AZ

Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar: “Bu, hələ ki real görünmür”-Millət vəkili

“Delimitasiya və demarkasiya işlərinin 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun aparılması ilə bağlı heç bir mübahisəli məqam yoxdur. Çünki aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və delimitasiya, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə bu barədə rəsmi razılıq elan olunub. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, 1993-cü il “təmas xətti” təklifini gündəmə gətirənlər destruktiv qüvvələrdir və onların dəstəkçisi yoxdur:

” Paşinyan da etiraf edib ki, ermənilər Qazaxın kəndlərinin qaytarılmasına yalnız sevinə bilər və kəndlərin qaytarılması “Ermənistanın ərazi bütövlüyünün düzəldilməsi üçündür”. Yəni, rəsmi İrəvan anlayır ki, sərhəd sülhün əlamətidir, bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

Millət vəkili Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlara da münasibət bildirib:

“Ermənistanda hakimiyyət dəyişikliyi hazırda real görünmür. Daxildəki radikal qrupların ciddi dəstəyi yoxdur. Onlar bu pozucu fəaliyyətlə kənardan dəstək almağa çalışırlar. Amma hələ ki, Qərb də, Rusiya da Paşinyanın hakimiyyətdə qalmasında maraqlı görünür. Doğrudur, Paşinyanın ikibaşlı oyunları Moskvanı qıcıqlandırır. Lakin Kreml yaxın müddətdə forpostunda hakimiyyət dəyişikliyinə maraq göstərmir. Belə bir niyyət olsa, Rusiya əlindəki təzyiq vasitələrindən istifadə edərdi. Belə ki, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edə, əmək miqrantlarını sıxışdıra bilər ki, eyni zamanda enerji qiymətləri kəskin bahalaşa bilər ki, bu da qısa müddətdə Ermənistanda sosial etirazların pik həddə çatması demək olar. Amma hələ ki, Moskva forpostuna bəyanatlarla təzyiq edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla