AZ

"Turan Tovuz"un puç olan ümidləri 

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində "Neftçi" "Turan Tovuz"u qəbul edirdi. Bu matçdakı 3 xal hər iki komanda üçün hava və su kimi vacib idi. "Turan Tovuz" az da olsa, avrokubok iddialarını davam etdirmək niyyətində olduğu halda, "ağ-qaralar" gümüş medalları hədəfləyir. Kubokun əldən çıxdığını anlayan Bojoviç və yetirmələri maksimum dərəcədə Premyer Liqaya köklənməyə çalışırlar. Hər keçən gün komandada qalmaq şanslarının azaldığını anlayan Miodraq Bojoviç heç olmasa, ikinciliyi təmin edərək özü üçün ümid yeri saxlamağa düşünür.

Qarşılaşma gözlənildiyi kimi "Neftçi"nin üstünlüyü ilə başladı. Bunun da məntiqi nəticəsi kimi Filip Ozobiç erkən qolla hesabı açdı. Qoldan ruhlanan komanda hücumlarını davam etdirir, rəqib qapısına yol tapmağa çalışırdı. Hücumların birində "Turan Tovuz"un cərimə meydançası daxilində Buruno Qolçalvesin kobud oyunundan sonra matçın baş hakimi Rəvan Həmzəzadə penalti nöqtəsini göstərdi və Yuri Matias hesabı 2:0 etdi. Matçda son nöqtəni Rəhman Hacıyev qoydu. Hacıyev penaltidən fərqlənərək hesabı fərqi üçə çatdırdı. Buna qədər isə "Turan Tovuz"un futbolçusu Buruno Qolçalves 63-cü dəqiqədə idmançıya yaraşmayan hərəkətinə görə meydandan qovuldu. Beləliklə, qarşılaşma "flaqman"ın qələbəsi ilə başa çatdı.

Hazırda aktivində 50 xalı olan "Neftçi" "Sumqayıt"la eyni xala malikdir, 2 və 3-cü pillələri bölüşürlər. Bu gün "Zirə"nin "Araz-Naxçıvan" üzərində mümkün qələbəsi paytaxt klubunu yenidən 4-cü pilləyə yuvarlayacaq. "Neftçi"ni qarşıda 4 vacib oyun gözləyir. Komanda əgər avrokuboklarda iştirak etmək və "gümüş"ü hədəfləriysə, bu oyunların hər birində qələbə qazanmalıdır. Bojoviçin yetirmələri 33-cü turda yenidən "Qarabağ" səfərinə yollanacaqlar. Bir neçə gün öncə ölkə kubokunun yarımfinalında "Qarabağ"a məğlub olan komandanin həmin matçda hansı nəticəni göstərəcəyi maraqlıdır. "Qarabağ"a məğlubiyyət "ağ-qaralar" üçün ağır zərbə olacaq.

"Turan Tovuz"la matçı "Neftçi" üçün əlamətdar edən hadisələrdən biri də "Forza Neftçi"nin yenidən tribunalara dönməsi idi. Bu matçdan əvvəl klubun azarkeşlərə müraciəti və fan-klubun bu çağırışa müsbət cavab verməsi alqışlanası addım olsa da, məsələyə başqa çərçivədən baxdıqda, olduqca acınacaqlıdır. "Neftçi" kimi klubun bu hala düşməsi, azarkeşlərin stadiona qayıtması üçün onlardan dəfələrlə xahişlər edilməsi "Neftçi" adına yaraşmayan haldır. Hər bir klub yaxşı günlər keçirməyə bilər, lakin "Neftçi"də davam edən qeyri-stabillik və bəzi məsələlərin öz həllini tapmaması azarkeşləri komandadan üz döndərməsinə səbəb olub.

"Turan Tovuz" üçün isə demək olar ki, avrokubok xəyalları puç oldu. Bölgə təmsilçisi hazırda 42 xalla 7-cidir. Komandanın baş məşqçisi Ayxan Abbasov mövsümün əvvəlində avrokubok iddialarının olmadığını bildirsə də, son turlarda bu amal uğrunda mübarizə aparırdılar. Lakin nə xal fərqi, nə də komandanın oyun üstübü buna verirdi. Adıçəkilən komanda futbolçuların keyfiyyət və oyun planı baxımından rəqiblərindən geri qalır. Ona görə də belə komandanın Premyer Liqada iştirakından qısa müddət sonra Avropa səhnəsinə çıxması məntiqə uyğun gəlmir.

Məlik Məlikov
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla