AZ

Doğma yurda qayıdış

Qərbi azərbaycanlıların bu arzusu beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanır

Xalqımız müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 ilə yaxın işğal altında saxlamışdır.

Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905–1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet höküməti tərəfindən 1948–1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində diktator İosif Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.

Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indi Ermənistan adlanan tarixi torpaqlarımızda soyqırımına məruz qalmışdır. Bununla yanaşı, XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi ərazidə olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmişdir. İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi adların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə müstəqil Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır.  Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.

Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra qəti olaraq həll edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarında vaxtilə yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. Xalqımız bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır. Zorla didərgin salınmış dədə-baba yurdlarına geri qayıtmaq hər bir soydaşımızın haqqıdır. Hazırda isə tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqlarını qətiyyətlə söyləmişdir: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə başlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası da tarixi həqiqətlərin dünyaya yayılmasında mühüm əhəmiyyətə malikdir. Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan Televiziyasının işə başlaması İcmamızın fəaliyyətində yeni bir mərhələdir. Çünki İcma olaraq bizim əsas məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq və bu məsələni dünya miqyasında təbliğ etməkdir. Televiziyanın önəm və missiyasına diqqət çəkən sədr qeyd edib ki, bunun Qərbi Azərbaycan həqiqətləri sırasında mədəni irsimizin ictimaiyyətə çatdırılmasında, tarixi torpaqlarımızdakı folklor mühitimizin, son 200 ildə soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin, soyqırımlarının, erməni saxtakarlıqlarının ifşasında, tarixi ədalətin bərpasında və soydaşlarımızın tarixi yurd-yuvalarına qayıtmasında böyük rolu olacaq.

Nigar Orucova, “İki sahil”

Seçilən
120
Mənbələr
Şərh ()
Bağla

Reytinq