AZ

İstismarına icazə verilən obyektlərin çıxarışla təmin olunması davam edir

Gəncə, 2 may, AZƏRTAC

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli Fərmanına uyğun olaraq, 2023-cü il iyunun 1-dək tikilən qeyri-yaşayış sahələrinin sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyət sənədlərinin təqdim olunması davam etdirilir. Bu günədək 5929 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib olunaraq aidiyyəti üzrə təqdim edilib, 384 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin olunub.

Mülkiyyət sənədlərini - qeyri-yaşayış binalarına dair çıxarışı və texniki pasportu əldə edənlər arasında paytaxt Bakı ilə yanaşı, regionlarda fəaliyyət göstərən sahibkarlar da var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Gəncədə fəaliyyət göstərən bir neçə sahibkara mülkiyyət sənədləri təqdim olunub.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər.

Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.

 

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla