AZ

Amerikada oynayan həmyerlimizin atası: “Amerikada səhv edən uşağa məşqçisi, valideyni dəstək olur” – LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki yazıda da Azərbaycandan kənarda yaşayan, orda futbolla məşğul olan həmyerlimizdən söhbət açacağıq. Ötən dəfə Almaniyada yaşayan və futbolla məşğul olan Əli Abbasovun atası Elşad bəylə həmsöhbət olmuşdu. Yeni həmsöhbətimiz isə okeanın o tayındadı. 2007-ci il təvəllüdlü Fəridin atası Ceyhun Cəbrayılovdu.

Amerikada


- İlk sualımda Fərid barədə ümumi məlumat almaq istərdim. Övladınızın neçə yaşı var, futbolla tanışlığı necə başlayıb?
- Mənim övladım Fərid Cəbrayılzadə 2007-ci ilin iyulunda dünyaya gəlib. Artıq 4 yaşından futbolla tanış olmağa başlayıb. Onu “Can Bala” futbol məktəbinə yazdırmışdı. Orda Mansur müəllimin rəhbərliyi altında 6 ay məşğul oldu. Ondan sonra “Qarabağ”ın akademiyasına seçimlər oldu. Fəridi ora apardım. “Qarabağ”ın akademiyasında Nəbi müəllimlə tanış olduq. Seçimlər uğurla nəticələndi, Fərid seçilənlər arasında oldu. Şəxsən Nəbi müəllim Fəridi komandasına götürdü. İki aydan sonra orda dəyişiklik oldu, Elvin müəllim komandanı çalışdırmağa başladı. Orda Fərid 8 ay futbol oynadı. Daha sonra Buzovnanın “Xəzər” komandasına gəldik. Orda komandanı Ramiz müəllim çalışdırırdı. Orda Fərid iki il futbolla məşğul oldu. Bir mövsüm “Sabahın ulduzları”nda, növbəti ili AFFA-nın keçirdiyi U-10 liqasında oynadı. Ondan onu “İnter”ə yazdırdım, U-11 liqasında bu komandanın heyətində çıxış etdi. 2007-ci illəri Elmir müəllim çalışdırırdı. Bir mövsüm də orda oynadı. “Leon” futbol klubuna yollandıq. U-12 liqasında “Leon”un heyətində çıxış etdi. Bir ildən sonra “Sabah”a gəldik, orda komandanı Samir Əbdülrəhmanov çalışdırırdı. Fəird U-13 liqasında oynayan komandaya cəlb olundu. Amma onun adını sifariş ərizəsinə sala bilmədilər, mövsümün sonuna 6 ay qalırdı. Ona görə də Fərid komandayla məşq etməklə kifayətləndi. Mövsümün bitməsini gözlədik. Elə həmin il “Green Card” lotereyasını udduq. Amerikaya köçüb gələsi olduq. Bununla da Fəridin Azərbaycandakı karyerası bitdi.



- Sizin ailənizdə futbolçu olubmu?
- Yox, bizim ailədə futbolçu olmayıb. Amma biz ailədə üç qardaş üçümüz də futbolu çox sevmişik. Fəridin uşaqlıqdan futbolu sevdiyini gördüm. İstəmədim ki, oğlum futbolsuz qalsın. Onu futbola yazdırdım və bu gün də Fərid bu yolu davam etdirir, futbol oynayır.



- Amerikaya necə yollandız? Neçə müddətdi ordasız? Orda futbol komandasını necə tapdız?
- Amerikaya “Green Card”la gəlmişik, bu lotereyanın qalibi olduq. 2019-cu ildə Amerikaya gəlmişik. Yerləşməyimiz, uyğunlaşmağımız vaxt aldı. 2019-cu ilin oktyabrında mənə Fəridi bir futbol komandasına aparmağı məsləhət gördülər. Həmin klub “Valeo” idi, bildirdilər ki, ora seçim olacaq. “Valeo”nun ən yüksək liqa sayılan MLS-də də komandası var. Ümumiyyətlə, Amerikada 6 liqa var. Hər liqanın özünün yaş qrupları var. Fərid birbaşa “Valeo”nun əsas komandasına seçildi, MLS-də oynamaq şansı qazandı. 3 ay orda oynadı. Sonra pandemiya başladı, hər yerdə futbol dayandı. İlyarımdan sonra yenidən “Valeo”da məşqlər başladı, Fərid də ora qoşuldu. Sadəcə, rəhbərlik dəyişmişdi. Komanda, demək olar ki, yeni idi, bir çox futbolçu başqa ştatlara yollanmışdı. Ona görə də uşaqların səviyyəsini yoxlamaq üçün yenidən baxış keçirildi. Qərar verildi ki, “Valeo” MSL-də yox, bir liqa aşağı sayılan ESNL də çıxış etsin. Bu da futbolçu çatışmazlığı ilə bağlı idi. Fərid də həmin liqada oynadı. ESNL üzrə pley-off oyunlarına çıxdılar, yalnız finalda məğlub oldular. Finalda hər ştatın ən güclüsü oynayırr. Bu məğlubiyyətdən sonra Fərid “Veleo”dakı çıxışını dayandırdı. Sonra Fərid “Nyu Enqland” klubunda baxışda oldu, onu komandaya götürdülər. Bir müddət “Nyu Enqland”da çıxış etdi. U-19 liqasında baxışdan keçdi, istəyirdi ki, özündən iki yaş böyüklərlə oynasın. Hər yaşın özünün liqası var. Sadəcə, biz klub rəhbərliyi ilə danışdıq ki, hər iki liqada oynasın.



- Hazırda harda oynayır, hansı nəticələr var?
- Fərid hal-hazırda “Seacoast” futbol klubunun U-19 komandasında ESNL liqasinda oynayır. Mən onun MLS-də oynamasını hələ ki istəmirəm. Fərid təhsilini də davam etdirir. Onun oxuduğu məktəbin komandası 1-ci liqada oynayır. Sentyabrdan dekabrda qədər məktəb liqaları olur. Yuxarı sinif şagirdləri həmin çempionatda çıxış edir. Universitetlər, kolleclər də gəlib həmin liqalara baxır, uşaqları seçirlər. Belə bir sistem var ki, hansısa ali məktəbin komandasında oynayan uşaq həm də ödənişsiz təhsil alır. MLS liqasında oynayanda məktəb liqasında oynaya bilmirsən. Bir növ tam peşəkar futbolçu kimi çıxış edirsən, amma yalnız oxuduğun təhsil ocağının komandasında. Ümumiyyətlə, Amerikada valideynlərin övladları ilə bağlı planlara bu cür olur. Hamı istəyir ki, övladı futbolla yanaşı, təhsil də alsın.



- Hər futbolçunun arzuları var. Fərid gələcəkdə hansı komandanın şərəfini qorumaq arzusundadı?
- Fəridin əsas arzusu Azərbaycan millisinin şərəfini qorumaqdı. Bunu çox istəyir. Hər dəfə Azərbaycan millisi oynayanda himn səslənəndə ayağa qalxır, futbolçularla birlikdə himni oxuyur. Buna baxıram və fəxr edirəm. Hər bir futbolçu kimi “böyük beşlik” ölkələrinin klublarında oynamağı arzulayır. Bunun üçün çalışır, çox istəyir ki, arzusuna çatsın. Fərid “Sabah”da U-13 liqasında oynamağa hazırlaşarkən biz Amerikaya köçdük. Onun məşqçilərindən də soruşa bilərsiz. Ruhin müəllim, Samir müəllim onun fərdi məqçiləri olub. İstəmişik ki, Fərid futbolun sirlərini lazımınca öyrənsin.



- Son sualımda sizdən Amerika və Azərbaycandakı uşaq futbolu, şərait, məşqlər ilə bağlı paralellər aparmağınızı rica edirəm.
- Bəzən deyirlər ki, Amerikada futbol yoxdu. Mən bu fikirlə razı deyiləm. Amerikada futbol üçün çox gözəl şərait var. Təbii örtüklü meydançalar, lazımı infrastruktur mövcuddu. Bir şəhərdə 20-ə yaxın meydança var. Məktəblərin hər birinin həyətində azı iki meydança olur. Biri təbii örtüklü, bir də süni meydançalar. Biz Massaçusetsdə yaşayırıq, burda qar çox yağır. Soyuq yer olduğu üçün təbii meydançalarda yaz və payız vaxtı oynanılır. Mənfi 20 dərəcəyə qədər soyuq olur. Ona görə də futbol oynamaq mümkün deyil. Amerikada uşaqlar 19 yaşdan sonra peşəkar liqalara gedirlər. Onlar da əsasən universitet və kollec komandalarına qəbul olur, həm oxumağı, həm də oynamağı hədəfləyirlər. Komandalarda ən azı iki məşqçi olur, hər şey peşəkarlıqla aparılır. Mən də məşqləri diqqətlə izləyirəm. Bazar günü çempionatın oyunu olanda iki gün əvvəl məşqçilər yoxlama oyunu keçirirlər ki, futbolçuların oyun təcrübəsi də qaydasında olsun. Müxtəlif yaş qrupları arasında oyunlar keçirilir ki, uşaqların gücü görünsün. Əminliklə deyə bilərəm ki, Amerikada futbol Azərbaycandan çox üst səviyyədədi. Fərid məktəbdən gəlir, çantasını götürüb məşq etməyə gedir. Pul ödəmək lazım da deyil, stadionlar təmiz və səliqəli. Ot örtüyü ideal, axşamlar projektorlar yanır. Futbol üçün hər şey var. Sadəcə, valideynlər uşaqların təhsilini də düşünür, universitet komandalarına yönəldir. Hər bir ali təhsil ocağının ayrı-ayrı idman növləri üzrə komandaları var. Hər kəs öz seçiminə uyğun futbol, basketvol, voleybol, tennis oynaya bilər. Ona görə də bir çoxu hobbi kimi özünə uyğun idman növünə yönəlir. Bəzən MLS skautları universitet komandalarına baxmağa gəlir ki, təhsili bitirdikdən sonra həmin futbolçuları peşəkar klublara cəlb etsinlər. Bu da 22-23 yaşında həmin futbolçulara peşəkar müqavilə bağlamağa imkan verir. Qazancları da yüksək olur. Ən aşağı maaş illik 200 min dollar olur. Yəni bir MLS klubunda ehtiyatda oturan futbolçu ildə bu qədər qazan bilir. Ona görə də heç də hər kəs Avropaya futbol oynamağa yollanmaq üçün həvəs göstərmir. Güclü futbolçular daha çox qazanır. Buna da qane olurlar. Məşqçilərlə bağlı da vəziyyət eynidi. Məşqçilər uşaq liqasında illik ən azı 150 min dollar maaş alır. Azərbaycanın uşaq futbolunu izləyirəm internetdən. Görürəm ki, məşqçilər uşaqdan nəticə tələb edir. Bu məqam bizim futbolu geri salır. Amerikada uşaq komandası uduzanda məşqçi futbolçuları başına yığır, onlara dəstək verir. Mənim bir övladım da var, 2009-cu il təvəllüldü, o da futbol oynayır. O da qapıçıdı, bəzən olur ki, səhv edir, onun səhvindən komanda uduzur. Amma məşqçi oyundan sonra onu çağırıb deyir ki, sən bu gün əla oynadın. Məşqçinin, valideynin dəstəyi uşaq üçün çox vacibdi. Azərbaycanda səhvə görə valideyn, məşqçi uşağı danlayır. Uşaq səhv edə bilər, ona dəstək olmaq lazımdı. İmkan vermək olmaz ki, uşaqda psixoloji gərginlik yaransın. Məşqçiləri də qınamaq olmur, klub rəhbərliyi də onlardannəticə tələb edir. Azərbaycanın futbol məktəblərində, akademiyalarda uşaq yetişmir. Elə istedadlı uşaqlar görmüşəm ki, indi onların heç biri futbolda yoxdu. O səbəbdən də Amerika ilə Azərbaycandakı uşaq futbolunu müqayisə etmək çox çətindi, fərqlər böyükdü. Çox istəyirəm ki, bizim futbolumuz inkişaf etsin.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Seçilən
97
Mənbələr
Şərh ()
Bağla