AZ

Ərdoğan 8 ildən sonra bu gün CHP sədri ilə görüşəcək - Türkiyə üçün MÜHÜM GÜN

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyasının - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə görüşəcək. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş bu gün saat 16:00-da Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçiriləcək. 


Görüşdə siyasi, sosial və iqtisadi xarakterli vacib məsələlərin müzakirə ediləcəyi gözlənilir. İclasda ölkənin gələcəyini formalaşdıracaq yeni konstitusiya və regional sülhün təmin edilməsi üçün atılacaq addımlar diqqət mərkəzində olacaq. İki liderin İsrailin Qəzzaya hücumları və Fələstin məsələsi kimi regional məsələləri də müzakirə edəcəyi gözlənilir. 


CHP sədri Özgür Özəl görüşdən əvvəl partiyasının keçmiş sədrləri Hikmət Çetin, Altan Öymen, Kamal Kılıçdaroğlu və Murat Karayalçın ilə görüşüb, onların fikirlərini öyrənib. 


Bu gün keçiriləcək toplantı Türkiyə siyasi gündəminin mərkəzində olacaq. Çünki Ərdoğan ana müxalifət partiyasının sədri ilə uzun müddətdir ki, görüşmürdü. AKP və CHP liderləri 2016-cı ildən indiyə qədər görüş keçirməyiblər, hər iki təşkilatda bir-birinə qarşı küskünlük hökm sürüb. 


Siyasi analitiklər buna səbəb kimi CHP-nin əvvəlki sədri Kamal Kılıçdaroğlu ilə Ərdoğanın münasibətlərinin gərgin olmasını göstərirlər. Bununla yanaşı hər seçkidə AKP-nin qələbə qazanması CHP ilə hər hansı müzakirənin aparılmasına ehtiyac yaratmırdı. Amma 2024-cü ilin martında bələdiyyələrə keçirilən seçkilərdə CHP-nin qələbə qazanması ana müxalifət partiyasının təsir imkanlarını artırdığından iki siyasi təşkilat arasında təmasları artıracaq.   


Açıqlamalara görə, bu görüşdə Ərdoğan yeni konstitusiyanın hazırlanmasında CHP-dən dəstək istəyəcək, Özgür Özəl isə bələdiyyələrin borclarının silinməsi və onların gəlir mənbələrinin artırılması kimi mövzuları qabardacaq. 


Vasif

Seçilən
85
17
Mənbələr
Şərh ()
Bağla