AZ

Bakıda dəhşətli qətl: atasından işgəncə görən oğul onu öldürdü – Şok təfərrüat

Bakının Nizami rayonunda 1993-cü il təvəllüdlü Pərvin Yusifov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1968-ci il təvəllüdlü Rəsul Yusiflini qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2023-cü il iyulun 8-dən 9-na keçən gecə saat 2 radələrində ailəsi ilə birgə yaşadığı evin eyvanında siqaret çəkdiyinə görə Elvinə atası Rəsul bir şillə vurub.

Pərvin tez-tez təkrarlanan epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşı Elvinə qarşı etdiyi zorakılıq hərəkətlərinə görə atası Rəsula irad bildirib.

Mübahisədən sonra Pərvin əvvəllər də atasının analoji hərəkətlərə yol verdiyinə görə gecə saat 02.30-da mənzilin mətbəxindən bıçaq götürərək atasının olduğu yataq otağına daxil olub.

Pərvin çarpayıda yarı uzanıqlı, ayıq vəziyyətdə olan atasına çoxsaylı zərbələr vurub. Rəsul aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası, anası və qardaşı ilə birlikdə yaşayıb:

“Hadisə günü qardaşım eyvanda siqaret çəkirdi. Atam otağa girəndə qardaşımın siqaret çəkdiyini gördü. Bundan sonra qardaşım içəri keçdi. Atam qardaşıma siqaret çəkməsi ilə bağlı irad bildirərək ona əvvəlcə bir şillə vurdu. Daha sonra onu evdən çölə çıxartmaq istədi. Qardaşım çıxmaq istəmədikdə atam ona təkrar bir şillə də vurdu.

Qardaşım əsəbləşdi, özünü arxaya çəkdi. Atam onu zorla evdən bloka çıxarmaq istədi. Mən araya girib atama belə etməməsini dedim. O da öz otağına getdi. Qardaşımla oturub televizora baxdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman qardaşı başının ağrıdığını deyib: “Atamın şilləsindən sonra onun başı ağrımağa başladı. Atamın hərəkətinə əsəbləşdiyim üçün yata bilmədim. Hava isti olduğuna görə su içmək üçün iki dəfə mətbəxə getdim. Üçüncü dəfə gedəndə mətbəxdə bıçaq gözümə sataşdı. Bıçağı götürüb atamın yatdığı otağa girdim. Atam həmin vaxt yatılı deyildi, sadəcə uzanmışdı.

İçəri girib otağın işığını yandırdım. Atam gözünü açıb, nəyə görə gəldiyimi soruşdu. Onun üstünə getdim və düşündüm ki, əlimdə olan bıçağı görmədi. Atamı bıçaqla vurmağa başladım. Harasından vurduğumu bilmirəm. Lakin çoxsaylı zərbələr vurduğumu xatırlayıram. Hadisədən sonra evdən getdim. Əməlimdən çox peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, qardaşı uşaqlıqdan xəstədir, buna baxmayaraq, orta məktəbi 11-ci sinifə kimi oxuyub: “Atamın mənimlə və qardaşımla münasibəti yaxşı olsa da, siqaret çəkdiyinə görə qardaşıma hirslənirdi. Hadisə vaxtı qardaşım atamın evdə olduğunu bilirdi. Onun siqaret çəkməsinə icazə vermədiyini bildiyi halda atamı saymadı”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən həyat yoldaşının sözlərinə görə, hadisə günü evdə deyilmiş: “İşdən gəlib qonşunun evinə getdim. Qonşu qadın yaşlı və tək olduğu üçün adətən gecələr onun yanında qalıram. Getdikdən təxminən 15 dəqiqə sonra evimizdən səs eşitdim. Qayıdanda öyrəndim ki, oğlum Elvin siqaret çəkdiyinə görə yoldaşım ona şillə vurub. Pərvin də buna dözə bilməyib atasını bıçaqlayıb”.

Hüquqi varis qeyd edib ki, o, səsi eşidib və öz evlərinə girəndə evdə sakitlik olub: “Uşaqlarıma irad bildirdim, səslərinin qonşuya getdiyini söylədim. Hadisənin baş vermə anını isə görməmişəm. Mən evə girəndə qapıda Pərvinlə qarşılaşdım. O, həmin vaxt çölə çıxdı.

Pərvinin özü də tam sağlam deyil. Paltarlarını həmişə tərs geyinir, ayağını xalçanın üstünə basmır, əllərini tez-tez sabunlayır. Ona söz demək mümkün deyil, bir söz deyən kimi qapını çırpıb gedir. Bununla bağlı Pərvini həkimə aparmamışıq. Yoldaşım çox əsəbi insan idi, uşaqlarımın üstünə çox gedirdi. Uşaqları çox döyür, dərslərini oxumadıqları zamanı onları çölə çıxarır, qapını bağlayıb evə buraxmırdı”.

İş üzrə şahid qismində ifadə verən Elvinin sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində baş verib: “Hadisədən əvvəl saat 23 radələrində eyvanda siqaret çəkirdim. Eyvanın qapısı açıq idi. Atam otağa girəndə məni görməsin deyə 5-6 saniyə eyvanda gizlənərək atamın getməsini gözlədim. Siqaret çəkməyimi görsə məni döyəcəyini bilirdim. Əvvəllər atam məni tez-tez döyürdü, çox şiddətə məruz qalmışam.

Eyvanda bir az gözlədim və atamın getmədiyini gördüm. Başqa çarəm olmadığı üçün içəri girdim. Atam siqaret çəkdiyimi başa düşdü. Əvvəlcə məni evdən qovmaq istədi, qapını açaraq bayıra çıxarmağa çalışdı.

Mənim əvvəldən atam ilə münasibətim yaxşı olmayıb. Mən evin ərköyünü olmağa çalışan oğlu olmuşam. Amma bacarmamışam. Atam buna imkan verməyib. Ən balaca səhvimə görə məni telefon kabeli ilə boğub. İpin bir ucunu qapının dəstəyinə bağlayıb, digər ucunu isə boğazıma keçirərək məni boğmağa çalışıb. Uşaq yaşlarımdan 27 yaşına kimi atamdan çox şiddətlər görmüşəm. Dəfələrlə səbəbsiz yerə məni şillələyib”.

Elvin qeyd edib ki, hadisədən bir qədər əvvəl siqaret çəkdiyi üçün atası qolundan tutub və evin qapısından çölə atmaq istəyib: “Əsəblə bağlı problemlərim olduğu üçün onun qolundan tutaraq dartdım, qapını çırparaq örtdüm. Atamın əli çox ağır idi.

Uşaq yaşımda meningit xəstəliyi keçirdiyim üçün eşitmə zəifliyim var. Eyni zamanda epilepsiya xəstəliyindən əziyyət çəkirəm. Mənə şiddət göstərmək, zəif şillə belə vurmaq olmaz. Bunu bildiyi halda atam məni şillə ilə qulağımdan vurdu. Qulağım cingildədi, çox pis ağrıdı. Qardaşım bu vəziyyətimi gördü.

Bu hadisədən sonra atamla qardaşım mübahisə etməyə başladılar. Atam bizə siqaret çəkməyə icazə vermədiyini dedi. Qardaşım da atama mənimlə işinin olmamasını söylədi. Düşündüm ki, söhbət bağlandı. Buna görə də gedib yatağımda uzandım. Qardaşım başımın ağrısına görə yata bilmədiyimi gördü.

Bundan sonra səs eşitdim. Atamın otağına getdim. Lakin gecikdim. Otağa girəndə atam artıq yerdə idi. Təxminən 2-3 dəqiqədən sonra qanitirmədən öldü”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərvin 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
83
33
Mənbələr
Şərh ()
Bağla