AZ

Simon Kyaer mövsümün sonunda “Milan”ı tərk edəcək

Futbol üzrə Danimarka milli komandasının da liderlərindən olan Simon Kyaer cari mövsümün sonunda “Milan”dan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə təcrübəli müdafiəçinin maraqlarını təmsil edən futbolçu agenti Mikkel Bek bildirib.

Bekin sözlərinə görə, onun müştərisi İtaliya klubu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsini yeniləməyəcək. Bununla da Kyaer bu mövsümün sonunda “rossoneri”dən ayrılacaq:

“Simon dörd il böyük məmnuniyyətlə çıxış etdiyi klubla müsbət simdə vidalaşır. Hesab edirik ki, bu, düzgün qərardır. Bir dəfə Simon mənə dedi ki, o, mütləq “Milan”da oynayacaq – və gözəl şəkildə onun arzusu gerçəkləşdi. Simon karyerasında ən çox oyunu məhz “Milan”da keçirib. O, həmişə “Milan”ın əvvəlki səviyyəsinə qayıtmasına kömək etmək arzusunda olub və skudettonu qazanmaqla buna nail olub. Avropa çempionatından sonra azad agent olacaq Simon gələcək karyerası baxımından özü və ailəsi üçün ən yaxşı seçimi edəcək”, deyə futbolçunun agenti vurğulayıb.

Xatırladaq ki, Simon Kyaer 2020-ci ilin yanvar ayından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edir. 35 yaşlı müdafiəçi cari mövsümdə meydana çıxdığı 24 oyunda 1 məhsuldar ötürmə müəllifi olub. Kyaer bu komandanın heyətində indiyə qədər müxtəlif turnirlər çərçivəsində 120 matça çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Danimarka yığmasına da dəvət alan futbolçu, millidə 131 oyun keçirib, 5 qola imza atıb, 6 assist edib.

Kyaer daha öncə “Midtyulland”, “Palermo”, “Volfsburq”, “Roma”, “Lill”, “Fənərbaxça”, “Sevilya” və “Atalanta”da da forma geyinib.

“Transfermarkt” internet-portalı 35 yaşlı danimarkalı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla