AZ

“Neftçi”ni yayda kimlər tərk edəcək?

Cari mövsümdə ən çox tənqid atəşinə tutulan komandalardan biri, bəlkə də birincisi “Neftçi”di. Komandanın uğursuz nəticələri və qeyri-sabit çıxışı azarkeşlərin özündən çıxmasına, hətta boykot qərarı verməsinə gətirib çıxarıb. İndi hər oyunda klub rəhbərliyi və baş məşqçiylə yanaşı, futbolçular da tənqid olunur. Bəziləri isə uğursuzluğun əsas səbəbini oyunçuların keyfiyyətsizliyi ilə əlaqələndirir. 

Deyilənlərə görə, "Neftçi" müqaviləsinin müddəti yayda bitəcək futbolçuların əksəriyyətiylə yollarını ayıracaq. Əvəzində komandaya faydalı olacaq oyunçular dəvət edəcək. Bu mənada əsas diqqət klubla sözləşməsinin müddəti mövsümün sonunda bitəcək futbolçulara yönəlir. Belələrinin sayı isə kifayət qədərdi. Bəs “Neftçi” ilə anlaşması 2024-cü ilin iyununa qədər nəzərdə tutulan oyunçular kimlərdi? Belə ki, 12 nəfərin müqaviləsinin müddəti yayda başa çatır. Bunlar Aqil Məmmədov, Rza Cəfərov, Höccət Haqverdi, Azər Salahlı, Ömər Buludov, Eddi İsrafilov, Rəhman Hacıyev, Ataa Caber, Dieqo Valdes, Reziuan Mirzov, Kilan Lebon və Lukas Melanodu.

Bəs bunlardan hansılarınn “ağ-qaralar”dan gedişi real görünür? Mövzuyla bağlı tanınmış menecer Erkin İbrahimovun fikirlərini öyrənməyi lazım bildik. Onun sözlərinə görə, sözügedən futbolçuların məhsuldarlığının aşağı olması təkcə onların günahı deyil:

“Futbolçuya qiymət verməzdən əvvəl hansı şəraitdə, hansı klubda, hansı oyundaşlarla birlikdə oynadığını təhlil etmək lazımdı. Olanareyə mən deyirdim bu nə futbolçudu? Amma yeni transfer edildiyi "Molde"nin kubok oyununda dubl etdi. Yuri Matias kimi futbolçu "Qarabağ"da oynasa, tam başqa cür çıxış edəcək. "Neftçi"də mütləq hansısa islahatlar aparılmalıdı. Əlbəttə, futbolçuların potensialını ortaya qoya biləcək baş məşqçi lazımdı. "Hamısı pisdi" deyib komandadan uzaqlaşdırmaq düzgün olmaz. Yenə Adrian Mutu, Miodriq Bojoviç kimi məşqçi gəlsə, klub belə idarə olunsa, bir ildən sonra deyəcəyik ki, bu 15 futbolçunun hansını yola salaq? Əlbəttə, "Neftçi"nin səviyyəsinə görə dəyərləndirsək, Lukas Melano oynamırsa, o legionerin klubda nə işi ola bilər?! Legionerlərdən Yuri Matiasdan başqa heç biri "Neftçi"yə xeyir vermədi”.

Düşüncələrini öyrəndiyimiz başqa təcrübəli mütəxəssis Vaqif Heydərli isə siyahıda olan futbolçulardan bir neçəsini qalacağını düşünür:

“Sırf nəticələrə görə dəyərləndirsək, oyunçulardan Rza Cəfərov, Rəhman Hacıyev, Kilan Lebon və Eddi İsrafilovun müqavilələrinin artırılma şansı başqalarından daha çoxdu. Yenə də son qərar rəhbərlik tərəfindən veriləcəyindən əmin danışmaq olmur. “Sağ göstərib, sol vuracaqlarsa”, adını çəkmədiyim futbolçuların müqaviləsini artırıb, komandada saxlayacaqlar”.

RÖYANƏ OĞUZ
Seçilən
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq