2023/24 mövsümü Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ın yay təlim-məşq toplanışı keçirəcəyi ölkə müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi əvvəlki illərdə olduğu kimi, bu dəfə də hazırlığı Avstriyada keçəcək.
Qurban Qurbanovun komandası Çempionlar Liqasının təsnifat mərhələsinə məhz həmin ölkədə hazırlaşacaq. Təlim-məşq toplanışının iyunun 28-də başlanacağı gözlənilir, lakin bu tarix bir gün sonraya dəyişdirilə də bilər.
Ağdam klubunun Zalsburg şəhəri yaxınlığındakı Kessen bölgəsində təlim-məşqi nəzərdə tutulub. Hazırlıq prosesi zamanı bir neçə yoxlama oyunu da təşkil olunacaq. Hələlik rəqiblər təsdiqlənməyib.
Ağdam klubunun orada konkret neçə gün qalacağı isə ÇL-in birinci təsnifat mərhələsinin püşkatmasının nəticəsindən asılı olacaq.
O ki qaldı Çempionlar Liqasına, yarışın birinci və ikinci təsnifat mərhələlərinin püşkü iyunun 18 və 19-da atılacaq.
Birinci mərhələnin oyunları 9/10 iyul və 16/17 iyul, ikinci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək.