AZ

İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...

Mirzoyan deyib ki, ölkəsi KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir; hərbi ekspert: “Ermənistan çoxdan blokdan çıxıb, rəsmiləşdirmək üçün imza atması qalıb”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, ölkəsi KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir: Onun etirafına görə, Rusiya ilə münasibətlərdə müəyyən problemlər və aydınlıq gətirilməsi vacib olan məsələlər mövcuddur. Nazir bildirib ki, tərəflər arasında bu məsələlər üzrə dialoq aparılır: 

“Burada söhbət xüsusi diqqət və qarşılıqlı anlaşma tələb edən məsələlərdən gedir. Məncə, analoji problemlər bütün münasibətlərdə mövcuddur. Əvəzində isə Avropa İttifaqı və ABŞ daxil olmaqla, digər tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndiririk. Bura həm demokratik islahatlar, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin təminatı daxildir. İkinci ildir ki, sərhədlərimizə Avropa İttifaqının müşahidə missiyasının olması mövcud sabit vəziyyətin qorunmasına xidmət edir”. 

O həmçinin ölkəsinin hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırladıb. Mirzoyan qeyd edib ki, hərbi-siyasi təşkilat olan KTMT-nin vəzifəsi üzv dövlətlərin sərhədlərini qorumaqdır, amma onların səssizliyi Ermənistan cəmiyyətində müəyyən suallar doğurub. “Biz KTMT kimi işləməyən bir mexanizmin tərkib hissəsi olmaq istəmirik”, - nazir deyib. 

“Ermənistan hökumətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək”. Bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” nəşrinə müsahibəsində deyib. “Üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaqla bağlı İrəvanın seçimi həm də bu müstəqil dövlətin suveren qərarı olacaq. Katibliyin analitikləri qeyd edirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda təsirini proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan regional təhlükəsizlik faktorları işə düşəcək. Hesab edirəm ki, Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan qarşıdurma ehtimalı müzakirə edilərkən, tərəflərin resurs bazası və real imkanları nəzərə alınmalıdır. Ona görə də bu məsələ təhlil üçün bir tələbdir”. 

Rusiyanın baş diplomatı Sergey Lavrov isə vurğulayıb ki, Ermənistan sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə şəraitdə KTMT-nin məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir. Bu günədək Ermənistan KTMT ilə bağlı narazılıqlarını bəyan etsə də, onun tədbirlərində iştiraka qatılmasa da, ortaya konkret mövqe qoymamışdı. Artıq Mirzoyan bəyan edir ki, KTMT-dən imtina edirlər və açıq şəkildə Aİ və Qərbə inteqrasiya edirlər. Buna Kremlin cavabı nə olacaq? Ermənistan Ukraynanın gününə salına bilərmi? 

Telman

 Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan çoxdan KTMT-dən çıxıb, sadəcə, rəsmiləşdirmək üçün imza atılması qalıb. Onun sözlərinə görə, İrəvan onsuz da  bu təşkilatın yığınacaqlarında iştirak etmir, təlimlərinə qoşulmur, fəaliyyətini dondurub, faktiki olaraq, boykot qərarı verib. Ermənistan KTMT-də formal olaraq qalıb: “Ona görə də demək olar ki, blokdan de-fakto çıxmış sayılarlar. Ancaq de-yure addım atılması gözlənilir. Rusiyanın isə reaksiyası daxili qarışdırmaqla verilən cavabdır. Hazırda regionlarda, eləcə də paytaxtda etirazlar başlayıb, həmçinin parlamentdə ruspərəst deputatlar delimitasiya məsələsini qaldırıblar. Yəni Ermənistan getdikcə qaynayır. Polisin kobud rəftarı da ocağın üstünə benzin tökməkdədir. Maraqlıdır ki, Paşinyan hadisələrə laqeyd yanaşır”. T.Qasımov qeyd etdi ki, aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra Paşinyanın balanslaşdırılmış siyasət yürüdəcəyini gözləyirdi, amma daha da radikal tərəf saxladı: “Mən fikirləşirdim ki, Rusiyaya münasibətdə mövqeyini yumşaldar, amma olmadı. Ona görə Ermənistanın içərisində çalxalanma davam edəcək. Hətta müharibə riski gözləyirdim. Sadəcə, Azərbaycan addım atdı və delimitasiya başladı”. 

KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir.Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu, təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla