AZ

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru: Gənclərə öz fikirlərini ifadə etmək imkanı verilməlidir

Bakı, 1 may, AZƏRTAC

“Sülh bizim regionimuz üçün böyük məna daşıyır. İcmalar daxilində olan problemlərə göz yummaq mümkün deyil”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O söyləyib ki, regional sülhün təşkil olunması əsas məsələdir. “İcmalarda tolerantlığın təşviq olunması vacib amildir. Bəzi dövlətlərdə gənclər əhalinin böyük hissəsini təşkil edir. Gənclər sosiallaşmalı və fəal olmalıdır. Cəmiyyətimizdə gənclər öz potensialı ilə seçilir.

Sülh quruculuğu haqqında danışan zaman rəqəmsal əlaqələri də qeyd etmək şərtdir. Gələcəklə bağlı düşüncələr və alternativ fikirlər varsa, bu işə süni zəka da qoşulmalıdır. Fikrimcə, gənclər bu işə fəal şəkildə qoşula bilər. Belə olan halda iştirakçılıq daha da geniş miqyasda ola bilər. Gənclərə öz fikirlərini ifadə etmək imkanı verilməlidir. Belə olan halda sülh quruculuğu daha da mümkün görünür”, - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla