AZ

“Neftçi”dəki lazımsızlara “dərs keçən” gənc oğlan

Saqqalımız yoxdur, sözümüz keçmir.

Aylardır mətbuat nümayəndələri bar-bar bağırır ki, “Neftçi” hücum xəttində Ağadadaş Salyanskiyə şans verməlidir, bacarığı Birinci Liqanın hüdudlarını aşan forvard artıq əsas komandada oynamalıdır.

Kimdir qulaq asan?

Yapışıblar sonuncu dəfə nə vaxt qol vurduğunu özü də xatırlamayan Lukas Melanodan, qol vurmaqdan çox qol şanslarını qaçırmaqla yadda qalan Yeqor Boqomolskidən, işi-gücü irəli-geri qaçmaqdan ibarət olan Brayan Morenodan.

“Qarabağ”la yarımfinal mərhələsinin lazımsız cavab oyununda Miodraq Bojoviç Ağadadaşa şans vermişdi. Nəticə vacib olsaydı, təbii ki, oynatmayacaqdı.

20 yaşı iyunda tamam olacaq hücumçu elə bir performans sərgilədi, elə bir şou göstərdi ki, gəl görəsən!.

Vurulan yeganə qolun hazırlanmasında iştirak etdi, rəqibin müdafiə xəttini gərginlikdə saxladı, qolla tamamlanmayan hücumların qurulmasının səbəbkarı oldu. Legionerlərə sözün əsl mənasında “dərs keçdi”.

Bojoviç mətbuat konfransında Salyanskinin ünvanına tərif yağdırdı, başına and içdi.

Ağadadaş tək deyil, “Neftçi”nin əvəzedici heyətində, hətta U-19 komandasında neçə-neçə ağadadaşlar var.

Sadəcə, güvənən, dəstək verən yoxdur. Yapşıblar keyfiyyətsiz legionerlərin ətəyindən. Ətək-ətək pullar lazımsızların ciblərinə axır, azərbaycanlı gənclər göz görə-görə “çürüyür”.

Salyanski izaha ehtiyacı olmayan rəqiblə oyunda “yanmadı”. Əskinə, ümidləri artıqlaması ilə doğruldub “mən də varam” mesajını verdi. Bacarmasaydı, legionerləri uca tutmaq üçün Allah bilir nələr deyəcəkdilər.

Növbəti oyunlarda gənc azərbaycanlını “11-lik”də görmək ümidi ilə.

HƏBİB

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla