AZ

ƏHD sədrindən önəmli təkliflər. Yeni parlament seçkiləri "sosial lift"i işə sala biləcəkmi?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ƏHD partiyasının sədri Qüdrət Həsənquliyevdünən çox maraqlı bir müsahibə verib və siyasi partiyalar arasında memorandum imzalanmasını təklif edib. Siyasətçinin fikrincə, bu sənəddə partiyalar qarşıdan gələn seçkilərdə iştirakla bağlı üzərinə iki əsas öhdəlik götürməlidirlər:

1.Ölkə üzrə 83-dən çox dairədə namizəd irəli sürməmək;
2.Namizəd irəli sürmədikləri dairələrdə başqa namizədləri, o cümlədən bitərəf adayları dəstəkləməmək.

Zənnimcə, bu təkliflərə daha bir əlavə etmək yerinə düşərdi. Siyasi partiyalar namizəd irəli sürdükləri dairələrdə simvolik mübarizədən də imtina etməlidirlər.Azərbaycanın seçki praktikasından hər kəsə bəllidir ki, bəzi dairələrdə partiyalar rəsmən namizəd irəli sürsələr də, irəli sürülən namizəd fəal seçki kampaniyası aparmır və faktiki olaraq bəlli bir adayın qələbəsi üçün çalışır.

Gözlənilən parlament seçkilərində seçicilərin iştirakçılığı son prezident seçkiləri qədər yüksək olmayacaq. Bu, bəllidir. Ancaq vətəndaşlarda real rəqabətə inam olmasa, bu seçkilər Azərbaycanın həm beynəlxalq müstəvidə sıxışdırılmasına, həm də daxildəki islahatların tormozlanmasına səbəb ola bilər. Hər halda, 2020-ci ildəki növbədənkənar seçkilər nəticəsində formalaşan tərkib islahatlara gözlənilən töhfəni verə bilmədi. Bu iki riskdən yayınmağın ən yaxşı yolu seçkilərdə rəqabət mühitini təmin etməkdir.

Son prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyası sədr müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun funksional rəhbərliyi ilə sosial şəbəkələr çağında siyasi mübarizənin aparılması baxımından zəngin təcrübə əldə edib.Partiyanın bütün strukturları nəhəng çarx kimi hərəkətə gətirilib, effektiv siyasi kampaniya aparılıb, partiyanın vitrini seçicilərin ayağına gedib və elektoratla isti təmaslar qurulub. Bütün bunlar bütün resurs kateqoriyaları üzrə ölkənin ən zəngin və qüdrətli partiyası olan "Yeni Azərbaycan"ın növbəti seçkilərdə qələbə qazanmasına tam təminat verir.Fəqət bu əminlik YAP-ın rəqabət qabiliyyətli namizədlər irəli sürməsinə mane olmamalıdır.Etiraf olunmalıdır ki, bu günə qədər hakim partiyanın namizəd göstərdiyi şəxslər arasında adı nəinki ictimaiyyətə, hətta partiyanın yerli fəallarına bəlli olmayanlara da rast gəlinib.Partiya və cəmiyyət tərəfindən mənimsənilməyən, açıq siyasi mübarizədə formalaşmamış bu cür namizədlər hansısa iri ranqlı məmurun maraqlarını təmsil edib.Əgər YAP ölkədə aparılan islahatların siyasi dayağı olmalıdırsa, namizədlərini müəyyən edərkən məhz İlham Əliyevin tanınan, ictimai-siyasi məsuliyyətə malik tərəfdarlarına üstünlük verməlidir.


Azərbaycanda islahatların uğurla davam etməsi və nəticə verməsi böyük ölçüdə qanunverici bazadan asılıdır.Ölkəmizdə demək olar ki, bütün sahələr üzrə ən zəruri qanunlar qəbul olunub. Amma bu qanunların az qala hər biri kobuddesək, xəlbirə dönüb.Qəbul edilən məcəllələ və qanunlar o qədər anlaşılmazdır ki, Konstitusiya Məhkəməsinin şərh vermək məcburiyyətində qalmadığı maddə qalmayıb. Ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələrin öyrəndikləri ilə imtahan suallarının düzgün cavabı əksər hallarda üst-üstə düşmür ona görə ki, normalar az qala hər həftə dəyişir.Qanunların parlamentdə dolğun müzakirə olunmaması ona gətirib çıxarıb ki, məsələn hazırkı Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyalar bir çox hallarda totalitar SSRİ dövründəki Cinayət Məcəlləsi ilə müqayisədə daha sərtdir və müasir hüququn prinsipləri baxımından qüsurludur.Yaxud İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləğinin müəyyən edilməsi ilə bağlı konkret kriteriya mövcud olduğu halda, təyin edilən cərimələrin böyük bir qismi bu kriteriyaya sadəcə olaraq cavab vermir.Ölkədə istehsalın, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək üçün Vergi Məcəlləsi başda olmaqla iqtisadiyyatı tənzimləyən bütün qanunlar yenilənməlidir. Mülki Məcəllənin yenidən işlənməsi zərurəti, bildiyim qədər, artıq dövlətin də diqqətindədir. Zəfərdən sonrakı dövrdə ədaləti təmin etmək üçün ölkənin qanunverici bazasının kökündən dəyişdirilməsi labüddür.Ancaq bu işi müxtəlif "oliqarx"ların təsirində olan merkantil mandat sahibləri deyil, İlham Əliyevin gerçək ideoloji tərəfdarları görə bilər.YAP-ın öz namizədlərini müəyyənləşdirərkən ideoloji-intellektual bağlılığı əsas götürməsi real seçki rəqabətinin formalaşmasına təkan verəcək ən ciddi amil olacaq.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla