AZ

“Qəbələ” harada oynasın: Premyer Liqa, yoxsa I Liqa?

Azərbaycan Premyer Liqasının XXXII turu “Qəbələ”nin sonuncu yeri tutacağını rəsmiləşdirib.

İdman.biz bölgə təmsilçisinin növbəti mövsümdə hansı liqada oynaması ilə bağlı sorğu keçirib.

Azərbaycan çempionatlarında 2 gümüş və 3 bürünc qazanan, 2 dəfə Azərbaycan kubokunu başı üzərinə qaldıran və 3 dəfə finalda uduzan “qırmızı-qaralar” reqlamentə uyğun olaraq I Liqada oynamalıdır. Lakin iki dəfə Avropa Liqasının qrupuna düşən, ölkədə ən yaxşı akademiyaya malik klubun komanda sayının artırılması hesabına elitada qalması ehtimalı da mövcuddur.

Əgər “Qəbələ” Premyer Liqanı tərk etsə, ardıcıl ikinci il buna köklü klub üzüləcək. 2006/07 mövsümündən elitada oynayan “qırmızı-qaralar”dan bir il öncə Premyer Liqanı 1999-cu ildən burada çıxış edən “Şamaxı” tərk edib.

Elxan Abullayev (U-18 millimizin baş məşqçisi): “Təəssüflər olsun ki, "Qəbələ" Premyer Liqanı tək edir. Komandanın qalması və ya getməsi bizdən asılı bir şey deyil. Mən idman prinsipinin qorunmasını istəyirəm. Əsas olan budur. Qaydaları pozmaq olmaz. Əgər bir komanda Premyer Liqada axırıncı yerdədirsə, buranı tək etməlidir. "Qəbələ"nin yerinə başqası gəlməlidir. Bir komandaya güzəşt etsək, deməli, bundan öncəki çempionatlarda başqalarına haqsızlıq etmiş oluruq. Kiminsə haqqına girmək olmaz. Ona görə də düzgün bir hal deyil. İdman prinsipinə sadiq qalmaq naminə "Qəbələ" çıxmalıdır”.

Ramiz Musayev (PFL-in sabiq prezidenti): “Reqlamentə görə "Qəbələ" getməlidir və aşağı liqadan bir klub Premyer Liqada çıxış etməlidir. Lakin mətbuatdan izlədiyim qədəri ilə AFFA-nın yeni prezidenti Rövşən Nəcəfov komanda sayının artırılması ilə bağlı tapşırıqlar verib. Düşünürəm ki, bu say 12-yə yüksələrsə, "Qəbələ" qalmalıdır. Çünki onların infrastrukturu digər klublardan artıqdır ki, əksik deyil. Şəraitləri, akademiyası və stadionlarının sayı da üstündür. Lazım olduqda PFL və ya AFFA "Qəbələ"nin arenasından təmənnasız istifadə ediblər. Belə bir komandanın aşağı liqaya düşməsi orada futbolun itməyi deməkdir. Sözsüz ki, komanda aşağı liqada da çıxış edə biləcək. Amma əvvəlki abu-hava olmayacaq. Stadionların vəziyyətinə əvvəlki kimi diqqət ayrılmayacaq. Əgər komanda sayı artırılsa, aşağıdan gələcəklər arasında "Qəbələ"yə rəqib yoxdur. Belədə seçim edilməlidir. Sözsüz ki, “Zaqatala”, “Şamaxı” Premyer Liqaya gələ bilər. Amma o komandaların heç birində "Qəbələ"dəki kimi şərait yoxdur. Onların düşməsi Azərbaycan futbolu üçün itkidir”.

Arif Əsədov (millinin məşqçisi): “Artıq demək olar ki, "Qəbələ" güclər dəstəsini tərk edib. Təəssüfləndirici andır. Bunu istəməzdik. Mövsümün sonunda komandalarının sayının artırılması ilə bağlı qərar verilərsə, "Qəbələ"nin qalıb-qalmaması ilə bağlı suallar var. Hamımız onu Premyer Liqada görmək istəyirik. Amma reqlamenti pozmaq baxımından bu da qaydalara zidd olduğu üçün düzgün deyil. Uşaq futbolu baxımından "Qəbələ" artıq akademiya kimi formalaşıb. Yeni baş məşqçinin gəlişindən sonra bir şeyi müsbət qiymətləndirərdim ki, Kaxaber Tsxadadze akademiyadan olan gənc oyunçulara üstünlük verdi. Biz də hər zaman mövsümün əvvəlində artıq bu strategiya ilə işləmək lazım olduğunu deyirdik. Onsuz da heyət dəyişmişdi. Əvvəldən bu cür etsəydilər, artıq komandada həm milli, həm də klub üçün püxtələşənlər olacaqdı”.

Ceyhun Sultanov (yığmanın sabiq futbolçu): "Qəbələ"nin sonuncu olması üzücüdür. Amma bu, reallıqdır. İstərdim ki, Premyer Liqada qalsınlar. İdman prinsipləri isə 10 komanda olarsa, biri getməlidir, deyir. Yox, əgər say 12-yə qaldırılacaqsa, "Qəbələ"ni saxlamaq mümkündür. Birinci divizionda olan komandalarla pley-off da oynaya bilərlər. Bu, idman prinsiplərinə zidd deyil. Fikrimcə, "Qəbələ"ni belə saxlamaq olar. Əks təqdirdə, başqa cür mümkün deyil”.

Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): "Qəbələ"nin ölkənin futbol tarixində özünəməxsus yeri var. Bu klub ölkə kubokunu ardıcıl iki dəfə qazanıb, avrokubokların qrupunda mübarizə aparıb. Söhbət cari mövsümdən gedirsə, "Qəbələ"yə heç cür haqq qazandırmaq mümkün deyil. "Qırmızı-qaralar" 96 mümkün xaldan cəmi 17-ni qazanıblar. Mövsümün gedişində baş məşqçini dəyişsə də, yenə də nəticələrdə və oyun səviyyəsində dəyişiklik edə, oyununu keyfiyyət baxımından yeni səviyyəyə qaldıra bilməyib. Mən idman prinsipinə əməl olunmasının tərəfdarıyam. "Qəbələ" yeni mövsümə I Liqada başlasa, daha yaxşı olar. Buyurub aşağı liqada özünü göstərsin və yenidən elitaya qayıtsın. Bu daha məntiqli və ağıllı yanaşmadır. Süni şəkildə komanda sayının artırılmasının da tərəfdarı deyiləm. Bu ideyanı bəyənmirəm və bunun üçün də dəlilərim var. Təsəvvür edin ki, bu gün ölkə çempionatının elitasında mübarizə aparan komandalardan dördü Bakı Olimpiya Stadionun meydançasında məşq edir. Bundan əlavə, faktiki qaçqın həyatı yaşayırlar. Öz doğma stadionundan qaçqın düşüblər. Belə olduğu halda da komandaya sayını 12-yə çatdırmaq düzgün deyil. Yaxşı olar ki, idman prinsipinə əməl olunsun və aşağı dəstənin güclüsü elitaya gəlsin, "Qəbələ" isə I liqaya yollansın. Azərbaycan futboluna zərbə dəyəcək, dünya dağılmayacaq. Amma "Qəbələ"nin akademiyasından çıxan uşaqların aqibətinin necə olması insanı düşündürür. Yəni onları həmin maliyyə ilə saxlaya biləcəklər, ya yox... Ən yaxşısı komanda sayını 12 edib, "Qəbələ"ni saxlamaqdır”.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla