AZ

Əgər bu baş verərsə, sözsüz ki, sülhün əldə olunması daha real görsənər - Politoloq

Bu gün Azərbaycan və Ermənistan ərazisində de-fakto olaraq sülh mövcuddur. Artıq neçə aydır ki, sərhəddə sülh şəraitinin hökm sürdüyünü görmək mümkündür. Lakin proseslərin məntiqi davamı olaraq sülh müqaviləsinin imzalanması da vacib şərtlərdəndir. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh müqaviləsinin maddələrindən birində Ermənistanın konstitusiyasında  dəyişiklik etməsi göstərilib. Ermənistanın bu maddəyə razı olması mütləqdir. Qarşı tərəf isə prosesi uzatmaqda davam edir. 

Mövzunu Herbiand.az-a şərh edən politoloq Sultan Zahidov qeyd edib ki, siyasətdə real olmayan bir şey yoxdur. Yəni ən son 4 kəndin qeyri-hərbi yolla Ermənistan tərəfindən geri verildiyinin bəyan edilməsi, iki il öncə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi və digər bu kimi hadisələr onu göstərir ki, konstitusiyanın dəyişilməsi də Ermənistanda baş verə bilər:

“Bununla bağlı Paşinyan artıq bir neçə aydır ki, ölkə daxilində ciddi təbliğat aparır. Dəfələrlə Paşinyan və onun hökumət üzvləri konstitusiyanın dəyişilməli olduğunu vurğulayıblar. Ən son açıqlamalarından birində Paşinyan qeyd edib ki, real Ermənistanla tarixi Ermənistan arasında artıq sərhəd xətt çəkməyin vaxtıdır. Yəni bu o deməkdir ki, artıq Paşinyan özü də Ermənistanın gerçək olmayan miflərə əsaslanaraq siyasət yürütməyin əleyhinə çıxış edir. Yəni söhbət “ Böyük Ermənistan” “soyqırımı” məsələlərindən gedir”.

Politoloqun sözlərinə görə, Ermənistanın konstitusiyanın preambulası 1990-cı ildə imzalanmış müstəqillik bəyannaməsinə əsaslanır. Və həmin bəyannamədə açıq şəkildə görünür ki, Ermənistanın məqsədi Qarabağı özünə birləşdirməkdir:

“Belə bir bəyannaməyə əsaslanan konstitusiya, sözsüz ki, Azərbaycan tərəfindən heç cür qəbul edilməz. Çünki belə bir konstitusiyanın olması faktiki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qaldığı anlamına gəlir. Bu cür konstitusiyalı bir ölkə ilə Azərbaycanın hansısa bir saziş imzalaması, münasibətlərin normallaşdırılması müşkül məsələdir. Ona görə də sülh müqaviləsinin şərti kimi və yaxud da ki, sülh müqaviləsinə bir ön şərt kimi konstitusiyada dəyişiklik edilməsi vacib tələbdir”.

Politoloq bu məsələnin müəyyən qədər vaxt alacağını istisna etmir:

“Bu tez baş verə bilməz. Hal-hazırda Paşinyan rejimi çalışır ki, daxili auditoriyanı müəyyən qədər bu hadisəyə hazırlaşdırsın. Yəni müxtəlif yerlərdə görüşlər həyata keçirməklə insanlara bunun zəruriliyini anlatmağa çalışır. Amma buna qarşı çıxan qüvvələr də mövcuddur. Sözsüz ki, mühafizəkarlar var. Daşnaksutyunun dəstəklədiyi revanşist qüvvələr var ki, onlar heç bir halda konstitusiyanın dəyişməsini istəmirlər. Bu da sözsüz ki, ölkə daxilində müəyyən narazılıqların yaranmasına gətirib çıxarır. Amma bütün bunlara baxmayaraq, bu şərt təmin olunmalıdır ki, iki ölkə arasında normal münasibətlər baş versin. Əks təqdirdə, reallıq odur ki, konstitusiya ölkənin ən əsas qanunverici aktıdır. Və burada digər ölkənin ərazilərinə iddialar yer alırsa, hansısa münasibətlərin normallaşmasından danışıla bilməz. Onu da qeyd edim ki, tarixdə bu cür hallar əslində çox baş verib. Nümunə olaraq, qeyd edim ki, İrland münaqişəsi 1998-ci ildə “qızğın cümə günü” razılaşması ilə bitdi. Həmin razılaşmanın maddələrindən birində də qeyd olunurdu ki, İrlandiya öz konstitusiyasını dəyişərək Britaniyaya qarşı ərazi iddiaları məsələsinə son qoymalıdır. Və bu baş verdi. Bununla da münaqişə həll olundu. İndi də analoji addımı biz Ermənistan tərəfindən gözləyirik. Əgər bu baş verərsə, sözsüz ki, sülhün əldə olunması daha real görsənər”.

Elnurə İSAXAN

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla