 futbolçudan cəmi 5-i əsas komandaya qədər yüksələ bildi. Belə çıxır, son addımı atmaq bu qədər çətindi?
- Bəli. “Barselona”nın heyətini də nəzərə almaq lazımdı. Həmin vaxt heyət inanılmaz səviyyədə idi. Bu qədər ulduzun olduğu yerdə “Barsa B”dən ora düşmək mümkünsüz idi. Məsələn, indi Kubarsi və Yamal kimi gənclər əsas komandaya qədər yüksəlib. Amma onlar 2013-dəki heyətə düşə bilməzdilər! İndi “Barsa” özü də gənc oyunçuları oynatmaqda maraqlıdı. Gənclər də özlərini yaxşı tərəfdən göstərir.

ƏLİ RAUFOĞLU

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla