AZ

Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır -ŞƏRH

Aprelin 26-da Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub və Berlin şəhərində “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni zamanda, Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Bu, son 14 ay ərzində dövlət başçımızın Almaniyaya dördüncü səfəridir. Ötən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Cənab Kanslerin dəvətilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşüblər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərib. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atılacaq.

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı və əhəmiyyətli görüşləri sübut etdi ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir.

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında “Kreditlərin Zəmanəti Fondu”nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Rəsmi Berlin Avropa İttifaqında iqtisadi münasibətlərin, xarici siyasətin formalaşmasında əsas rol oynayır. Hazırda Avropa İttifaqında digər bir güc mərkəzi hesab olunan Fransa, onun idarə etdiyi bəzi qüvvələr və BENİLÜKS ölkələri Azərbaycanla əməkdaşlığın əleyhinə çıxış edirlər. Buna baxmayaraq, Almaniya, Avropada həmişə söz sahibi olmuş və hətta siyasi maraqları zaman-zaman Fransa ilə toqquşmuş ölkə kimi Parisin hegemonluğunu rədd edir. Almaniya rəhbərliyi, rəsmi dairələri Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasından narazıdırlar. Onlar Fransanın destruktiv fəaliyyətini, Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq siyasətini rədd edirlər. Almaniya praqmatik siyasət yürüdən bir ölkə kimi İlham Əliyevlə dialoq təşkil edərək Fransaya göstərdi ki, Azərbaycan kimi önəmli bir ölkə ilə münasibətlərini Yelisey sarayındakı legiona görə qurmayacaq.

Fransa və tərəfdarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 öncəsi daha da güclənib. Almaniya Azərbaycanla iqlim müzakirəsi apararaq öz dəstəyini nümayiş etdirmiş oldu. Eyni zamanda, Almaniya artıq Cənubi Qafqazda formalaşmış geosiyasi reallığı qəbul edir, Aİ-nin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu və önəmini anlayır.

Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu.

Cavid Əkbər, “İki sahil”

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla