AZ

“Düşünürəm ki, ikinci yer də pis nəticə deyil”- Məhəmməd Muradlı

Xəbər verdiyimiz kimi, kişi şahmatçılar arasında ölkə çempionatına yekun vurulub.

Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli kimi yığma üzvlərinin qatılmadığı turnirin finalında Aydın Süleymanlı Məhəmməd Muradlıya qalib gəlib. Yeni çempion Aydının fikirləri ilə tanış olubsuz. Bu dəfə Məhəmmədin turniri dəyərləndirməsini istədik:

"Finala kimi hər şey qaydasındaydı. Yarımfinalda Vüqar Rəsulova qarşı ilk oyunda yaxşı oynamasam da, sonradan toparlanıb qalib gəlməyi bacardım. Finalda turnirin iki ən güclü şahmatçısı qarşılaşırdı. Burda kim qalib və ya məğlub olsaydı, təəccüb doğurmayacaqdı. Elə alındı ki, mən finalda Aydından daha çox səhv etdim. Təbii ki, bu da məğlubiyyətimə səbəb oldu. Turnir mənim üçün ümumilikdə normal keçdi. Çempion ola bilmədim deyə bir qədər kefim pozulsa da, nəticəni yaxşı qiymətləndirərdim. Reytinq əmsalımı artırdım və AÇ-yə vəsiqə qazandım. Düşünürəm ki, ikinci yer də pis nəticə deyil. Ölkə çempionatı ümumilikdə çətin turnirdi. Hər kəs bir-birini tanıyır. Buna görə də rəqibləri çaşdırmaq rahat olmur. Bu turnirin stressi başqalarından daha çox olur. Milli komandadakı şahmatçıların iştirak etməməsi mübarizənin gərginliyini azaldır. Onlar iştirak edərsə, daha gərgin və daha maraqlı olardı. Çoxları elə düşünür ki, biz onların iştirak etməməsinə sevinirik, belədə bizim üçün yer tutmaq daha rahat olur. Amma belə deyil. Şəxsən mən istəyərdim ki, milli komandanın üzvü olan bütün şahmatçılar ölkə çempionatında iştirak etsin. Gücümüzü sınayaq, uğurlu olmağa çalışaq".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla