AZ

Zamana sığmayan Lider: Heydər Əliyevinidarəçilik və varislik fəlsəfəsi - FOTO

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun bu adda kitabı indiki və gələcək nəsillərin tariximizin Ulu Öndər mərhələsinin öyrənilməsi üçün zəngin mənbədir

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi münasibətilə Qarabağın tacı Şuşadan xalqa müraciətində bu fikirləri səsləndirməklə həm Heydər Əliyevin arzularının reallığa çevrildiyini, həm də Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaratdığı möhkəm təməl üzərində şah əsəri olan müasir müstəqil Azərbaycanın Zəfərə qovuşduğunu diqqətə çatdırdı. Bu gün güclü, qüdrətli, ərazi bütövlüyü və suverenliyi tam təmin olunan Azərbaycanla qürur duyuruq. Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin fikirlərinə istinad etsək, dahi şəxsiyyət bildirmişdir: “Nə qədər ki Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» Ümummilli Liderin bu fikirləri Onun Azərbaycan üçün gördüyü işlərlə bərabər, uzaqgörənliyinin təqdimatıdır. Belə ki, 2003-cü ildə xalqa tarixi müraciəti Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətləri sırasındadır. 2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanın möhtəşəm uğurlara imza atmasını şərtləndirdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etdi ki, əsəriniz olan Azərbaycana yeni-yeni zəfərlər qazandıracağıq.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə həsr olunan saysız-hesabsız kitablar çap olunub, elmi məqalələr yazılsa da yenə də yeni nəşrlərə, araşdırmalara böyük ehtiyac duyulur. Çünki dahi şəxsiyyətin fəaliyyətinin hər bir sahəsi bir tədqiqat mövzusudur.
Bu nəşrlər sırasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı özünəməxsusluğu ilə diqqət çəkir. Kitabda Heydər Əliyevin görkəmli dövlət xadimi və Ümummilli Lider zirvəsinə yüksəlməsinin mərhələləri elmi əsaslarla şərh edilmişdir. Hər zaman qeyd etdiyimiz kimi, dövlət qurmaq, müstəqil yaşamaq hər xalqa nəsib olmur. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, adı dövlətçiliyin simvoluna çevrilən Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Bu fakt da inkaredilməzdir ki, tarixi şəxsiyyətlərin ideyaları daim ölkənin tərəqqisində, gələcəyə inamla addımlamasında bir mayak rolunu oynayır. Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı bu ideyaların reallığa çevrilməsi fonunda Azərbaycanın hər kəsi heyrətləndirən uğurlara imza atdığını əsaslı şəkildə diqqətə çatdırır. Bu nəşr Ümummilli Liderin Azərbaycan üçün gördüyü işlərin zamana sığmadığını nümayiş etdirir, hələ bundan sonra neçə illər keçsə belə yenə də yeni nəşrlərin çapına ehtiyacın olacağına çağırış edir. Azərbaycanın hər bir uğuru dahi şəxsiyyət Heylər Əliyevin adı ilə bağlıdır. Sözügedən kitabın müəllifi bu məqamları əsaslı şəkildə şərh edərək oxuculara çatdırır. Bu nəşrlər o dövrü görməyən, o dövr haqqında məlumatı olmayan gənclərin Azərbaycanın tarixinin Heydər Əliyev mərhələsinin daha dərindən öyrənilməsinə yardımçı olan zəngin mənbədir.

Sadiq Qurbanov sözügedən kitabı vasitəsilə əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində görülən işlərin ümumi mənzərəsini təqdim edir. Müəllif bildirir ki, bu ideologiyanın əsas tərkib hissəsi olan dilimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi əsas prioritetlər sırasındadır. Bu gün belə bir reallıq beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan ənənələri olan dövlətdir. Milli-mənəvi dəyərlərimizin, tariximizin qoruyucusu olan Ümummilli Lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirdi, diaspor quruculuğunu dövlət siyasətinin əsasına çevirdi. Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı olan bu nəşrdə dahi şəxsiyyətin müəllifi olduğu azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl milli birlik platforması kimi təqdim edilir. Diqqətə çatdırılır ki, dahi şəxsiyyətin zəngin idarəçilik fəlsəfəsi Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas etdi. Bu idarəçilik, həmçinin Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirən neft strategiyasının həyata keçirilməsinə yol açdı. O da vurğulanır ki, dahi rəhbər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları bu gün Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsində aydın ifadəsini tapır.

Kitabda son 20 ildə Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü titanik işlər, Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəlməsi geniş yer alır. Bir sözlə, Sadiq Qurbanov “Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” əsərində Azərbaycanın bütün bu reallıqlarını elmi əsaslara söykənərək oxucularına çatdırır.

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2024-cü ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin siyahısında yer alan Sadiq Qurbanovun “Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı elmi monoqrafiyasına dəstəyimi bildirir və uğurlu nəticə qazanacağına inanıram.

Südeif İmamverdiyev
Tibb elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,
“91-lər”in üzvü, YAP Veteranlar Şurasının üzvü,

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla