AZ

27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür  

27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.

 

Aztibb.az AQTA-ya istinadla xəbər verir ki, Beynəlxalq Baytar Həkimi Günü hər il dünyanın bir çox ölkəsində aprel ayının son şənbə günü qeyd edilir. Bu gün 2000-ci ildə Ümumdünya Baytarlıq Assosiasiyası tərəfindən təsis olunub.

 

Beynəlxalq Baytar Həkimi Günü dünyada baytarlıq işlərinin müxtəlif aspektlərini önə çəkmək, həmçinin heyvanların sağlamlığına və rifahının yaxşılaşdırılmasına töhfələr vermək məqsədilə keçirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində bir çox nailiyyətlər əldə edib. Respublika ərazisində dabaq, brusellyoz, xırdabuynuzlu heyvanların taunu, qoçların epidemit, quduzluq, quşların qripi, reovirus, infeksion larinqotraxeit, pasterellyoz, infeksion bronxit və mikoplazmoz  və s. xəstəliklərə qarşı kənd təsərrüfatı heyvanlarında, vəhşi quş və  heyvanlarda dövri olaraq epizootoloji monitorinqlər həyata keçirilir. Ölkəmizdə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 15-dən 106-ya çatdırılıb. Eyni zamanda,  Agentlik tərəfindən baytarlıq preparatlarının qeydiyyatı, idxalı prosedurları və baytarlıq müşahidəedici sənədlərinin verilməsi prosesləri tam elektronlaşdırılıb.

 

Yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. 2022-2023-cü illər üzrə ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, kənd ətrafı meşə massivləri əhatə olunmaqla, Xızı və Siyəzən rayonlarının inzibati ərazisindən Qusar və Xaçmaz rayonları ərazisinə və Rusiya Federasiyası ilə dövlət sərhədinə kimi, digər regionda isə Şamaxı rayonunun inzibati ərazisindən Balakən rayonu və Gürcüstanla dövlət sərhədinə qədər helikopter vasitəsi ilə aldadıcı yem səpilərək vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

 

Atların manqo xəstəliyi ilə bağlı ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan atlara tətbiq edilən qadağa 2021-ci ildən etibarən aradan qaldırılıb və atların ixracı bərpa edilib. Ölkəmizin atların Afrika xəstəliyindən və donuzların Afrika taunu xəstəliyindən 2024-cü il üzrə azadolma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı  (ÜHST) tərəfindən təsdiqlənib.

 

Respublikamızın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadolma statusunun təsdiq olunmasına dair hesabat ÜHST tərəfindən qəbul edilib və ölkəmizin müvafiq tələblərə cavab verməsi barədə qərar qəbul edilib. 2023-cü ilin 25-27 aprel tarixlərində ölkəmizdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan 3 il müddətinə ÜHST-nin dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilib.

 

Hazırda ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənilməsinə imkan verəcək Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi yaradılıb.

 

Həmçinin, heyvan sağlamlığının təmin edilməsi və baytarlıq nəzarətinin həyata keçirilməsində laboratoriya sisteminin əhəmiyyəti nəzərə alınaraq, bu sahədə əsaslı işlər görülüb. Hazırda ölkə ərazisində heyvan xəstəliklərinin diaqnostikası  üzrə 8 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalar dünyanın ən böyük şirkətləri tərəfindən təşkil olunmuş Beynəlxalq Peşəkarlıq Testlərində heyvan və quşların xüsusi təhlükəli  xəstəlikləri üzrə iştirak edib və uğurlu nəticələr qazanıb.

 

Laboratoriyalar xüsusi təhlükəli xəstəliklər üzrə ISO 17025-2017 standartının tələblərinə uyğun milli akkreditasiyadan keçib. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə ISO 17025 beynəlxalq standartın  tələblərinə uyğun beynəlxalq akkreditasiyadan keçmiş ilk laboratoriyadır.

 

Eyni zamanda, AQTİ tabeliyində böhran vəziyyətinin idarəolunması üçün biotəhlükəsizlik səviyyəsi 2+ uyğun olan, ləvazimat və avadanlıqlarla tam təchiz olan 3 səhra və 1 nəqliyyat tipli mobil laboratoriya fəaliyyət göstərir.

 

 

Seçilən
10
2
Mənbələr
Şərh ()
Bağla