AZ

Çin Pakistan Hərbi Dəniz Qüvvələri üçün “Hanqor” sinifli sualtı qayığı suya buraxıb

“China Shipbuilding və Offshore International Company Ltd” (CSOC) tərsanələrində Pakistan Hərbi Dəniz Qüvvələri üçün tikilən dörd “Hangor” sinifli sualtı qayıqdan birincisi “Wuhanda” suya buraxılıb.

“İki sahil” xəbər verir ki, ​bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Naveed Ashraf Wuhanda keçirilən mərasimdə deyib ki, yeni sualtı qayıq Pakistan Hərbi Dəniz Qüvvələrinin Cənubi Asiyada sülh və sabitliyi qorumaq səylərində əsas rol oynayacaq.

Qeyd edək ki, Pakistan hökuməti 2015-ci ildə Çin prezidenti Si Tszinpinin İslamabada səfəri zamanı CSOC ilə səkkiz “Hanqor” sinifli sualtı qayıq tikmək üçün müqavilə imzalayıb.

5 milyard dollarlıq müqavilə texnologiya transferi proqramının bir hissəsi olaraq dörd sualtı qayığın Çində, qalan hissəsinin Pakistanda “Karachi Shipyard & Engineering Works Ltd” (KS&EW) şirkətində inşasını nəzərdə tutur. Pakistanda hazırda tikilməkdə olan iki sualtı qayıq var.

“Hangor” sinifli sualtı qayıqlar Çinin üçüncü nəsil Type-039A/041 Yuan dizel-elektrik sualtı qayıqlarının ixrac versiyasıdır.

Bildirilib ki, sualtı qayıqların uzunluğu 76 m, yerdəyişmə qabiliyyəti 2800 tondur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla