AZ

Niyə məhz indi, Azər Bağırov?! - KÖŞƏ

“Araz-Naxçıvan” cari mövsümün hər iki yarısında sürpriz komanda statusu qazandı.

Birincidə qazandığı uğurlu nəticələrdə gündəmi zəbt edən Azər Bağırov və yetirmələri ikincidə güclü tənqid atəşinə məruz qaldı. Səbəblərdən xəbərdarıq. Mənzərəni yada salmaq üçün geniş izaha ehtiyac olmadan bu sözlərə yer vermək olar: “qırmızı-ağlar” 11-ci turda “Qarabağ”ı məğlub edəndən sonra 20 tur ərzində cəmi iki qələbə qazanıb!

Uğursuzluğun səbəbləri haqda dəfələrlə həm özümüzün, həm də müxtəlif mütəxəssislərin dəyərləndirmələrini nəzərinizə çatdırmışıq. Çatışmazlığın kimdə və nədə olduğundan bəhs edərkən sabiq baş məşqçi Azər Bağırov amilini də vurğulamışdıq.

Sözsüz, premyer-liqada debüt edən gənc mütəxəssisin futbolla bağlı səhvlərinin olması mümkün idi. Təbii ki, bu, hansısa yanlışa haqq qazandırmır, amma azarkeş tərəfindən mərhəmətlə qarşılana bilər. Amma axı Azər bəyin səhvləri bununla yekunlaşmır! Hər halda, yeni baş məşqçi Elmar Baxşıyevin təyinatı da nəyisə dəyişmədi.

Əksinə komanda mövsüm ərzində üçüncü dəfə darmadağın edildi (“Neftçi” – 0:3). Baxmayaraq ki, bundan əvvəl “ağ-qaralar”la oyunlarda 2 qələbə, 1 “sülh” qeydə alınmışdı. “Səbail”lə matç da məğlubiyyətlə nəticələndi – 0:2.

Etiraf edək ki, Baxşıyev oyun tərzini kollektivə aşılamaq üçün zamana ehtiyac duyur. Amma mütəxəssis 7 şansdan ikisini boşa verdiyini və komandada dəyişikliyiə səbəb olmadığını göz önünə gətirməlidi. Yox, xatırlatmayın, “qırmızı-ağlar”ın qısa ötürmələrlə hücumlar qurduğundan xəbərdaram. Bu, məhz yeni çalışdırıcının əməyidi və yetərli deyil. Elmar bəy iki həftə ərzində ortaya daha yaxşı iş qoya bilərdi!

Orxan Əliyevlə Turan Manafovun gündən-günə zəifləməsi, Kadirinin israrla uzaqdan qapı istiqamətində qeyri-dəqiq zərbələri, komandanın bitiriciliyi, çoxsaylı hücumlar etməməsi, təkbətək mübarizələrdə tez təslim olması və bu kimi bir çox problemlər aradan qaldırılmayıb. Düzü, bu istiqamətdə işlərin görüldüyünə dair hansısa işartı yoxdu! “Araz-Naxçıvan”da heyətin əksər üzvləri yola salınmalıdı. Tələm-tələsik transfer edilən yararsız legionerlərdən gözlənti olmamalıdı. Bu yerdə klubun maliyyə sıxıntılarıyla üzləşdiyi haqda xəbərlər yada düşür. Halbuki klub rəsmiləri dəfələrlə belə bilgiləri dezinformasiya adlandırıb. Təbii ki, gün günü qovaladıqca o şəxslərin həqiqətlə barışmaq istəmədiyi bəlli olur. Amma qəbullanmaq lazımdı. Xüsusilə Semir Bukviç, İqor Ribeyro, Nuno Rodriges, Aksel Nqando kimi legionerlər çoxdan yola salınmalı və daha keyfiyyətli oyunçularla əvəzlənməliydi. Hər halda, bugünlərdə sabiq baş məşqçisi Azər Bağırovun dolayı yolla bunu etiraf etdiyinə şahid olduq. “CBC Sport”un “Start” verilişinə qonaq olan mütəxəssis bunu açıq deməsə də, dolayı yolla dilə gətirir. Maraqlıdı, görəsən, “qınansam da, həmişə rəhbərliyə sözümü demişəm. Mən rəhbərliyin yox, futbolçularımın yanında olmuşam” sözləri nəyə hesablanıb? Ən əsası, bu sözlər niyə məhz indi deyilir? Axı elə biz jurnalistlərin “Azər müəllim, qış “transfer pəncərəsi”ndə komanda niyə güclənmədi” sualına belə aşkar cavab verilməyib. Bu gün məşqçi rəhbərlikdən futbolçu transfer edilməsini istədiyini, lakin bunun qarşılanmadığını bildirir. Gec deyilmi?

Bağırov bu gün Orxan başda olmaqla bir neçə yerli futbolçunun əvvəlkinə nisbətən zəif çıxış etdiyini söyləyir. Bəli, Əliyev haqda danışarkən əvvəlki komandalarıyla vidalaşmasının səbəblərinə eyham vurur və bəzi çatışmazlıqların hələ də davam etdiyini söyləyir.Qısası, başverənlərin hansısa arxayınlıqla bağlı olduğunu yox, məsələnin kökündə fərqli mövzuların dayandığını deyir. Halbuki vaxtilə mətbuat konfranslarından birində bu barədə soruşsam da, cavab belə olmamışdı. Azər bəy indi rahatlıqla həm yerli, həm legioner futbolçuların, həm də rəhbərliyin fəaliyyəti ilə bağlı nöqsanları qabartmaqdan çəkinmir. Meydanda cərəyan edən hadisələrdən danışan mütəxəssis etiraf edir ki, komandanı fiziki, xüsusilə psixoloji cəhətdən oyunlara hazırlamaqda çətinlik çəkib...

Ümumiyyətlə, Azər Bağırov uğursuzluğun əsas səbəbini qış fasiləsində lazımi addımların atılmamasında görür. Xülasə rəhbərlikdə! Üstəlik məşqçiyə komanda və idarə heyəti tərəfindən dəstək verilməsinin vacibliyini vurğulayır. Görünür, mütəxəssisin nəinki istəkləri qarşılanıb, həm də dəstəksiz qalıb. Ən azı özü belə deyir!
Beləliklə, Bağırov istefasıyla bir neçə cavabsız sual yaratmışdı. İndi “ürəyini açaraq” bu sualların sayını artırdı. Mənim üçün başqa məsələlərin o qədər də önəmi yoxdu. Ona görə ki, Elmar Baxşıyevin hələ 5 turu əhatə edəcək vaxtı var. Əsas sual sabiq çalışdırıcıya ünvanlanmalıdı: niyə məhz indi, Azər Bağırov?!

KƏNAN BAHADIR

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla