AZ

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri narkotik vasitələrin fəsadları barədə məlumatlandırılıb

Bakı, 29 aprel, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verib. Eyni zamanda, tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla