AZ

Bakı son şərtləri masaya qoydu:Sülh üçün iki prinsip qaldı – Kritik gəlişmə

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi başlayıb. Bunu sülh prosesində mühüm gediş kimi də qəbul etmək olarmı?

- Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması, delimitasiyanın başlanması xüsusilə də sərhədləri dəqiqləşdirən sərhəd prosesində vacib amillərdən biridir. Çünki sülh prosesinə maneə olan üç əsas faktordan biri artıq aradan qaldırılmaqdadır. Ermənistanın işğalında olan Azərbaycanın 8 kəndindən anklav olmayan 4 kəndin geri qaytarılması da mühüm amildir. Qalan 4 kəndin məsələsi isə delimitasiya prosesində öz həllini tapacaq. Bu, vacib element sayılır. Sülh müqaviləsinin imzalanması prosesin bundan sonrakı inkişafına, delimitasiya məsələlərinin həllinə də bu müsbət təsir göstərəcək.

- Sülhə maneə olan digər iki vacib amil nədən ibarətdir?

- Burada digər amillər təəssüf ki, hələ də prosesə maneə kimi qalır. Bunlardan birincisi kommunikasiyaların açılması məsələsidir. Xüsusilə də söhbət Zəngəzur dəhlizindən gedir. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın öhdəliyi var. Üçtərəfli bəyanatla bu təsbit olunub. Əsas problemlərdən biri isə Ermənistanın mövcud qanunvericiliyində olan müddəalardır. Bu ölkənin konstitusiyasında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Bütün bunlar isə sülh prosesinə ciddi əngəl yaradan faktorlardır. Bunlar aradan qaldırıldıqdan sonra sülh prosesinin sürətlə gedəcəyini söyləmək olar. Amma bütün hallarda sərhədlərin delimitasiya olunması və 12 km-lik məsafədə sərhədin dəqiqləşməsi, 20-yə yaxın sərhəd dirəyinin basdırılması vacib amildir. Bütün hallarda bu faktlar prosesə müsbət impuls verəcək əsas faktorlardan hesab olunur.

- Ermənistan qanunverciliyində dəyişiklik olmayınca sülhün əldə edilməsi ehtimalını necə dəyərləndirirsiniz? Çünki bir çox hallarda bunun əldə ediləcək razılaşmaya təsirinin olmayacağı iddiaları da səslənir...

- Məsələlər tam şəkildə həllini tapmadıqda sonradan problemlər ortaya çıxacaq. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan mövcud qanunvericilik aktlarında, konstitusiyasında, o cümlədən simvolikalarında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Ona görə də, Azərbaycan tərəfi bu məsələnin köklü şəkildə həllində maraqlıdır. Bu Ermənistanın gələcəyi üçün də vacibdir. Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsini imzaladıqda, bunu hər kəs alqışladıqda belə Ermənistanın qanunvericilik aktlarında həmin müddəalar qaldıqca problem bitmiş sayılmır. Siyasi konyuktura dəyişdikdə, revanşist düşüncəli biri Ermənistanda hakimiyyətə gələrkən o məhz ölkə konstitusiyasına və qanunvericlik aktlarına istinad edərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürə bilər.

- Azərbaycana qarşı Ermənistan qanunverciliyində əsas ərazi iddiaları necə təsbit edilib?

- Ermənistanın hazırkı konstitusiyasında bu ölkənin ərazisi faktiki olaraq 29,8 min kv km deyil, 34 min kv km kimi göstərilib. Bu faktiki olaraq Qarabağın Ermənistanın daxilində göstərilməsi deməkdir. Ona görə də, bu məsələlər həllini tapmalıdır. Problem həllini tapmayınca tam mənalı sülhdən danışmaq düzgün olmaz. Bu baxımdan imzalanmış sənədlərin beynəlxalq statusu və ölkənin daxili qanunvericiliklə müqayisəsində hansının üstünlük məsələsindənsə, problemin köklü həllində maraqlı olmaq lazımdır.

- Bakının bu müstəvidə əsas şərtləri nədən ibarətdir?

- Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipindən biri də gələcəkdə ərazi iddialarının olmaması ilə bağlıdır. Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana və qardaş Türkiyəyə qarşı o müddəaların qalması gələcəkdə yenidən ərazi iddialarının ortaya atılmasına rəvac verə biləcək amillərdəndir. Bununla da nəhayət 100 ildən sonra bölgəyə qalıcı sülh gəlmiş olacaq.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla