AZ

Nankorluğun pik nöqtəsi

Əli Kərimli ilə Gültəkin Hacıbəyli AP-nin və ABŞ Dövlət Departamentinin ölkəmiz əleyhinə qərəzli çağırışlarına sevinirlər

Avropa Parlamenti (AP) yenə də ölkəmizə qarşı qərəzli fəaliyyətini davam etdirir.  Belə ki,  aprelin 25-də Avropanın qanunverici orqanı  qəbul etdiyi qətnamədə tərəfdaşlarını Azərbaycanla energetika sahəsində əməkdaşlığı dayandırmağa, rəsmi Bakı ilə yeni müqavilələri imzalamamağa çağırıb. Qeyd edək ki, Avropa Parlamentindəki qərəzli çağırışı Fransa Prezidenti Emmanuel Makronun ötən aylarda Azərbaycandan mavi yanacağın Avropaya nəqlinə qarşı çıxışının davamı kimi də anlamaq olar. Lakin gerçəklik heç də avroparlamentarilərin düşündüyü kimi deyil. Ona görə ki, Avropa İttifaqının potensial üzvləri Bakı ilə iqtisadi əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. Məsələn, Albaniya, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan, Serbiya və digər ölkələr bizim təbii qazımızdan öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırırlar.

Bundan başqa, ABŞ Dövlət Departamenti də Azərbaycan əleyhinə siyasi bəyanatlar verməkdədir. Onlar iddia edirlər ki, Azərbaycanda siyasi məhbuslar var və onlar azad edilməlidirlər. Ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Avropa Parlamentində və  ABŞ Dövlət Departamentindəki bəzi avantüristlərin  ölkəmizə qarşı qərəzli mövqe  sərgiləmələri  təəssüf və təəccüb doğurur. Buradan belə qənaətə gəlmək olar ki, onlar həmişə Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasını müdafiə edirmişlər. Ordumuzun torpaqlarımızı azad etməsi isə onları qıcıqlandırır.

Təbii ki, bu sayaq çıxış, çağırış və sənədlərin qəbulu Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına da ziyan vurur, tərəflər arasında etimad mühitinin yaranmasına xələl gətirir.  Eyni zamanda o da məlumdur ki, Avropa Parlamentinin qəbul etdiyi qərar və çağırışların icrası məcburi deyil. Parlament bu qərəzli münasibəti ilə dg müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyan dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir.

Xəcalətverici məsələdir ki, anti-Azərbacan qüvvələrin ölkəmizdəki dəstəkçilərinin öndəgələni yenə də dağıdıcı müxalifətin «lider»i AXCP sədri Əli Kərimlidir. O, AP-nın və ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı qərəzli münasibətindən cuşa gələrək böhtan kampaniyasını genişləndirməyə çalışır. O, deyir bu günlər bütün dünya bizdən danışır, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edir. Bu adam hələ də anlamır ki, Azərbaycan siyasi məhbus yox, konkret cinayət əməllərinə görə mühakimə edilmiş məhbuslar var. Məsələn, öson dövrlərdə  Əli Kərimlinin partiyadaşlarından bir neçəsi dələduzluğa  görə həbs ediliblər.

Bundan başqa qondarma «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də sosial şəbəkə statusunda Azərbaycan əleyhinə qəbul edilmiş sənədi paylaşaraq sevincini gizlədə bilmir.  Hətta yazır ki, lehinə 474, əleyhinə 4 nəfər səs verilən bu sənəd Azərbaycan hakimiyyətinin ilk ciddi məğlubiyyətidir. Bu həmin Gültəkindir ki, ölkəmizin milli mənafelərini qəpik-quruşa satmaqla, an, əqidəsini az qala hər gün buqələmun kimi dəyişməklə məşhurlaşıb. O, az qala hər gün beynəlxalq təşkilatlara ölkəmiz haqqında leqal və qeyri- leqal donoslar ötürməkdə peşəkarlaşıb.  Bu həmin Gültəkin Hacıbəylidir ki, ötən dövrlərdə sosial şəbəkələrdə yazdığı statusları ilə riyakarlığın pik nöqtəsinə qədər yüksəlmişdi. Belə ki, o, Azərbaycan dövlətinin ermənilərin Laçın-Xankəndi yolunda qurduğu «humantiar şou»ya qarşı qətiyyətli mövqeyindən ciddi şəkildə narahat olaraq yazırdı: «Azərbaycan iqtidarı əbədi hakimiyyət maraqları uğruna və yanlış, səthi hesablamalarından dolayı 3 min şəhid verərək və Türkiyənin böyük mənəvi dəstəyi ilə əldə etdiyimiz hərbi qələbənin nəticələrini sıfırlamaqla məşğuldur. Qarabağ ətrafında beynəlxalq mövqelərimizin hər gün daha çox zəifləməsini ürək ağrısı ilə izləməkdəyəm. Elə məsələlər var ki, açıq danışmaq olmur. Amma anladığım, hiss etdiyim bir gerçək var: odla oynayırıq. Dayanmaq lazımdır.»  Bəli, məhz onun bu səpkili ermənipərəst çıxışları bir daha göstərirdi ki, haqsızdır və Azərbaycan dövləti heç də onun düşündüyü qədər aciz və gücsüz deyildir.

Burada bir məqama da diqqət yetirək. İki gündür ki,  ABŞ-da baş verən tələbə iğtişaşlarını və polislərin onlara qarşı sərt müdaxiləsini bütün dünya narahatlıqla qarşılayır. Hətta ABŞ mövcud demokratik dəyərləri tapdalayaraq tələbələri ən acımasız şəkildə döyür, onları təhqir edir. Sual olunur: ABŞ Dövlət Departamenti bunlara niyə göz yumur? Ona görə ki, bu riyakar qurum da öz gözündə tir görməyib özgə gözündə tük axtaranlardandır.

Elçin Zaman, "İki sahil"

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla