AZ

Türkiyə-Ermənistan sərhədi açılır? – Ankardan İrəvana Azərbaycanla bağlı TƏLƏB

“Ermənistan və Türkiyə arasındakı “Marqara” sərhəd-keçid məntəqəsinin texniki təchizatı və oradakı hazırlıq işləri çoxdan bitib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq Araz çayı üzərində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinin açılması ehtimallarından danışıb.

T.Abbasov söyləyib ki, hazırda həmin nəzarət-buraxılış məntəqəsində cüzi məsələlər qalıb ki, Türkiyə tərəfi hələlik bu məntəqənin açılışına tələsmir.

“Burada bəlli olan odur ki, Qərb canfəşanlıq edir ki, Ermənistanla Türkiyənin barışığı tez bir zamanda baş tutsun. Əlbəttə ki, bu məsələni həm də regional konyunktura çərçivəsində nəzərdən keçirməliyik. Türkiyə Cümhuriyyətinin özünün bu məsələyə yanaşması ondan ibarətdir ki, onlar əlahiddə şəkildə Ermənistanla barışığı istəmirlər. Rəsmi Ankara istəyir ki, Ermənistanla Azərbaycan barışanda, Türkiyə də Ermənistanla barışacaq ki, ondan sonra sərhəd-buraxılış məntəqələri açılacaq”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında hava reysləri həyata keçirilir, İstanbulla, Vanla əlaqələr var, lakin bunlar epizodik – çarter reysləri vasitəsilə baş tutan təmaslardır:

“İrəvanla Ankara arasında əsl barışıq onda olacaq ki, həqiqətən, Azərbaycanla Ermənistan arasında saziş imzalanacaq, ondan sonra isə Türkiyə və Ermənistanın təmasları bərpa olunacaq. Buna baxmayaraq, Qərb Türkiyədən Ermənistanla barışığı tələb edir və istəyirlər ki, sərhədlər açılsın. Çünki Qərb bilir ki, Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil və onlar ümid edirlər ki, Türkiyə biznesi iqtisadi zəmində Ermənistana yeni bir nəfəs gətirəcək. Ona görə də sərhədlərin açılması məsələsi yalnız və yalnız Türkiyədən asılıdır. Əgər rəsmi Ankara İrəvanın nəzərinə çatdırsa ki, Azərbaycanla barışıq olmadan biz Ermənistanla barışığa getməyəcəyik, belə olan halda, Türkiyə artıq Ermənistanı sövq etmiş olacaq ki, onlar süründürməçilikdən əl çəksinlər və Azərbaycanla danışıqlarda daha konkret və şəffaf yer tutsunlar. Ona görə də Türkiyənin, şəxsən isə Prezident Rəcəb Tayyip Ərdoğanın bu məsələdə İrəvana güzəştə gedəcəyinə inanmıram”.
Xatırladaq ki, Ermənistan tərəfi sözügedən nəzarət-buraxılış məntəqəsində işlərin yekunlaşdığını qeyd edərək, Türkiyə tərəfindən cavab gözlədiklərini söyləyib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla