AZ

Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?

İki il öncə iş yoldaşından kredit götürmək üçün köməklik göstərməsini xahiş edən şəxsin başına iş gəlib. Belə ki, Kürdəmir rayon Ərəbqubalı kənd sakini Rahid Hüseynov Bakıda işləyərkən ona pul lazım olur və iş yoldaşına kredit götürmək istədiyini deyib. Rahidin iddiasına görə, tanışları onu "ASAN Xidmət" mərkəzinə apararaq sənədlərə qol çəkdiriblər. Onun sözlərinə görə, bir il sonra rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyyata yazılmaq üçün müraciət edib. Bu zaman mərkəzdən bildirilir ki, o, işsiz deyil, adına "MERDAN" MMC adlı tikinti şirkəti açılıb. Hətta o da məlum olub ki, vətəndaşın adına 11 min manatdan çox vergi borcu yazılıb.

Əslində tez-tez sadə vətəndaşların belə hallarla üzləşdiyinin şahidi oluruq. Hətta bəzən hansısa vətəndaşın adına bir deyil, bir neçə şirkətin açıldığı da məlum olur. Şirkət “sahibləri” isə hansısa müəssisənin “rəhbəri” olduqlarını yalnız iş işdən keçəndən sonra, şirkətin böyük vergi borcları yarandıqda xəbər tuturlar. Maraqlıdır, belə hallardan sığortalanmaq üçün hansı addımları atmalıyıq? Adımıza hər hansı şirkətin olub-olmadığını, adımızın belə işlərə qarışdırılmadığını necə müəyyən edə bilərik?

Vətəndaş iki yolla aldadılır

Vergi məsələləri üzrə ekspert Emin Səttarov bildirib ki, vətəndaşın xəbəri olmadan adına hansısa şirkətin açılması iki yolla mümkündür: “Bununla bağlı şəxs bütün səlahiyyətlərini başqa şəxsə etibarnamə ilə ötürməlidir, ya da özünə məxsus “Asan İmza” və vergi sertifikatını kiməsə verməlidir. Təcrübə göstərir ki, adətən şəxsdən notariusda bütün səlahiyyətlərinin icrası üçün etibarnamə alınır. Bu etibarnamə ilə onun adından MMC yaratmaq, təsis qərarını imzalamaq, nizamnamə təsdiq etmək, vergi orqanına ərizə təqdim etmək mümkündür. Eyni zamanda, vətəndaşın adına olan “Asan İmza” ilə bütün əməliyyatları aparmaq olur. Çünki indi şəxsiyyət vəsiqəsi ilə şəxsin adına müəssisə yaratmaq, onu direktor təyin etmək mümkün deyil. Vətəndaşlar bu kimi hallardan sığortalanmaq istəyirlərsə, heç kimə etibarnamə və “Asan İmza” verməməlidirlər”.

Pul müqabilində şirkət “təsisçisi” olmağa razılıq verirlər

Mütəxəssis onu da vurğulayıb ki, bəzən vətəndaşlar adlarına hansısa şirkətin təsis edilməsindən xəbərsiz olduqlarını bildirsələr də, bu prosesə pul qarşılığında razılıq verənlər də olur: “Əslində çox vaxt vətəndaş aldadılmır, pul qarşılığında bu işə razılıq verir. Yalnız xüsusi hallarda vətəndaşın etibarından sui-istifadə edilir. Amma təcrübə göstərir ki, bu hallar çox azdır. Vətəndaşlar adətən 400-500 manat qarşılığında şirkət “təsisçisi” olmağa razılıq verirlər”.

“Vətəndaşın gələn bildirişləri izləməsi vacibdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib ki, hazırda VÖEN açmaq və şirkət yaratmaq elektron qaydada həyata keçirildiyindən vətəndaşın xəbəri olmadan adına hansısa şirkət yaratmaq texniki baxımdan mümkün deyil: “Sadəcə, bəzi vətəndaşlarımız fərqli adamların təsiri altında bu prosesdə iştirak edirlər. Yəni bəzən tanışları, dostları tərəfindən aldadılırlar. Tutaq ki, onlar prosesdə iştirak edirlər, amma nəyə imza atdıqlarını, şirkət yaratdıqlarını bilmirlər. Lakin şirkət yarandıqdan sonra mütəmadi olaraq vətəndaşa müvafiq bildirişlər gəlir. Vətəndaşın ona gələn həmin bildirişləri izləməsi çox vacibdir. Belə hallarda mütləq məhkəməyə və Dövlət Vergi Xidmətinə müraciət etmək lazımdır”.

Sübutetmə imkanı hansı halda çətinləşir?

Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, vətəndaşın başqa bir şəxsə ümumi etibarnamə verməsi doğru addım deyil: “Başqasının adına onun xəbəri olmadan şirkət təsis etmək dələduzluq faktıdır. Düzdür, əslində zərərçəkən tərəf dolayı da olsa, bu prosesdə iştirak edir. Şəxs etibarnamədəki məzmundan məlumatsız olsa da, müvafiq sənədlərə imza atır. Şirkətin formal sahibi dələduzluqla üzləşdiyini öyrəndiyi təqdirdə, ilkin olaraq “Asan İmza”dan istifadə imkanını məhdudlaşdırmalı, verdiyi etibarnamələri ləğv etməli və bu barədə vergi orqanına məlumat verməlidir”.

Seçilən
79
7
Mənbələr
Şərh ()
Bağla