AZ

Baramaçılıqla məşğul olan təsərrüfatlarda kümxanalar dezinfeksiya edilir

Bakı, 2 may, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin (AXA) rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələri tərəfindən respublikanın 38 rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların ipəkqurdunun saxlanma yerlərində - kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilib. Cari ildə tut ipəkqurdlarının müxtəlif növ xəstəlik və zərərvericilərdən qorunması üçün ümumilikdə 1464 kümxanada dezinfeksiya işləri görülüb.

AXA-dan AZƏRTAC-a bildirilib ki, ölkədə baramaçılığın inkişafı ilə əlaqədar aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir.

Baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün AXA tərəfindən dezinfeksiya tədbirləri ilə yanaşı, ipəkqurdunun bəslənilməsi ilə bağlı fermerlərə, kümçülərə müvafiq məsləhət və tövsiyələr verilir. Eləcə də zərərverici və xəstəliklərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir.

Zərərvericilərə qarşı aparılan tədbirlər həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməklə fərdi mühafizə vasitələrindən (xüsusi geyim forması – kombinezon, maska, xüsusi ayaqqabı, əlcəklər, eynəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilməsi tövsiyə olunur.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla