AZ

Tehranın Tramp xofu - səbəb...

İran Baydenin qələbəsini istəyir, Azərbaycan isə...

“İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsi üçün Suriyadakı hərbi mövcudluğunu azaldıb”.

Bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Tehran keçmiş prezident Donald Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Bu səbəbdən Tehran konkret olaraq Baydenin regionda qalib gələ biləcəyini göstərmək istəyir.

Xatırladaq ki, Tramp 2018-ci ildə İranla 5+1 (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) formatında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb. Anlaşma Tehrana qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu. Həmçinin Trampın prezidentliyi dövründə, 2020-ci ildə “SEPAH”ın “Qüds qruplaşması”nın komandanı Qasim Süleymani aradan götürülüb.

Bu arada “Rasmussen Rerorts” tədqiqat mərkəzinin dərc etdiyi sosioloji sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının əksəriyyəti keçmiş prezident Donald Trampın noyabrda keçiriləcək prezident seçkisində qalib gələcəyinə inanır. Belə ki, respondentlərin 56%-i Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenə qalib gəlmə ehtimalının olduğunu bildirib. Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma aprelin 11, 14 və 15-də aparılıb. Sorğuda mindən çox insan iştirak edib və onlar 2024-cü ildə keçiriləcək prezident seçkisində səs vermək niyyətindədirlər.

Bəs İran Trampın qələbəsindən niyə ehtiyatlanır? Azərbaycana, Rusiyaya necə, Baydenin qalması, yoxsa getməsi sərfdir?

Fikrət

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, İranın ABŞ-da kimin prezident seçilməsinə cəhd etməsi heç nəyi dəyişmir: “Mövcud durum onu deməyə əsas verir ki, Trampın prezident seçkisində qalib gəlmək şansı daha çoxdur. Demokratlar isə Baydenin yenidən Ağ Evdə otura bilməsi üçün əllərindən gələni edirlər. Lakin görünən budur ki, hələlik üstünlük Trampın tərəfindədir. Bu ilin noyabr ayının 5-nə təyin olunmuş seçkilərdə kim qalib gələcək? Bu sual tək Amerika cəmiyyətini deyil, bütün dünyanı düşündürür. Seçkilərin keçiriləcəyi günə 6 aya yaxın vaxt qalır. Bu müddət ərzində dünyada cərəyan edən hadisələr necə inkişaf edəcək? Bu sualın cavabını demək olar ki, heç kim bilmir. ABŞ-da son dəfə keçirilmiş seçkilərdən sonra baş vermiş hadisələr hələ unudulmayıb. Trampın tərəfdarlarının Konqresin binasına hücumu və onların bu günə qədər həmin seçkilərin C.Baydenin xeyrinə saxtalaşdırıldığına əminliyi, qarşıdakı səçkilərdə vəziyyətin kifayət qədər "isti" olacağından xəbər verir.  

Bu seçkilərlə bağlı tanınmış politoloqların və siyasi şərhçilərin fikirləri də kifayət qədər fərqlidir. Bəziləri hətta hesab edirlər ki, bu seçkilərdə nə Bayden, nə də Tramp qalib gələ biləcək. Mən də bu fikirləri tam bölüşürəm. Seçkilərdən sonra ABŞ-da elə bir qarşıdurma yarana bilər ki, sonda bu seçkilərin nəticələrini ləğv edib, yeni seçkilər təyin etməkdən başqa seçim qalmaz. O halda Bayden də, Tramp da seçkidə iştirakdan məhrum edilə bilərlər. Bir sözlə, Amerika cəmiyyətini qarşıda bəlkə də tarixdə indiyə qədər olmamış bir seçki şousu gözləyir".

Sabiq nazir dedi ki, İranın bu seçkilərdə kimin qalib gəlməsinə çalışması heç nəyi dəyişə bilməz: “Bəli, İran hakimiyyəti Trampın prezidentliyi dövründə daha çox sıxıntılarla üz-üzə qalmışdı. Trampın təkidi ilə ABŞ-ın nüvə sazişindən çıxması, İrana bu saziş müqabilində tətbiq edilən sanksiyalarla bağlı problemlər yaşatdı. Rusiya-Ukrayna cəbhəsində hadisələrin necə inkişaf etməsindən, Yaxın Şərqdə İsraillə HƏMAS və digər hərbi qruplaşmalar arasında qarşıdurmaların necə yekunlaşacağından asılı olmayaraq, ABŞ-da seçkinin taleyini Birləşmiş Ştatların vətəndaşları həll edəcək. Trampın seçicilərinin böyük əksəriyyətinin onun özü kimi çılğın davranması da bu elitanın intellekt əmsalının (İQ) çox aşağı olması ilə izah edilir. Oxucularımızı inandırıram ki, bu adamların çoxu nəinki dünyadakı münaqişə ocaqlarının harada yerləşdiyindən xəbərsizdilər, onların böyük əksəriyyəti heç dünyanın neçə qitədən ibarət olduğunu belə bilmirlər. Belə elita isə həmişə təhlükəlidir...”

Əhəd

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Belə qəbul olunur ki, respublikaçılar dünyada insan haqları, demokratiyaya və s. demokratlardan daha az önəm verirlər. Ona görə də avtoritar üsulla idarə olunan dövlətlər respublikaçılarla daha rahat, tez ünsiyyət qururlar. Bu tam belə olmaya da bilər, amma ümumi baxış bu cürdür. Amma o da var ki, respublikaçılar xarici siyasətdə daha yırtıcı olurlar. Bu da ABŞ ilə rəqabətdə olan ölkələrin maraqlarına cavab vermir. Söhbət əgər məhz Trampdan gedirsə, bu da artıq başqa bir mövzudur. Çünki Tramp respublikaçıların düşərgəsində də birmənalı qarşılanmır. Bunu biz onun prezident dönəmində də gördük. Trampın prezidentlik müddəti həm də daxili istefalar, skandallarla yadda qaldı. Tramp gözlənildiyi kimi özünəməxsusluğu ilə seçildi. Qüds və Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıdı. Tarixdə ilk dəfə ABŞ Şimali Koreya ilə danışıqları başladı. Rusiya ilə münasibətləri normallaşdırmağa çalışdı. Türkiyə ilə yaxınlaşmaq istədi. Lakin İranla, əksinə, danışıqlardan çıxdı. Unutmayaq ki, Azərbaycan da torpaqlarını məhz Tramp dövründə azad etdi. Düzdür, bu onun axırıncı ayları idi, amma fakt yenə də faktlığında qalır. Trampın seçilməsində Rusiyanın əli olduğu iddialarını da yada sala bilərik. Qonşusu Meksika ilə divarın tikilməsi də məhz Trampın dövlət başçılığında öz aktuallığını tapmışdı. İndiki vəziyyətə gəldikdə isə Tramp bir günə Ukrayna müharibəsini dayandırmağa söz verir. Yenə sona qədər İsrailin yanında olduğunu söyləyir. Onun bu cür tavırları bir tərəfdən, Rusiyaya sərf edir, lakin İrana isə sərf etmir. Bax belə bir paradoks yaranır. Azərbaycana gəldikdə isə düşünürəm ki, Əliyev Trampla dil tapacaq. Trampın əvvəlki prezident dövründə o, Azərbaycanla kifayət qədər normal münasibətlər qurmuşdu. Bu tendensiyanın davam edəcəyini düşünürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla