AZ

Gürcüstanda etiraz: keçmiş nazir də aksiyada saxlanılıb

Gürcüstanda

Qərbdə kəskin tənqid olunan “xarici agentlər” haqqında qanun layihəsinə qarşı Tbilisinin mərkəzində minlərlə insanın iştirakı ilə keçirilən mitinq zamanı Avropaya inteqrasiya üzrə keçmiş nazir Aleksi Petriaşvili də saxlanılıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Petriaşvilinin saxlanılmasını əks etdirən kadrlar yayılıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Petriaşvili İnzibati Məcəllənin 166 və 173-cü (xırda xuliqanlıq və polisə tabe olmama) maddələri üzrə tutulub.

Xatırladaq ki, Petriaşvili 2012-ci ilin oktyabrından 2014-cü ilin noyabrına qədər Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə dövlət nazirliyinə rəhbərlik edib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən aksiyanın iştirakçıları qanunvericilik binasının yaxınlığında yerləşən süni hasarları sökməyə cəhd ediblər və bu səbəbdən vəziyyət gərginləşib.

Bazar günü axşam Tbilisidə Gürcüstanın Avrointeqrasiyasını təhdid edən “xarici agentlər” haqqında qanun layihəsinə qarşı minlərlə adamın nümayişi keçirilib, burada polislə toqquşmalar olub. Bundan əvvəl isə Gürcüstan parlamentinin spikeri ABŞ-nın “Xarici təsirin şəffaflığı haqqında” qanunu tənqid etməsinə cavabında faktiki olaraq dövlətləri Gürcüstanın ictimai təşkilatlarına qrant dəstəyi vasitəsilə “radikallaşma və dezinformasiyanı maliyyələşdirməkdə” ittiham edib.

Bundan öncə ABŞ Senatındakı ikipartiyalı qrup aprelin 26-da Gürcüstanın baş nazirinə məktub göndərərək xəbərdarlıq edib ki, əgər yeni təqdim olunan “xarici agentlər” qanun layihəsi qəbul edilərsə, onlar ABŞ-nın Gürcüstan siyasətində dəyişiklik etməyə məcbur olacaqlar.

Onu da qeyd edək ki, layihəyə ikinci oxunuşda baxılması aprelin 29-na planlaşdırılır. Həmin gün hakim “Gürcü arzusu” partiyası öz tərəfdarlarını mitinqə dəvət edib.

E. KAMAL
Seçilən
42
22
Mənbələr
Şərh ()
Bağla