AZ

“Flaqman adını “Neftçi”dən alıb “Qarabağ”a verdilər”

Birvaxtlar ölkə futbolunun flaqmanı sayılan “Neftçi”nin durumu nəinki öz azarkeşlərini, futbolsevərlərin əksərini narahat edir.

"Football-plus.az" xəbər verir ki, futbolunda sözünü demiş komanda indi “Qarabağ”dan iki oyunda 8 qol buraxıb, “Azərbaycan derbisi” ifadəsi o qədər miskinləşib ki, çətiri altına adamları yığmaq çətindi. “Köhlən atlar” üzərində sonuncu qələbəsini 2021-ci ildə Samir Abasovun rəhbərliyi altında qazanan “Neftçi” bir dəfə də heç-heçəyə nail olub. Vallah-billah, belə derbi olmur. “Neftçi”nin vəziyyəti ilə bağlı vaxtilə bu klubun vitse-prezidenti olmuş Ramin Musayevlə söhbətləşdik:
“Məktəbli olarkən bir nağıl oxumuşdum. Deməli, üç quş olur. Biri arabanı suya, digəri quruya və bir başqası havaya çəkir. “Neftçi”nin indiki durumu da belədi. O klubda rəhbər, söz sahibi bir nəfər deyil. Ona görə də “Neftçi”nin durumunun yaxşı olacağını gözləməyin. Klubda vəziyyət o zaman yaxşı olacaq ki, yaratdıqları Müşahidə Şurası ləğv olunsun, həmin qurumun içindəki şəxslərdən futbola ən çox həvəsi olan birinə səlahiyyət verilsin. O da göstərişlərini bir şəxsə verməlidi. Hansı ki, həmin şurada bu işin öhdəsindən gələ biləcək Zaur Qəhrəmanovu tanıyıram. Yoxsa “Neftçi”dəki adamlardan hansını dindirirsən, cavab verir ki, “Ramin müəllim, biri deyir elə get, biri də deyir belə get. Bilmək olmur ki, kimə qulaq asasan”. Bu üzdən də onların vəziyyəti yaxşıya doğru düzəlmək üzrə deyil və düzələsi də deyil. İndiki vəziyyətdə, bu rəhbərliklə, yəni Müşahidə Şurasının göstərişiylə “Neftçi” heç vaxt qabağa gedə bilməyəcək. Göstərişi 1 nəfər verər, 10 nəfər rəhbər ola bilməz. Nə qədər ki, rəhbərlərin sayı çox olacaq, o qədər də problemlər yaşanacaq”.


- Dediklərinizdən belə başa düşülür ki, problem baş məşqçidə deyil. Yəni Miodraq Bojoviçi göndərib yerinə başqasını gətirsələr, belə durum düzəlməyəcək?
- Vallah, kimi istəyirlər gətirsinlər, xeyri yoxdu. Bayaq da qeyd etdiyim kimi komandada söz sahibi bir nəfər olmalıdı. Mən də “Neftçi”də çalışmışam. Rövnəq Abdullayev mənə demişdi ki:
“Ramin, nə edirsən-et, komandanın durumunu mən səndən tələb edəcəm”.
Artıq bilirdim ki, rəhbərlik qarşısında mən cavab verəcəm və bu işin məsuliyyəti mənim üzərimdədi. Ona görə də canımla, başımla, bütün varlığımla çalışırdım ki, nəsə edə bilim. Şükürlər olsun ki, nəticə də əldə etmişik. Yəni pis də olmadı. Ancaq bu gün kənardan da baxırıq və içəri daxil olanda görürük ki, orda rəhbər, söz sahibi bir deyil, çoxdu. Söz sahibi çox olan yerlərdə isə hərc-mərclik də çox olur. Hərə bir söz deyir. Bir filmimizdə də deyildiyi, biri deyir oxu, biri deyir oxuma. “Neftçi”də də eyni vəziyyətdi. Buna görə də Müşahidə Şurasının bütün üzvləri “Neftçi”dən getməlidi və orda, sadəcə, Zaur Qəhrəmanov qalmalıdı. O da öz növbəsində tanıdığı, biliyinə inandığı futbol adamlarına göstəriş verməlidi, vəssalam. Əcnəbi məşqçi olmur, kim olur-olsun, yenə xeyri olmayacaq. “Neftçi” rəhbərliyinin yerinə olsam, komandaya əcnəbi yox, yerli məşqçi gətirərəm və tələbimi də qarşısına qoyaram. İnanıram ki, komanda əvvəli əzəmətinə qayıda bilər. Hazırda azarkeşlər küsüb, fanklub küsüb, yəni bütün “Neftçi”sevərlər küsüb. Baxmayaraq ki, şəxsən mən böyük bir qurumun rəhbəriydim, amma “ağ-qaralar”a azarkeşlik edirdim. Doğrudu, irad tuturdular ki, “Ramin müəllim, axı PFL-in rəhbərisiz, sizə hansısa komandaya azarkeşlik etmək olmaz”. Mən də cavabımda “niyə olmaz, olar, çünki mən “Neftçi”yə kömək etmirəm, sadəcə, daxilimdə, qəlbimdə “Neftçi”yə azarkeşlik edirəm. Ancaq bir hakim, bir kəs deyə bilməz ki, Ramin Musayev “Neftçi”yə kömək edir. Əsla” deyirdim. Daxilimdə sevirdim “Neftçi”ni və bu gün də sevirəm. Ancaq “Neftçi” əvvəlki “Neftçi” deyil. O klubu çox pis günə saldılar. Flaqman adını “Neftçi”dən alıb “Qarabağ”a verdilər. Bu, düzgün deyil axı. Lakin yenə də hesab edirəm ki, həyatda düzəlməyəcək heç nə yoxdu. Əvvəllər “ölümə çarə yoxdu” deyilirdisə, indi artıq ona da çarə var. Yəni ölümün də vaxtını uzatmaq olur. Ümid edirəm ki, “Neftçi”nin də çarəsi tapılacaq. İnanıram ki, Zaur müəllim bu çıxışımı oxusa, sözlərimi təsdiqləyəcək. O, gözəl, futbolu sevən insandı. Mənim “Neftçi”ni nə qədər sevdiyimi bilir və düzgün danışdığımı anlayacaq. Nə qədər ki, rəhbərlərin sayı çox olacaq, “Neftçi”ylə uğur qazanmaq mümkün olmayacaq. Ona görə ki, hamı sözü bir yerə qoymur, çəkici bir nöqtəyə vurmur. Hər kəs bildiyi kimi idarə etmək istəyir. Adicə götürək elə AFFA İcraiyyə Komitəsini. Çox olmuşuq ordakı iclaslarda. Hərə bir fikir səsləndirir. Sözsüz, son qərar verilir. Fəqət qərarın verilməsi yox, hansı qərarın verilməsi vacibdi. İclasdan əvvəl otururduq, müzakirələr aparırdıq ki, belə olmalıdı və ya elə olmalıdı. Hər şey təsdiqlənəndə ki, bəli, düzdü, doğrudu, bir də iclasın ortasında görürdün ki, fikir dəyişdi. Niyə? Kənardan bir nəfər belə məsləhət görüb, ona görə. Deməli, hamının fikiri qaldı bir yana, həmin bir nəfərin dediyi olmalıdı və olurdu da. Nəticəsi də göz qabağındadı”.

İllərlə klubda çalışmış PFL-in sabiq prezidenti islahatların zəruriliyini də vurğuladı:
“Mütləq şəkildə islahatlar olmalıdı. İlk növbədə isə həmin o 5-6 nəfərin əvəzinə bir şəxs bu işi öhdəsinə götürməlidi. Xüsusən də Müşahidə Şurasının general üzvü Orxan Sultanov. O insan bu işi öz öhdəsinə götürsə, yaxşı olacaq. Futbolu sevən biridi. Həmişə oyunlarda görmüşəm, fikirlərinə də qulaq asmışam. Həqiqətən də o, nəyi necə etmək lazım olduğunu bilir. Yalnız bundan sonra “Neftçi” əvvəlki gücünü və flaqman adını qaytaracaq”.


KAMAL SƏFƏR
Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq