AZ

Gəncliyə Yardım Fondunda əl işləri xeyriyyə sərgisi açılıb

Gəncliyə

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi “Əmanətə sahib çıxaq, körpələri sevindirək” adlı əl işləri xeyriyyə sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri, elm adamları və QHT rəhbərləri iştirak ediblər.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək sərgiyə gələnlərə təşəkkürünü bildirib. Fondun 32 illik təhsil, humanitar yardım və sosial fəaliyyətlərindən bəhs edərək, ənənə halını almış Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan sərginin əhəmiyyətindən danışıb.

Sonra mədəniyyətimizin təməlində olan xeyriyyəçilik işlərindən danışaraq, bu ilki xeyriyyə sərgisindən əldə edilən vəsaitin “Əmanətə sahib çıxaq, körpələri sevindirək” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına sərf olunacağını vurğulayıb. Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfirinin həyat yoldaşı Leyla Bağcı çıxış edərək sərginin təşkilində əməyi keçən Azərbaycan və Türkiyəli xanımlara təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxışında tariximizdə xeyriyyəçilik ənənələrinə diqqət çəkib və Türk dünyasında xeyriyyəçilik ənənələrindən bəhs edib.

Qardaş ölkənin Azərbaycandakı səfirliyinin Din xidmətləri müşaviri İhsan Açık İslam tarixində qadınların rolu və onların bəşəriyyət tarixinə verdiyi töhfələrdən söz açıb.

Türkiyənin Qazi Universitetin protektoru Yücel Gelişli Fondun Azərbaycandakı xeyriyyə tədbirlərini yüksək qiymətləndirib.

“Aydınlığa Doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli çıxış edərək Gəncliyə Yardım Fondunun hər zaman ehtiyacı olanlara dəstək olduğunu vurğulayıb.

Sonda təşkilat komitəsi adından çıxış edən Cəlalə Nəzəroğlu sərginin ərsəyə gəlməsindəki məqsədlərdən söhbət açıb. O, bu xeyriyyə işində dəstək olan hər kəsə minnətdarlığını bildirib və bütün tədbir iştirakçılarını sərgidə fəal iştiraka dəvət edib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə hər il ənənəvi olaraq Azərbaycan və Türkiyə xanımlarının əl işləri xeyriyyə sərgisi təşkil edilir. Bu il üç gün davam edəcək sərgiyə maraq böyükdür.

 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla