AZ

Mikael Silkeberq: Özümü evimdəki kimi hiss etdiyim tolerant Azərbaycanda tamamilə ayrı bir dünyanı kəşf etdim – MÜSAHİBƏ

Mikael

Bakı, 29 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycanın çoxəsrlik tarixi, inkişaf etmiş mədəniyyəti, zəngin irsi təkcə azərbaycanlıları deyil, həm də müxtəlif elm və mədəniyyət sahələrində çalışan əcnəbi alimlərin, mütəxəssislərin diqqətini çəkir, onların qəlblərini fəth edir. Koloritli Azərbaycan mənzərələri də tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin böyük marağına səbəb oldu. Onun yaradıcılığı filmlərdən və tamaşalardan fotoşəkillərin geniş spektrini əhatə edir, həmçinin rəssamların portretlərini, mənzərələri, kommersiya və Kral sifarişlərini ehtiva edir. Onların bir neçəsi Stokholmda və Parisdə sərgilənib.

Dünyanın bir çox ölkələrinə səyahət edən Mikael çox maraqlı əsərlər yaradıb. Amma məhz Odlar yurdu fotoqrafın qəlbində həmişəlik qalıb, “Xarıbülbül haqqında əfsanə” və “Odinin şifrəsi” filmlərinin ərsəyə gəlməsi ilə nəticələnib.

Mikael Silkeberq AZƏRTAC-a müsahibəsində gördüyü işlər və qarşıdakı layihələrdən bəhs edib.

-Mikael, Azərbaycana marağınız necə yarandı?

-2021-ci ildə kütləvi informasiya vasitələri nümayəndələrinin İstanbula səfəri zamanı atamın dostu olan və Stokholmda yaşayan Rəhim Sarıbəyli ilə rastlaşdım. O, Azərbaycana birlikdə səfər etməyi təklif etdi. Ümumiyyətlə, həmişə Şərq ölkələrinin tarixi ilə maraqlanmışam, İpək yolunun keçdiyi marşrut, buradakı ticarət zamanı mədəniyyətlərin mübadiləsi olduqca maraqlıdır. Mən məmnuniyyətlə razılaşdım. Azərbaycana gəldikdə, məni heyrət bürüdü. Bu tolerant ölkədə dinlərin və mədəniyyətlərin sintezinin şahidi oldum. Mehriban, qonaqpərvər insanlar məndə böyük təəssürat doğurdu, onların dünyanın heç bir yerində görmədiyim dərəcədə xeyirxahlığını hiss etdim. Mən Danimarkada böyümüşəm və bu səfər yenidən vətənə qayıtmağıma bənzədi. Ölkəniz məni heyran etdi: burada Avropa ilə Asiya birləşir. Bu kiçik ərazidə həm qədim, həm də müasir olan bir çox maraqlı abidələr var. Azərbaycanda mənim üçün tamamilə başqa bir dünya açıldı.

Eyni zamanda, artıq Şuşaya da səfər etmək mümkün idi və orada da böyük təəssürat aldım. Mən Azərbaycanın mədəniyyət mərkəzində görkəmli şəxsiyyətlər haqqında daha çox məlumat əldə etmək istədim. Natəvanın, Vaqifin yaradıcılığı məni valeh etdi. Həmçinin poeziya janrı kimi qəzəllərdən də zövq aldım.

Qarabağda dəhşətli dağıntılardan sonra Azərbaycan xalqının bu abidələri bərpa etmək səyləri məndə böyük təəssürat doğurdu. Bu xalqın nikbinliyi, gələcəyə inamı var. Hamı başa düşürdü ki, bir vaxtlar öz evlərini tərk etmiş insanlar yurdlarına qayıtmalıdır.

-Beləliklə, bu, sizin Azərbaycana birinci səfəriniz oldu. Gördüklərinizə heyran oldunuz, oradan hansı düşüncələrlə ayrıldınız?

-Bir fotoqraf kimi, mənim üçün Qarabağda bərpa prosesini sənədləşdirmək mühüm idi. Mən bunu edə bildim. Sonradan Stokholmun Köhnə şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş sərgi təşkil etdim. Bu dəhşətli faciəni isveçlilərin diqqətinə çatdırmaq mənim üçün əhəmiyyətli idi. Axı onlar üçün bu qədər çox sayda insanın az bir müddətdə ev-eşiyindən məhrum olmasını başa düşmək çətindir.

Şuşada olduğumuz zaman düşünürdüm: burada eşitdiyim hadisələr mənə tanışdır. Qeyd etdiyim kimi, Danimarkada böyümüşəm və bilirəm ki, Hans Xristian Andersen öz nağıllarında tez-tez qızılgüldən, bülbüldən bəhs edirdi. O, bu personajlar və rəmzlər vasitəsilə qəhrəmanların faciəli hisslərini çatdırırdı. Nəticədə, mən “Xarıbülbül haqqında əfsanə” adlı film çəkdim. Bu ekran əsəri muğamdan və Şuşanın görkəmli şəxsiyyətlərindən bəhs edir. Mənim bu ilk ekran əsərim Azərbaycanın 50 səfirliyində nümayiş etdirilib.

Filmdə, həmçinin mənim tanımadığım ölkəyə səfərimdən bəhs edilir. Orada özümü yad kimi hiss edirəm. Danimarkada yaşayanda, orada da bir isveçli kimi onlara yad idim. İsveçə gəldiyimdə isə yenə özümü onlardan biri kimi hiss etmirdim, belə ki, burada danimarkalı idim. Azərbaycanda olduğumda isə özümü doğma hiss etdim. Bu ölkə ilə müəyyən bir bağlarımın olduğunu düşündüm.

-Siz Azərbaycan haqqında “Odinin şifrəsi” adlı daha bir film çəkdiniz. Bu ekran əsəri aprelin 30-da ADA Universitetində nümayiş etdiriləcək. Filmin yaradılması ideyasından bəhs edərdiniz.

-Mənim ikinci filmim – “Odinin şifrəsi” Skandinaviya, Mərkəzi Asiya və Azərbaycan arasında əlaqələrdən, Tur Heyerdalın müşahidələrindən bəhs edir. Mən İsveçdə, Norveçdə, Danimarkada, həm də Azərbaycanda bir çox tədqiqatçı ilə söhbət etmişəm və gördüm ki, bu mövzuda olan biliklərdə müəyyən boşluqlar var. Qripsholm qəsrində runik memorial daşlar var, onların üzərində Xəzər dənizində fəlakəti əks etdirən mətn qazılıb. Amma tədqiqatçılar təkcə Qərbə yollanan tacirlərdən danışırlar, onların çox az hissəsi Şərq yolundan bəhs edir. Açıq-aşkar əlaqələr var, amma heç kim onları görmək istəmir. Uppsal Universitetinin petroqlifləri öyrənən alimləri təkcə qurğuşun yataqları olan İngiltərə ilə ticarətdən bəhs edirlər, hərçənd həmin yataqlar Qazaxıstanda da mövcuddur. Belə bir təəssürat yaranır ki, alimlər Şərqlə əlaqələrin qurulmasına müqavimət göstərirlər. Axı rəmzlər, məzarlar, petroqliflər, qayaüstü rəsmlərin olduğu Qobustan və Skandinaviya arasında sıx əlaqələri görmək mümkündür.

İsveçdəki dərsliklərdə 500 il əvvələ aid geniş materiallar tapmaq olar, amma Odinin xalqının Azərbaycandan Skandinaviyaya köçdüyü 2000-3000 il əvvəl baş verən hadisələr və proseslər haqqında məlumat azdır. Azərbaycanda olduğun zaman Qəbələdə xristianlıq dininə mənsub udinləri gördükdə, bütün bunlar daha aydın olur. Məlum olur ki, məhz miqrasiya prosesi bizə mədəniyyət və din bəxş edib. Odinin şifrəsi də məhz bundan ibarətdir. Azərbaycana səfər zamanı tarixdəki boşluqları doldurmaq mümkündür.

Azərbaycanlıların geniş bilikləri və intellekti məndə böyük təəssürat doğurur. Astrid Lindqren və Hans Xristian Andersen haqqında burada mühazirələrin oxunduğunu öyrəndiyimdə, çox təəccübləndim. Orada rejissorlar Lukas Mudissonu və Roy Anderssonu yaxşı tanıyırlar. İsveç mədəniyyəti haqqında geniş biliklərə malikdirlər. Belə olan şəraitdə özümü evdəki kimi hiss etdim. Gənc nəsil isə səylə təhsil alır və müstəqil şəkildə geniş biliklər əldə etməyə çalışır.

Sevinirəm ki, “Odinin şifrəsi” universitetdə nümayiş etdiriləcək.

-Yeni layihələrlə bağlı planlarınız varmı?

-ADA Universitetində filmin nümayişindən sonra çoxlu maraqlı yerlərin olduğu Naxçıvanda yeni filmin çəkilişlərinə yollanıram. Bu filmi Nuhun gəmisi mifindən başlamaq istəyirəm, həmçinin türk-monqol fatehi Teymurləng barədə bəhs etmək arzum var. Filmin ilkin adı “Nuhun izi ilə”dir. Mənim birinci kino əsərlərim İsveçdə, Norveçdə, Danimarkada və Azərbaycanda lentə alınıb, bu filmin çəkilişləri isə təkcə Naxçıvanda olacaq və böyük ehtimalla sentyabrda baş tutacaq. Filmin premyerasını Stokholmda keçirməyi planlaşdırıram.

-Görünür ki, Azərbaycan çox xoşunuza gəlib. Nə vaxtsa oraya köçmək fikriniz varmı?

-Bəli, həqiqətən də orada yaşamaq istərdim. Amma düşünürəm ki, əgər oraya köçsəm, hər şey mənim üçün adiləşəcək. Bu, isveçlilərə xas olan problemdir. Onlar necə bir cənnətdə yaşadıqlarını anlamırlar. Bəli, İsveç soyuq və darıxdırıcı mövsümləri olan uzaq Şimal ölkəsidir, amma burada çox maraqlı mədəniyyət və möhtəşəm yerlər var. Lakin biz bütün bunlara adi bir şey kimi baxırıq. Dünyanın sonuncu vəhşi təbiəti Laplandiyadadır, amma biz Kanadaya və ya Alyaskaya gedirik. Zənnimcə, Azərbaycana köçsəm də həmin effekt alınacaq. Burada isə daha çox iş görə bilərəm.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14961
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14946
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14934
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12590
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11036
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8962
"Zaur, yenə çaşdın..." - VİDEO
7668
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5807
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4414
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4386
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4080
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3996
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3761
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3117
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3092
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2862
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2852
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2707