AZ

Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 

Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevə son vaxtlar artan ehtiramı, hörməti xüsusilə diqqət çəkir. Prezidentlərin Moskva görüşündə bu, daha açıq göründü. Rusiya mediası Putinin Əliyevi maşına qədər yola salmasını, kortej tərpənənə kimi gözləməsini xüsusi reportaj kimi yayıb. Kreml rəhbərinin jesti Azərbaycanda da diqqət çəkib. Bu, İlham Əliyevin timsalında Rusiyanın Azərbaycana olan pozitiv münasibəti kimi dəyərləndirilir. 
 
Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişaf tempinə malik olması heç kimə sirr deyil.
 
Deputatın sözlərinə görə, qonşularla münasibətlər Azərbaycan dövləti üçün ön sırada dayanır:
 
“Rusiya Azərbaycanın şimal qonşusudur və bizim bu ölkə ilə çox sıx iqtisadi əməkdaşlığımız, uğurlu siyasi dialoq mühitimiz var. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son işgüzar səfəri bunu bir daha təsdiqlədi. Eyni zamanda Rusiya və Azərbaycan mətbuatı da Vladimir Putinin İlham Əliyevə xüsusi diqqətlə yanaşdığını, hörmət göstərdiyini, ehtiram bəslədiyini diqqətə çatdırıb. Fikrimcə, bu, təsadüfi deyil. Əvvəla, Azərbaycan Prezidentinə bütün dünyada çox böyük diqqət, ehtiram var. Bunun səbəbini ilk növbədə onda tapmaq lazımdır ki, XXI əsrdə işğal altında olan ərazilərini hərbi-siyasi yolla geri qaytara biləcək ikinci lider yoxdur. Yeganə lider Azərbaycan Prezidenti İlham Əliyevdir”.
 
 
Deputat İlham Əliyevin tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb:
 
“Cənab Prezident 30 il ərzində işğal altında qalan torpaqlarda ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib, indi də bir güllə atmadan Qazaxın 4 kəndini geri qaytarıb. Eyni zamanda Rusiya sülhməramlılarının vaxtından tez Azərbaycandan çıxarılmasını təmin edə bilib. Qeyd etdiyim hadisələrin hər biri tarixi hadisələrdir və hesab edirəm ki, bütün dünya bu prosesi diqqətlə izləyir. Onlar da Azərbaycan Prezidenti İlham Əliyevin sözün həqiqi mənasında nadir şəxsiyyətdir olduğunun fərqindədirlər. Rusiyada bu məqama xüsusi diqqət edir, həssaslıqla yanaşırlar. Putin Azərbaycan Prezidentinin mahir diplomat, dünya səviyyəli siyasətçi olduğunu yaxşı anlayır. Bugünkü dünyamızda dövlətin böyüklüyü heç də onun ərazisinin böyüklüyü və əhalisinin sayı ilə ölçülmür. Dövlətin böyüklüyü onun siyasi liderinin bacarığı, xarizması və öz dövlətinin milli maraqlarını hansı səviyyədə təmin etməsi ilə ölçülür. Bu nöqteyi-nəzərdən Vladimir Putinin İlham Əliyevə olan hörmətinin, izzətinin, ehtiramının motivlərini başa düşmək mümkündür”.
 
E.Nəsirov deyib ki, burada məsələ yalnız Rusiya ilə bağlı deyil:
 
“ABŞ-nın dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula von Der Leyen İlham Əliyevə 5 aprel Brüssel görüşü ərəfəsində zəng edir və sanki Azərbaycan Prezidentinə hesabat verirdilər. Onlar ölkə başçımızı 5 aprel görüşünün Azərbaycanın milli maraqlarına zidd olmadığına inandırmağa çalışırdılar. Bundan başqa, Blinken tez-tez Azərbaycan Prezidentinə zəng edir və ikitərəfli münasibətlər, eləcə də bir sıra məsələləri müzakirə edir, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılır. Bu gün İlham Əliyev hansı beynəlxalq formda və təbirdə iştirak edirsə, ona qalib prezident kimi yanaşırlar, müzəffər sərkərdə kimi qiymət verirlər və biz özümüz də bir Azərbaycan xalqı olaraq bununla qürur duyur, fəxr edirik. Fəxr edirik ki, bizim bu gün dünya səviyyəli bir liderimiz var, o da cənab İlham Əliyevdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla